“İneos” kimya şirkətinin rəhbəri, britaniyalı milyarder Cim Retkliff “Mançester Yunayted” futbol klubunu almaq niyyətində olduğunu bildirib.
Lent.az bildirir ki, bu barədə “The Times” məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Retkliff artıq danışıqlara başlayıb və komandanın satışı prosesini həyata keçirən bankda maraqlarını ilk olaraq rəsmiləşdirib. Qeyd olunur ki, iddiaçılar arasında tender fevral ayında başlamalıdır. Nəticədə, “Mançester Yunayted” mövsümün sonuna kimi yeni sahibinə keçə bilər.
“Forbes” Retkliffin sərvətini 15,5 milyard dollar qiymətləndirir. O, artıq Fransanın "Nitsa" futbol klubunun sahibidir.
2022-ci ilin dekabrında məlum olub ki, “Mançester Yunayted”in sahibi olan amerikalı sahibkarlar Qleyzerlər ailəsi onu satmaq istəyir. Müqavilə 6-7 milyard funt-sterlinq dəyərində qiymətləndirilir. Eyni zamanda qeyd olunur ki, Qleyzerlər klubun satışından İngiltərənin "Çelsi"sinin keçmiş sahibi Roman Abramoviçdən daha çox pul alacaqlar.