İyulun 10-da “Mundo Deportivo” “Barselona”nın braziliyalı hücumçu Neymarı geri qaytarmaqdan imtina etməsinin səbəbləri barədə məlumat yayıb.
Lent.az bildirir ki, mənbənin sözlərinə görə, PSJ-nin hücumçusunun xidmətlərini onun agentləri Kataloniya klubuna təklif etsə də, “Barselona” rəhbərliyi Neymarın qaytarılmasının iqtisadi cəhətdən sərfəli olmayacağına qərar verib. Bundan başqa, braziliyalının komandada olması soyunub-geyinmə otağında çətinliklərə səbəb ola bilər.
Xatırladaq ki, 31 yaşlı braziliyalı hücumçu 2013-2017-ci illərdə "Barselona"da çıxış edib. 2017-ci ilin yayında PSJ Neymarın transferi üçün 222 milyon avro ödəmişdi. Bu, hələ də futbol tarixində ən bahalı transferdir.
Braziliyalı ötən mövsüm Paris klubunda 28 oyun keçirib, 16 qol vurub və 17 məhsuldar ötürmə edib. Neymarın parislilərlə hazırkı müqaviləsi 2025-ci ilin ortalarına qədərdir.