Adını həkimlər qoydu, qonşu qızı ilə evləndi: “Xəstəliyini anama demədim...” - TAYM-AUT
12 yanvar 2021 20:15 (UTC +04:00)

Adını həkimlər qoydu, qonşu qızı ilə evləndi: “Xəstəliyini anama demədim...” - TAYM-AUT

Lent.az-ın “Taym-aut” rubrikasının budəfəki qonağı yeniyetmələr arasında dünya, gənclər arasında Avropa çempionu olmuş keçmiş futbolçu Arif Əsədovdur. Baş məşqçi kimi “Neftçi”yə ölkə çempionluğunu qazandırmış Əsədov hazırda Azərbaycan yığmasında Canni De Byazinin köməkçisi kimi fəaliyyət göstərir. Onun həyat hekayətini öz dilindən eşidək...

“Dünyaya gəlməyim planda yox imiş”

“Əslimiz Yardımlı rayonundandır, amma mən Sumqayıtda dünyaya göz açmışam. Ailədə 5 uşaq olmuşuq: 2 oğlan, 3 qız. Fəhlə ailəsində böyümüşəm. Atam tikintidə işləyirdi, anam isə mağazada yığışdırıcı idi. Deyim ki, o qədər də pis yaşayırdıq, xeyr! Evin sonbeşiyi olmuşam, buna görə də özümə qarşı fərqli münasibət hiss etmişəm. Əslində, dünyaya gəlməyim planda yox imiş (gülür). Mən doğulanda valideynlərim deyiblər ki, yəqin çörək ağacımız bu olacaq (yenə gülür). Adımı xəstəxanada həkimlər qoyub. Evin 5-ci uşağı idim deyə, valideynlərim öncədən ad düşünməmişdilər. Anam xəstəxanada soruşanda deyiblər ki, yaxşı olar, Arif adını qoyasınız”.

“Yarışırdıq ki, görək, kim çoxlu “5” alacaq”

“Valideynlərim instituta daxil olmağımı istəyirdilər. Çünki məktəbdə yaxşı oxuyurdum. Yadımdadır ki, eyni parta arxasında əyləşdiyim sinif yoldaşımla yarışırdıq ki, görək, kim çoxlu “5” alacaq. Uşaqlıqdan futbola həvəsim var idi. Hər gün məhəllədə özümdən böyük uşaqlarla futbol oynayırdım. 4-cü sinifdə oxuyanda uşaq məşqçisi Telman Salahov məktəbimizə gəlmişdi. Seçim etmək üçün idman dərsində bizə futbol oynatdı. Oyundan sonra mənə dedi ki, istəyirsənsə, sən də futbola yazıl. Sumqayıtda futbola getməyimə ailəm qarşı çıxmadı. Atam icazə verdi, amma dərslərimi də axsatmamağı tapşırdı. Telman Salahov gördü ki, digər uşaqlardan seçilirəm. Şərait isə elə idi ki, həftədə cəmi 3 dəfə məşq edə bilirdim, bu, inkişafım üçün yetərli deyildi. Telman müəllim məni Bakıya - Böyükağa Ağayevin yanına göndərdi. FŞM-də uşaqlar bir yerdə qalırdılar - həm oxuyurdular, həm də gündə 2 dəfə məşq keçirdilər, oyunlara çıxırdılar. Getdim yoxlanışa, məni orda da bəyəndilər. Dedilər ki, 6-cı sinifi bitirəndən sonra yeni tədris ilində gəl bizə, səni həm internata düzəldək, həm də bizimlə məşq elə”.

“Dedi, ata, burax, getsin...”

“Bakıya gəlmək söhbəti çıxanda atamgil tərəddüd etdilər. Çünki həftədə cəmi 1 dəfə - şənbə günü evə qayıtmalı, bazar günü isə yenidən Bakıda olmalıydım. Atam buna razı deyildi. Amma mənim məqsədim futbolda inkişaf etmək idi. Mənədək qardaşım futbol və boksla məşğul olmuşdu. Potensialımı birinci o hiss etmişdi. Atama dedi ki, burax, getsin, Arifin “qabında var”. Valideynlərim icazə versin deyə, hər gün ağlayırdım. Axırda atamı razı sala bildik”.

