20 noyabr - 18 dekabr tarixləri arasında Qətərdə keçiriləcək dünya çempionatının həyəcanı sabah oynanılacaq açılış oyunu ilə başlayacaq.
Lent.az-ın xəbərinə görə, 22-ci dəfə keçiriləcək dünya çempionatının açılış oyununda ev sahibi Qətər və Ekvador qarşılaşacaq.
İtaliyalı Daniele Orsatonun hakimlik edəcəyi qarşılaşma Bakı vaxtı ilə saat 19.00-da Əl-Hor şəhərindəki 60 min nəfərlik Əl-Beyt stadionunda keçiriləcə. 32 komandanın 4-dən ibarət 8 qrupda yer aldığı tçempionatda qruplarını ilk 2 yerdə tamamlayan komandalar son 16-cı tura yüksələcək.
A-B, C-D, E-F və G-H qruplarının ilk 2 yerini tutacaq komandalar kross-matç üsulu ilə öz aralarında yarışacaqlar. Dekabrın 9-10-da keçiriləcək 1/4 finalda qalib gələn tərəflər yarımfinala yüksələcək.
Dekabrın 13-14-də keçiriləcək yarımfinalda rəqiblərindən üstün olan komandalar finalda mübarizə aparmağa haqq qazanacaq. Yarımfinalda məğlub olanlar dekabrın 17-də üçüncü yer uğrunda görüşdə üz-üzə gələcəklər. Dünya çempionatının finsal oyunu dekabrın 18-də oynanılacaq.
Tarixdə ilk dəfə qışda keçiriləcək dünya çempionatında qruplar belədir:
A qrupu: Qətər, Ekvador, Seneqal, Hollandiya
B qrupu: İngiltərə, İran, ABŞ, Uels
C qrupu: Argentina, Səudiyyə Ərəbistanı, Meksika, Polşa
D qrupu: Fransa, Avstraliya, Danimarka, Tunis
E qrupu: İspaniya, Kosta-Rika, Almaniya, Yaponiya
F qrupu: Belçika, Kanada, Mərakeş, Xorvatiya
G qrupu: Braziliya, Serbiya, İsveçrə, Kamerun
H qrupu: Portuqaliya, Qana, Uruqvay, Cənubi Koreya
Braziliya ən çox çempion olub
Bu il 22-ci dəfə keçiriləcək dünya çempionatında ən çox uğur qazanan ölkə Braziliyadır. Sambacılar 1958, 1962, 1970, 1994 və 2002-ci illərdə bu kuboku 5 dəfə muzeyə aparmağı bacarıb. Braziliyanı 4 dəfə qalib gələn Almaniya və İtaliya izləyib; Argentina 2 dəfə, Uruqvay 2 dəfə, Fransa 2 dəfə, İngiltərə və İspaniya hər biri 1 dəfə dünyanın ən güclüsü olub.
Çempion ölkənin qazancı 40 milyon dollar olacaq FİFA turnir başlamazdan əvvəl verdiyi açıqlama ilə dünya çempionatını qazanan ölkənin nə qədər gəlir əldə edəcəyini də açıqlayıb. Buna görə çempion ölkə 40 milyon dollar qazanacaq. Turniri 2-ci yerdə başa vuran ölkə 30 milyon dollar, 3-cü ölkə 27 milyon dollar, 4-cü ölkə isə 25 milyon dolları kassasına qoyacaq. Ümumilikdə 440 milyon dolların paylanacağı dünya çempionatı 400 milyon dollar mükafatın paylanacağı 2018 dünya çempionatını geridə qoymuş olacaq.
İki qardaş fərqli komandalarda
2022-ci il dünya çempionatında iki qardaş müxtəlif ölkələrin heyətində meydana çıxacaq. İspaniya La Liqa komandalarından “Atletik Bilbao”da çıxış edən Uilyams qardaşları müxtəlif ölkələr adından çıxış edəcəklər.
Daha əvvəl bir dəfə İspaniya yığmasında çıxış edən İnaki Uilyams sonradan Qana millisini seçib. İnakinin 20 yaşlı qardaşı Niko Uilyamsı İspaniya millisinin baş məşqçisi Luis Enrike 26 nəfərlik heyətə daxil edib.
Abi İnaki Uilyams Qananı seçməsinin səbəbini belə izah edib: "90 yaşlı babam dedi ki, çox ömrü qalmayıb və məni Qana milli forması ilə görmək istəyir. O, mənə bu sözləri deyəndə, daha çox düşünməyə ehtiyac yox idi.İnsanların nə düşünməsindən və deməsindən asılı olmayaraq, bu, ürəyimlə qəbul etdiyim bir qərardır”.
İilk dəfə qadın hakimlər oyun idarə edəcək
Qətərin ev sahibliyi edəcəyi 2022-ci il dünya çempionatı daha bir ilkə imza atacaq. İlk dəfə dünya çempionatında qadın hakimlər fit çalacaq. FİFA-nın müəyyən etdiyi hakimlər siyahısında yer alan fransalı Stefani Frappart, ruandalı Salima Mukansanqa və yaponiyalı Yamaşita Yoşimiyə təyinat verilərsə, dünya çempionatında oyunları idarə etmək şansları olacaq. İ
İran ən yaşlı komandadır
Komandaların FİFA-ya verdiyi 26 nəfərlik siyahılar nəzərə alınaraq, DÇ-2022-nin ən yaşlı və ən gənc milliləri də müəyyənləşib. İran 29,0 yaş ortalaması ilə ən yaşlı heyət olaraq diqqət çəkərkən, Meksika bu sahədə orta hesabla 28,5 ilə 2-ci yerdədir.
Turnirin ən gənc komandası orta yaş həddi 24,7 olan Qanadır. Bu sahədə Qananı orta hesabla 25,2 ilə ABŞ izləyir.
Çempionatın ən gənc oyunçusu Moukokodur
Komandaların namizəd siyahılarına əsasən, 2022-ci il dünya çempionatında iştirak edəcək ən gənc oyunçu Almaniya milli komandasında 18 yaşında olan Youssoufa Moukokodur. Bu sahədə alman oyunçunu 18 yaş 66 günlə avstraliyalı Qaranq Kuol və 18 yaş 107 günlə ispan Qavi izləyir.
Turnirdə iştirak edən ən yaşlı oyunçu Meksikanın qapıçısı Alfredo Talavera olub. 40 il 2 ay 2 günlə birinci yerdə olan Talaveladan sonra 39 il 9 ay 12 günlə Atiba Hatçinson və 39 il 8 ay 25 günlə Portuqaliya millisinin müdafiəçisi Pepe var.