Ağasəlim Mircavadov: “Eddi İsrafilovun yeganə üstünlüyü yerli statusda olmasıdır”
19 yanvar 2022 08:02 (UTC +04:00)

Ağasəlim Mircavadov: “Eddi İsrafilovun yeganə üstünlüyü yerli statusda olmasıdır”

“Eddi İsrafilovun “Neftçi”yə xeyir verib-verməyəcəyini zaman göstərəcək”.

Lent.az-ın xəbərinə görə, bunu apasport.az saytına açıqlamasında “Neftçi”nin sabiq baş məşqçisi Ağasəlim Mircavadov milliləşdirilmiş futbolçu Eddi İsrafilovun paytaxt klubuna keçidini dəyərləndirərkən deyib.

Təcrübəli mütəxəssisin fikrincə, 30 yaşlı orta sahə oyunçusunun yeganə üstün cəhəti yerli statusda olmasıdır: “Onun yığmadakı oyunlarına baxanda çox şey aydın olur. Üstəlik, uzun müddətdir futbol oynamır, forma yığması zaman alacaq. Yeganə müsbət cəhəti Azərbaycan pasportunun olmasıdır”.

Mircavadov çempionun yeni transferinin Azərbaycan yığmasına çağırılmasına da münasibət bildirib. O, Eddini milliləşdirilən digər yarımmüdafiəçi Dmitri Nazarovla müqayisə edib: “Əcnəbi futbolçu ona görə milliləşdirilir ki, yerlilərdən üstündür. Amma Eddi yığmada bərbad çıxış etdi. Onu heç İspaniya çempionatında da düz-əməlli oynayan görməmişəm. Əslində İspaniyadan gələn futbolçu bizim yığmada lider kimi seçilməlidir. Heç bir məşqçi onu çağırıb, bir hissə meydana buraxmaz. Ondansa 30 dəqiqə yerli futbolçu oynadaram, nəsə öyrənər. Məsələn, Dmitri Nazarov yaxşı futbolçu idi. O da milliləşdirilmişdi. Amma aralarındakı fərqə fikir verin”.

75 yaşlı məşqçi “Neftçi”nin “Sumqayıt”dan qapıçı Aydın Bayramovla maraqlanması xəbərinə də toxunub: “Xəbərlər yayılır ki, “Neftçi” “Sumqayıt”ın qapıçısı Aydın Bayramovu almaq istəyir. Məgər özündə yoxdur? “Neftçi”nin yaxşı akademiyası, istedadlı uşaqları var. İstifadə eləmək lazımdır”.

Qeyd edək ki, Eddi İsrafilov qış fasiləsində “Neftçi” ilə 2,5 illik müqavilə imzalayıb.

# 1326
avatar

Oxşar yazılar