“Qoz-fındığı balla qarışdırıb verirdi ki, ye, gücün olsun”

“Bakıya gələndən sonra ailəm üzümü həftədə bir dəfə görürdü. Buna görə də mənimlə çox maraqlanırdılar, xüsusi qayğı göstərirdilər. Anam qoz-fındığı balla qarışdırıb verirdi ki, ye, gücün, enerjin olsun. Bu, qardaşım və bacılarımda qıcıq yaratmırdı. Əksinə, futbolda irəliləyişim olduqca, yavaş-yavaş məşhurlaşdıqca mənimlə fəxr edirdilər. Yarışlardan gələndə hər birinə kiçik hədiyyə alırdım”.

“Hücumçu olsam da, turnirin ən yaxşı müdafiəçisi seçildim”

“Futbola hücumçu kimi başlamışam, özü də bombardir idim. Bədən quruluşuma görə seçilirdim, başla yaxşı oynayırdım. Sonra elə oldu ki, Sankt-Peterburqa turnirə getdik. Uçuşdan 1 gün qabaq mərkəz müdafiəçimiz xəstələndi, bizimlə gedə bilmədi. İkinci oyunumuzu “Zenit”ə qarşı keçirməliydik, orda Salenko var idi. Sonra onunla SSRİ millisində birgə oynadıq. Salenko taran tipli hücumçu idi, müdafiəçilər onu saxlamaqda çətinlik çəkirdilər. Böyükağa müəllim mənimlə fərdi söhbətində dedi ki, istəyirəm səni mərkəz müdafiəçisi mövqeyində oynadım, Salenkonun qarşısını kəsə bilək. Çıxıb oynadım, həmin görüşdə qalib gəldik. Salenkonun fərqlənməsinə imkan vermədim. Növbəti matçı da mərkəz müdafiəçisi mövqeyində keçirdim. Arxa xətdən hücuma yaxşı qoşulurdum. Böyükağa Ağayev gördü ki, məndə o mövqedə oynamaq yaxşı alınır. Həmin turnirin ən yaxşı müdafiəçisi adına layiq görüldüm (gülür). Beləcə 14 yaşımda hücumçudan müdafiəçiyə çevrildim”.

“Moskvada ürəyimi dərindən yoxladılar”

“15-16 yaşım var idi. Həm o yaş üzrə SSRİ millisində, həm “Neftçi”nin əvəzedici heyətində, həm də Azərbaycanın o yaş üzrə yığma komandasında oynayırdım. İl ərzində 100-dən çox matça çıxmışdım. Yüklənmə nəticəsində ürəyimdə aritmiya yaranmışdı, təngnəfəs olurdum. Həkimlər baxandan sonra məsələ qaldırdılar ki, futbolu atmalıyam. Həmin an çox həyəcan keçirmişdim. SSRİ yığmasından məni Moskvaya dəvət etdilər ki, gəl, burada daha dərindən yoxlayaq. Getdim Moskvaya. Müxtəlif aparatlardan keçirdilər. Dedilər ki, xroniki bir şey deyil, yüklənmədən yaranmış müvəqqəti problemdir. Müalicə almaq üçün müəyyən zamana ehtiyac var idi, bundan sonra problem aradan qalxacaqdı. Elə də oldu. Bir ay Moskvada qaldım, müalicə kursu keçdim. 4-5 ay sonra Avropa çempionatında çıxış etdim. Həmin müddət heç vaxt yadımdan çıxmır, çünki futbolu atmaq təhlükəsi ilə üzləşmişdim”.

