Nənəsinin böyütdüyü Honda: “O kasetə baxıb, məst olmuşdum...” - SİRLİ ULDUZLAR
15 mart 2021 14:15 (UTC +04:00)

Nənəsinin böyütdüyü Honda: “O kasetə baxıb, məst olmuşdum...” - SİRLİ ULDUZLAR

Martın 15-də Azərbaycan futbolunda dünya miqyasında tanınmış daha bir oyunçu ilə müqavilə imzalanacaq. Çempionluq mübarizəni aparan “Neftçi” klubu Yaponiya yığmasının və “Milan”ın sabiq yarımmüdafiəçisi Keysuke Hondanı rəsmən sıralarına qatacaq. Artıq Bakıda olan Honda İtaliyadan əlavə, Niderland (“Venlo” və “Vitess”), Rusiya (ÇSKA), Meksika (“Paçuka”), Avstraliya (“Melburn”) və Braziliyada da (“Botafoqo”) legioner həyatı yaşayıb. Lent.az-ın “Sirli Ulduzlar” layihəsinin budəfəki qəhrəmanı məhz haqqında bəhs etdiyimiz şəxsdir. Hondanın 3 il öncə qələmə aldığı həyat hekayəsini sizə təqdim edirik...

“Məst olmuşdum, atamdan soruşdum ki...”

“6 yaşındaydım. Bir gün atam evə əlində videokasetlə gəldi. Bu, bizim üçün xüsusi bir şey idi, çünki 90-cı illərdə Osakada sadə həyat yaşayırdıq. Otağımda dərslə məşğul idim, tapşırıqları həll edirdim. Atam içəri girdikdən sonra gülə-gülə məni yanına çağırdı və “Sənə bir şey göstərmək istəyirəm” dedi. “Nədir bu” deyə soruşdum. Atamın cavabı belə oldu: “Pele!”

Kaseti qoşanda öncə ağ-qara görüntüdən heç nə başa düşmədim. Sonra bir anda onu gördüm - Pele sağ cinahda topla hərəkət edirdi, fantastik sürətlə irəliləyirdi. Məst olmuşdum... Atamdan “Bu adam necə belə oynaya bilir” deyə soruşdum. O isə cavabında “Pele sadəcə zövq üçün oynamır, uğur qazanacağı təqdirdə ailəsini, özünü yaxşı dolandıra biləcəyini anladığı üçün bütün gücünü ortaya qoyaraq oynayır” dedi”.

“Kaseti izlədikdən sonra özümə söz verdim”

“Atam Pelenin fanatı idi, onun həyatı və karyerası haqda çoxlu məqalələr oxumuşdu. Həmin gündən mən də Pele barədə oxumağa başladım və ondan çox təsirləndim. Düzdür, biz Pele qədər kasıb deyildik, amma vəziyyətimizi ürəkaçan adlandırmaq da olmazdı. Pele futbol və futbolçular haqda fikrimi tamamilə dəyişdirdi. Onu ilk dəfə seyr edəndən sonra artıq futbola sadəcə bir oyun kimi yanaşmadım, futbol mənim üçün çıxış yoluna çevrildi. Kaseti izlədikdən sonra özümə söz verdim: nə olur-olsun, əlimdən gələn hər şeyi edib yaxşı futbolçu olacağam və dünya çempionatına qatılacağam”.

“İlk vaxtlarda yola getmirdik”

“İbtidai sinifdə oxuyarkən valideynlərim boşandılar. Mən də bu səbəbdən nənəmin - atamın anasının yanına yerləşdim. Nənəm həyatımda önəmli biridir və ona çox şey borcluyam. Amma birgə yaşamağa başladığımız ilk vaxtlarda yola getmirdik. Həyata baxışımız tamamilə fərqli idi. Olduqca kasıb ömür sürən nənəm gələcək üçün sadəcə kiçik xəyallar quran və yoxsulluğu qəbul etmiş bir qadın idi. Ailəmizin əsla zəngin olmayacağı qənaətində idi. Mən isə tam fərqli düşünürdüm”.

“Məktəbdə həmişə başım bəlaya girirdi”

“Təkcə bu məsələdə yox, başqa şeylərin üstündə də aramızda tez-tez mübahisə düşürdü. Məktəbə gecikməyim və ev işlərində ona kömək etməməyim nənəmi çox əsəbiləşdirirdi. Məktəbdə başım həmişə bəlaya girirdi, sakit uşaq deyildim və bunun üstündə də nənəm məni tez-tez danlayırdı, intizamlı olmağımı tələb edirdi. Hətta bir dəfə məni çox pis vurmuşdu. Bu cür davranışını sevmirdim, amma onun sayəsində bugünkü nizam-intizama sahibəm. Nizam-intizam mənə lazım idi. Çünki gələcək üçün böyük hədəflərim var idi”.

“Avropaya getməyi qarşıma məqsəd qoydum”

“Məktəbi bitirdikdən sonra Yaponiya Liqasındakı “Naqoya Qrampus” komandasında futbol oynamağa başladım. İlk peşəkar klubum idi, 3 illik müqavilə imzalamışdım. Son mövsümümdə Avropaya yollanmağı qarşıma məqsəd qoydum. Menecerim Niderland klubu “Venlo”ya getməyimi məsləhət gördü. Mənə bu komandada özümü yaxşı tərəfdən göstərəcəyim halda, asanlıqla daha böyük kluba keçə biləcəyimi söylədi. Ancaq “Venlo” ilə birbaşa müqavilə bağlamayacaqdım, seçim prosesinə qatılmalıydım. Bu, mənə bəs edirdi”.

