Rusiya və Belarus Milli Olimpiya Komitələri 2024-cü ildə Parisdə keçiriləcək Yay Oyunlarına dəvət almayacaq.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, bunu Beynəlxalq Olimpiya Komitəsi (BOK) elan edib.
BOK 2024-cü il Olimpiadasının başlamasına bir il qalmış əvvəlcədən təyin olunmuş tarixdə - iyulun 26-da dəvətlərin göndərilməyəcəyinə aydınlıq gətirib. Bu o demək deyil ki, rusiyalı idmançılar gələn yay Olimpiya Oyunlarında iştirak etməyəcək - rusların iştirakı ilə bağlı yekun qərar daha sonra, İcraiyyə Komitəsi və BOK sessiyası baş tutan zaman açıqlanacaq.
KİV-də həmçinin qeyd edilir ki, BOK-un bəyanatında rusların və belarusların Olimpiadaya neytral statusda buraxıla biləcəyinə dair “işarələr” var.
Kreml BOK-un qərarına reaksiya verib. “Biz bunu ədalətli hesab etmirik. Bizim mövqeyimiz yaxşı məlumdur. Biz idmanın siyasiləşdirilməsinin qəti əleyhinəyik”, - prezidentin mətbuat katibi Dmitri Peskov bildirib.