“Onu görəndə başqa hisslər keçirdim”

“İlk sevgim həyat yoldaşım olub. Bir məhəllədə böyümüşük, qonşu olmuşuq. Bakıda futbola getdiyim vaxtlar idi. Sumqayıta qayıdanda hiss etdim ki, ona qarşı başqa hisslər keçirirəm. 18-19 yaşında nişanlandıq. 1990-cı ildə isə toyumuz oldu, həmin vaxt 20 yaşındaydım. Qonşu olduğumuz üçün valideynlərim ailə həyatı quracağım qızı tanıyırdılar. Buna görə də seçimimə qarşı çıxmadılar. Həmin vaxt yaşım çox olmasa da, dünyagörüşüm var idi. Axı 15 yaşından dünyanı gəzirdim. O vaxt hər adam xarici ölkəyə gedə bilmirdi. Davranışımla, hərəkətlərimlə seçilirdim, futbol həyatı məni hərtərəfli inkişaf etdirmişdi. Maddi baxımdan da artıq özümü təmin edirdim. 15 yaşımda “Neftçi”yə ştata götürdülər məni, 130 rubl məvacib yazdılar. Sevincimin həddi-hüdudu yox idi. Müqayisə üçün deyim ki, həmin vaxt anam 60-70 rubl maaş alırdı, atam isə 200-220 rubl. SSRİ yığmasına düşəndə, dünya çempionu olanda mükafatlar verdilər. Bir sözlə, ailə qurmağa hazır idim”.

“Mənsiz nəfəs ala bilmirdilər”

“Evlənəndən sonra da valideynlərimlə bir evdə yaşadıq. “Neftçi” mənə Bakıda ikiotaqlı ev verdi. Bakıya köçəndə valideynlərim də mənimlə birlikdə gəldilər. Mənsiz nəfəs ala bilmirdilər, dünyalarını dəyişənədək yanımda oldular. 1994-cü ildə Vladiqafqazda oynayanda da onları özümlə aparmışdım, 3 ay yanımda qalmışdılar. 1998-ci ildə Tümendən qayıdandan sonra Bakıda 3 otaqlı ev alarkən seçimimdə valideynlərimin rolu oldu. Evi satan adamın binanın arxasında bağı var idi. Həmin evi aldım ki, valideynlərim bağda başlarını qatsınlar. Bağda ağaclar əkmişdilər”.

“Vəsiyyət etdi ki, bacılarına yaxşı bax”

“Hər bir insan yaxınlarını itirmək qorxusu ilə yaşayır. Heç kim bu halla üzləşmək istəmir. Amma həyatın qanunu belədir. Atam dünyasını dəyişəndə hələ futbolçu idim. Son nəfəsində yanında ola bilmədim. Buna görə çox pis oldum. Amma atamın ölümü birdən-birə baş vermədi. Pis xəstəliyə tutulmuşdu, uzun müddət idi ki, əziyyət çəkirdi. Əlimizdən gələni etsək də, gücümüz ömrünü bir qədər uzatmağa çatdı. Ölümünü gözləsək də, son nəfəsində yanında olmaq istərdim. Anam da xəstəlikdən dünyasını dəyişdi. Lakin onun ölümü bir göz qırpımında oldu. Çox işgüzar, yaşamaq həvəsi olan qadın idi. Birdən xəstəliyə tutuldu. Həkimə mən aparıb-gətirirdim. Ciddi xəstəliyə tutulduğunu biləndə şoka düşdüm, lakin ona demədim. Amma hiss etmişdi. Bu isə onu çox geri atdı. Kaş, bilməyəydi... Anam mənə vəsiyyət etdi ki, bacılarına yaxşı bax, gözün onların üstündə olsun. Atam 63, anam 67 yaşında dünyasını dəyişib”.

