"Yuventus"un futbolçusu Pol Poqba antidopinq qaydalarını pozduğuna görə diskvalifikasiya edilib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi 4 il müddətinə futboldan uzaqlaşdırılıb. Qeyd olunur ki, məhkəmə dopinqin futbolçu tərəfindən təsadüfən qəbulu ilə bağlı müdafiə variantına inanmayıb.
Poqbanın uğursuz dopinq testi 2023-cü ilin sentyabrında məlum olub. Avqustun 20-də İtaliya çempionatının birinci tur matçından sonra fransalıdan götürülmüş nümunədə testosteron metabolitlərinin aşkarlandığı bildirilib. A nümunəsi kimi B nümunəsi də müsbət nəticə verib.
Poqba 2022-ci ilin iyulunda "Mançester Yunayted"dən "Yuventus"a qayıdıb. O, 2012-2016-cı illərdə azad agent kimi çıxış etdiyi komanda ilə müqavilə imzalayıb. "Yuventus"la birlikdə fransalı 4 dəfə İtaliya çempionu olub, 2 dəfə Kubokunu və 3 dəfə ölkə Superkubokunu qazanıb. Yarımmüdafiəçi Fransa millisinin heyətində 2018-ci ilin dünya çempionu da olub.