Yüngül atletika üzrə səkkizqat olimpiya çempionu Useyn Bolt 12,7 milyon dollar itirib.
Lent.az xarici mediaya istinadla bildirir ki, iddialara görə, fırıldaqçılar idmançının Yamayka investisiya şirkəti “Stocks and Securities Limited”dəki hesabından pul oğurlayıblar. Çatışmayan vəsait yanvarın 11-də aşkarlanıb. İndi şirkət audit aparır və hələlik şərh verməkdən imtina edir. Sprinterin hesabında 12 min dollara yaxın pul qalıb.
Boltun vəkilləri “Stocks and Securities Limited”ə ultimatum veriblər. Şirkət 10 gün ərzində pulu yamaykalıya qaytarmalıdır. Əks halda idmançının tərəfi məhkəməyə gedəcəyini vəd edir.
Yanvarın 13-də Boltdan pul oğurlanması barədə idmançının meneceri Nadcet Uoker məlumat verib. Sonra o, dəqiq məbləğin adını çəkməkdən imtina edib.
2017-ci ilin avqustunda Bolt atletik kimi karyerasını başa vurub. Sonra yamaykalı peşəkar futbolçu olmaq üçün cəhdlər edib, lakin 2019-cu ilin yanvarında nəhayət idmandan getdiyini elan edib. Bolt qaçış üzrə səkkiz qat Olimpiya çempionu və 11 qat dünya çempionudur. Onun sərvəti 90 milyon dollar qiymətləndirilir.