“Mənə bənzəyir, sanki özümü görürəm”

“Böyük və ortancıl oğlum evlidir. Mənim kimi, onların da seçimləri sərbəst oldu. Biri 21, digəri 22 yaşında ailə həyatı qurdu. İlk oğullarım arasında 1,5-2 yaş, amma ikinci ilə üçüncü oğlum arasında 10 yaş fərq var. Rusiyaya futbol oynamağa gedəndə ailəmi də özümlə aparırdım. Təkcə “Anji”nin formasını geyinəndə onları yanıma - Mahaçqalaya aparmadım, çünki uşaqların məktəbə gedən vaxtları idi.

Balaca oğlum Gülağanın 17 yaşı var. Ona atamın adını qoymuşam. Futbolçudur, “Qəbələ”də və U-19 millimizdə oynayır. Pleymeyker mövqeyində çıxış edir. Onu “Bakı” klubuna yazdırmışdım. “Bakı” dağılandan sonra “Əlincə”yə getdi. 14 yaşında isə “Qəbələ”yə keçdi. Əslində “Qəbələ” Gülağanı 12 yaşından istəyirdi. Sadəcə, ailədən ayrı qalmağın çətinliklərini gördüyüm üçün həmin vaxt onu buraxmadım. 14-15 yaş isə uşağın püxtələşdiyi dövrdür. Buna görə də o yaşda “Qəbələ”yə keçidinə razılıq verdim. Artıq yarışlara gedib-gəlmiş, ailədən ayrı qalmağa müəyyən mənada alışmışdı. Övladlarım arasında xasiyyət baxımından mənə daha çox Gülağa bənzəyir. Özünü aparmağı ilə maraqlanıram, tay-tuşları ilə münasibət qurmağını izləyirəm, sanki özümü görürəm.

Böyük və ortancıl oğlum da futbola gedib, amma onların elə də böyük perspektivi olmadı. Hətta ikinci oğlum Fuad 19-20 yaşınadək qapıçı idi. Son klubu “İnter”də oynayanda bir uğursuz oyun keçirdi. Gördüm ki, həmin görüşdən sonra “sındı”. Dedim futbolu burax, qapıçılarla işləməyə həvəsin var, oxu, qapıçı məşqçisi ol. Hazırda A kateqoriyasına sahibdir və U-17 millisində qapıçılarla işləyən məşqçidir”.

“Oğlum olsa, sənin adını qoyacam...”

“İki nəvəm böyüyür. Böyük oğlumun Məryəm adında qızı, ortancıl oğlumun isə Arif adlı oğlu var. Nəsildə ikinci Arif yetişir (gülür). Məryəmin 6 yaşı var. Mənə baba olmaq sevincini 44 yaşımda ilk dəfə o yaşadıb. Açığı, həmin vaxt baba olmağa çox da hazır deyildim. Dil açıb məni çağırmağa başlayanda isə tam fərqli hisslər keçirdim. Böyük oğlum yaxınlığımızda yaşayır, demək olar ki, hər gün Məryəmi görürəm. Balaca Arif isə 3 yaşındadır. O, Məryəmdən fərqli olaraq, nadincdir. Hərəsinin öz şirinliyi var. Ortancıl oğlumla birlikdə qalırıq. Övladı dünyaya gəlməmişdən qabaq dedi ki, oğlum olsa, sənin adını qoyacam. Balaca Arifin futbola yox, maşınlara həvəsi var. Evdə oyuncaq maşın əlindən yer yoxdur. Hansı avtomobili göstərsən, modelini tanıyır”.

“Biri Şahin Diniyevdir, digəri...”

“Uzun müddətdir dostluq etdiyim insanlar var. Biri futbolsevərlərin yaxşı tanıdığı Şahin Diniyevdir, digəri isə Mübariz adlı dostumdur. Mübarizlə həm də kirvəyik. Hər ikisi ilə ailəvi gediş-gəlişimiz indiyədək davam edir. Mən bütün insanlara pozitiv yanaşıram, özümü necə görmək istəyirəmsə, onlara da eyni gözlə baxıram. Xırda şeylərdən inciyən insan deyiləm. Xoşlamadığım xüsusiyyətim səbirsiz olmağım idi. “Neftçi”də məşqçi işlədiyim dövrdə özümdən tez çıxırdım. Getdikcə səbirli oluram”.