“Qovulanda futbolu buraxmağı məsləhət gördülər”

“22 yaşındaydım və xəyallarım gerçəkləşirdi. “Venlo”ya götürülmüşdüm - özümü zirvədə hiss edirdim. Yanvarda qatıldığım komandaya mövsümün ikinci dövrəsində kömək etməyə başladım. Fəqət bu nöqtədə planımda olmayan bir şey baş verdi: “Venlo” ikinci liqaya düşdü.

Uğursuz olmuşdum, amma uğursuzluq mənim üçün yeni bir hiss deyildi. Vaxtilə futbol akademiyasından qovulanda da özümü bacarıqsız hiss etmişdim və hər kəs mənə futbolu buraxmağı məsləhət görmüşdü. Amma o uğursuzluq mənim üçün digərlərinin haqsız olduğunu göstərmək baxımından şans idi. Hər dəfə uğursuzluqla üzləşəndə daha çox çalışdım və özümü inkişaf etdirdim. “Venlo”dakı hadisə də mənim üçün dərs idi. Uğur qazanmaq üçün oyunumu dəyişdirməli olduğumu anladım. Başa düşdüm ki, təkcə ötürmələrlə iş bitmir, qollar vurmağı da bacarmalıyam”.

“Nə qədər bənzər olduğumuzu anladım”

“Avropada dəyişən tək oyunum deyildi. Eyni zamanda, həyata baxışım da dəyişdi. Bir-birindən fərqli ölkələrdə olmaq dünyagörüşümü artırdı. Meydandan kənarda da komanda yoldaşlarımı daha yaxşı tanımaq fürsəti əldə etdim. Onları tanıdıqca əslində nə qədər bənzər olduğumuzu anladım. Hamısı Avropa və ya Afrikada kasıb, minimum imkanlarla dolanmış ailələrdən çıxmışdı. Bir çoxu aldıqları maaşın böyük qismini ailələrinə göndərirdi - çox fədakarlıqlar edirdilər”.

“Onları heç vaxt unutmaram”

“Karyeram məni Hollandiyadan Rusiyaya, oradan İtaliyaya, sonra digər ölkələrə aparsa da, “Venlo”dakı komanda yoldaşlarımı heç vaxt unutmaram. Çünki “Venlo”dakı oyunçuların həyatı və həmin klubda qazandığım xatirələr ilk layihəm olan “Yume” vəqfinin təməlini təşkil edir. Bu vəqfin hədəfi insanlara bir xəyala sahib olmağın önəmini aşılamaq və idmançı tələbələrə maddi yardım etməkdir. Xəyal qurmaq önəmlidir, çünki sənə qarşına hədəflər qoymağı öyrədir, nəticədə uğursuzluqlar fonunda belə, üzərində çox çalışmaqla həmin hədəflərin dalınca getməyi bacarırsan. Futbolda öyrənilən dərslər adi həyatda da istifadə edilə bilər”.

“Yoxsulluğa qarşı bu yolla mübarizə aparıram”

“Vəqfin İndoneziya, Vyetnam, Tayland, Uqanda, Kamboca və ABŞ kimi fərqli ölkələrdə futbol düşərgələri var. “Yume” vəqfi 15 min uşağa yardım edir. Vəqfimizə bağlı olan 2 peşəkar komandadan qürur duyuram. Bunlardan biri “Solito Anqkor” (Kamboca), digəri isə “Brayt Stars”dır (Uqanda). Bu klublar uşaqlara xəyallarının ardınca getmək imkanı verir. Maddi cəhətdən sıxıntısı olan idmançılara kömək etmək məsələsindəki marağım məni eyni zamanda bir investora çevirir. Məncə, bununla dünyanın ən böyük problemi olan yoxsulluğa qarşı mübarizə apara bilirəm. Bu mübarizənin özülündə isə təhsil dayanır”.

“Mundial insanlığın və insanların inkişafı üçün şansdır”

“Hər dəfə Yaponiya millisinin formasını geyinəndə uşaq ikən verdiyim söz ağlıma gəlirdi. Axı dünya çempionatına qatılacağımı söyləmişdim. Bunu bacardım, özü də 3 dəfə. Hər dəfə mundialın zövqünü çıxartmağa çalışdım. Karyeranın sonuna yaxınlaşdıqca dünya çempionatının bir turnirdən daha artıq olduğunu anlayırsan. Mundial həm insanlığın, həm də insanların inkişafı üçün şansdır. Burada iştirak edən əksər futbolçu dünya çempionatında oynamaq üçün ailələri ilə birlikdə çox çətinliklərdən keçib və qarşılarına çıxan maneələri aşmaq üçün mübarizə aparıb.

Bəli, biz futbolu sevdiyimiz üçün oynayırıq. Amma bu oyun eyni zamanda bizə çox şey verir. Məncə, hər bir uşaq futbol oynamaq fürsətinə sahib olmalıdır”.

 

 

 

 

 

 

 

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9738
avatar

Rizvan Babayev

Oxşar yazılar