Beş il əvvəl futbol oynayan kiçik bir uşağın fotosu sosial mediada yayılıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, uşağın əynində forma əvəzinə "Messi" yazılan plastik torbadan köynək olub.
Dünyanın hər yerindən jurnalistlər gənc qəhrəmanı axtarmağa başlayıblar. Əvvəlcə onun İraqdan olduğuna dair məlumatlar ortaya çıxıb. Amma futbolçu Əfqanıstanda tapılıb.
Onun 5 yaşlı Murtaza Əhmədi olduğu açıqlanıb. Azyaşlı Lionel Messinin pərəstişkarı olsa da, amma valideynləri ona əsl forma ala bilməyiblər. Adi plastik torbadan köynək hazırlayan böyük qardaşı bir çıxış yolu tapıb.
Bu hekayənin həm yaxşı, həm də pis davamı olub.
Yaxşı tərəfi. Messi oğlanı tapıb və ona öz imzası ilə Argentina milli komandasındakı formasını göndərib. “Barselona” isə Murtazanı Dohada keçirilən yoldaşlıq oyununa dəvət edib. Əhmədi orada öz kumiri ilə görüşüb, Messi onu hətta özü ilə meydana da çıxarıb.
Pis tərəfi. Əhmədinin ailəsində çoxlu paxıl insanlar varmış. Onların hamısı düşünüb ki, Messi oğlana pul da verir.
Oğlanın fidyə üçün qaçırılacağı qorxusu yaranıb. Beləliklə, ailə Qanzidən Kabilə köçüb.