“Başa düşdüm ki, niyyətləri başqadır”

“Pulun dalınca heç vaxt qaçmamışam. Bədxərc deyiləm. Pulu nəyə xərclədiyimi bilirəm. Tanışlarıma, qohumlarıma həmişə yardım etmişəm. Ətrafımda olmağa can atanları çox görmüşəm. “Neftçi”də oynadığım və ya məşqçi işlədiyim vaxtlarda insanlar olurdu ki, borc pul istəyirdilər. Hiss etdim ki, işləyəndə mənimlə tez-tez əlaqə saxlayan insanlar işləməyəndə itib-batırlar, bir də yenidən işə başlayanda peyda olurlar. Başa düşdüm ki, niyyətləri başqadır, pis günündə adamı heç axtarmırlar da”.

“Şəhid ailələri danışanda ağlayıram”

“50 illik həyatımda peşman olduğum an? Futbolçu olanda, əsas da “Neftçi”nin kapitanlıq sarğısını daşıyanda cavanlara oyunun gedişində qışqırıb, kobud söz dediyim məqamlar olub. Amma matç bitən kimi düşünürdüm ki, həmin epizodda nahaq elə davrandım, qəlbini qırdım. Məsələni yerindəcə həll edirdim. Kövrək insanam. Yanımda kimsə başına gələn bədbəxt hadisəni danışanda özümdən asılı olmayaraq, gözlərim yaşarır. Şəhid ailələrinin danışığına baxanda qeyri-ixtiyari ağlayıram”.

“Dərdimi həyat yoldaşımla bölüşürəm”

“Heç kimə demədiyim sirrim yoxdur. Amma nəsə olanda dərdimi həyat yoldaşımla bölüşürəm, övladlarımdan gizlədirəm. Bəzən də dostlarıma açıram ürəyimi. İndi elə dövrdür ki, övladlarımın və nəvələrimin gələcəyi üçün narahatam. Hazırda gözüm üstlərindədir, lakin illər sonranı düşünürəm. Yaxşı ki, oğullarım erkən yaşda evləniblər. Həmişə fikirləşmişəm ki, gərək düzgün yaşayasan, həyatda düz yol seçəsən, Allah sənə əvəzini verəcək. Övladlarım da mənim yolumla gedirlər”.

“Bakıya vaqonun yük yerində qayıtdıq”

“SSRİ yığması ilə Nalçikdə turnirdəydim. Turnir bitəndən sonra seçimlər oldu. Bizdən mən, Vladislav Qədirov və Ruslan Lukin seçildi. Saxladılar toplanışa. 10 gündən sonra qayıtmağımız üçün bilet almışdılar. Hamı getmişdi, təkcə mən, Vladislav Qədirov və özbəkistanlı Mircəlal Qasımov qalmışdı. Mircəlal bizdən sonra gedəcəkdi. Elə bilirdik təyyarəmiz Nalçikdən havaya qalxacaq. Mircəlalla sağollaşanda məzələndik ki, biz gedirik, sən hələ qalırsan (gülür). Taksiyə mindik, dedik bizi aeroporta apar. Sürücü qayıtdı ki, axı Nalçikdən Bakıya təyyarə reysi yoxdur. Sən demə, biletimiz Minvod-Bakı reysinə imiş. Nalçikdən Minvoda 1,5-2 saatlıq yol var. Vaxt az idi, çata bilməyəcəkdik. Vağzala getdik ki, bəlkə qatara bilet tapaq, amma yer qalmamışdı. Otelə qayıtdıq, Mircəlal bizi görüb gülməyə başladı. Sonra birtəhər qatarla qayıtdıq Bakıya, amma vaqonun yük yerində, üçüncü mərtəbədə (gülür)”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8337
avatar

Rizvan Babayev

Oxşar yazılar