Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turun daha iki oyunu keçirilib.
Lent.az xəbər verir ki, günün ilk matçında “Sumqayıt” “Turan Tovuz”u qəbul edib.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda oynanılan görüşdə hesab açılmayıb.
Hazırda “gənclik şəhəri” təmsilçisi 36 xalla 2-ci, Tovuz klubu 30 xalla 8-ci pillədə yer alıb.
Günün ikinci oyunu “Neftçi” və “Zirə” komandaları arasında olub. “Neftçi Arena”da gerçəkləşən matç meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 11-ci dəqiqədə Ervin Koffi vurub.
Bu nəticədən sonra xallarını 35-ə çatdıran "ağ-qaralar" 3-cü sırada qərarlaşıb. 32 xala malik "qartallar" isə dördüncüdür.
Qeyd edək ki, turun dünən keçirilmiş matçlarında "Sabah" evdə "Kəpəz"ə 3:2 hesabı ilə qalib gəlib, "Səbail" "Araz-Naxçıvan"la heç-heçə edib - 2:2. “Qəbələ” – “Qarabağ” oyunu isə Ağdam təmsilçisinin avrokuboklardakı çıxışı ilə əlaqədar fevralın 28-nə təxirə salınıb.