Qətərdən olan investorlar yaxın günlərdə "Mançester Yunayted"i almaq təklifi ilə çıxış edəcəklər.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, onlar səhmlərin bir hissəsini almaqda maraqlı deyillər və yalnız klubun tam hüquqlu alınmasını düşünürlər.
Bildirilir ki, potensial alıcılar Erik ten Haqa klubu ingilis futbolunun zirvəsinə qaytarmaq üçün böyük transfer büdcəsi verməyə hazırdırlar.
Eyni zamanda qeyd edilir ki, sərmayəçilərin “Old Trafford” stadionunun rekonstruksiya işlərini həyata keçirmək istəyi də var. Onların klubu almaq, stadionu təmir etmək və avadanlıqları yeniləmək üçün təxminən 8 milyard funt-sterlinq xərcləmələri gözlənilir.
Qətər əmiri Tamim bin Hamad Al Tani “Mançester Yunayted”in azarkeşidir. O, klubun tarixi ilə çox yaxşı tanışdır. 2011-ci ildə Al Tani artıq Qleyzerlərə 1 milyard funt-sterlinqdən çox təklif edərək “Mançester Yunayted” in aktivlərini almağa çalışıb, lakin rədd edilib. Həmin il qətərlilər PSJ-nin səhmlərinin 70 faizini satın alıb.
Qətərlilərin “Mançester Yunayted”i almaqda əsas rəqibi kimi Böyük Britaniyanın ən varlı adamı və uzun müddətdir klubun azarkeşi olan Cim Retkliffin adı çəkilir.