Üçqat ölkə çempionu: “Fəhlə kimi çağırırlar, sement qarışdırıram, kubik verirəm...” – Bir bombardirin hekayəti
28 aprel 2020 15:10 (UTC +04:00)

Üçqat ölkə çempionu: “Fəhlə kimi çağırırlar, sement qarışdırıram, kubik verirəm...” – Bir bombardirin hekayəti

- Heç nə qardaş. Usta yanında fəhləlik edirəm. Fəhləlik də. Adi bildiyin fəhləlik. Sement qarışdırıram, kubik verirəm. Alçipan vururam. Nə iş oldu, gedirəm…

 

Bunu Rövşən Əhmədov deyir. Gəncəli Rövşən. Bir vaxtlar “Kəpəz”in, “Turan”ın, “Viləş”in şərəfini qorumuş üçqat Azərbaycan çempionu. Futbol üzrə Azərbaycan çempionatının 3 ən güclü bombardirindən biri. “Fış” ləqəbli Rövşən.

 

Hə, bilirsinizmi onu niyə “Fış” deyə çağırırmışlar? Bunu dostumuz Gündüz Abbaszadədən öyrəndim. Gündüz deyir ki, bu ləqəbi azarkeşlər veriblər Rövşənə.

“Fış yəni, sürətlə rəqib oyunçudan fışş eləyib aralanarmış. Fışşş, fışıt, beləcə dilə düşüb qalıb hamının dilində o zamandan.

 

Hə, o zamandan. İndi zaman o zaman deyil. İndi Azərbaycan premyer liqasında nə “Kəpəz” var, nə “Turan”. Onlar aşağı divizionda var-gəl edirlər. “Viləş” isə çoxdan tarixə qovuşub. Onlardan yadigar qalanları isə bir vaxtlar yaşıl meydanlarda at oynadan veteran futbolçulardı. Zaman “fışş” eləyib elə sürətlə keçib ki, onlar ancaq və ancaq nostalji hislərlə yaşayırlar. Futbol onlar üçün şirin bir xatirəyə çevrilib. Biri daş daşıyır, biri avtobus sürür, biri isə bazarda paltar satır. Azərbaycan futbolunda ad qoymuş bu isimlər.

 

***

 

Həmin gün təsadüfən qarşıma çıxdı o foto. Bir nəfər gülərüz cavan oğlan, yekə bir ərzaq qutusunu bir nəfərə uzadır. Qutunu təqdim edənin kimliyinin mənim üçün bir əhəmiyyəti yox idi. Amma onu alanın Rövşən Əhmədov olduğunu bilən kimi qeyri-ixtiyari həmin fotonu sosial şəbəkələrdə paylaşdım. Dərhal da reaksiyalar gəldi.

Hə, “Kəpəz” tərəfindən verilən sosial yardım idi. Aztəminatlı bir ailə kimi Əhmədovları da yaddan çıxarmamışdılar.

Rövşən o qutunu alanda gözlərini yerə dikmişdi. Sonradan həmin anı xatırlayıb, bu sətirlərin müəllifinə belə deyəcəkdi:

-  İşsizəm neçə vaxtdı, yenə sağ olsunlar. Onsuz da bu yardım 3-4 günümüzə güclə yetər. Sonrası Allah kərimdi. İnan, mənə dedilər ki, ərzağı alan yerdə fotonu yayıblar. Düzünü deyim, istəməzdim bu foto yayılsın. Üç dəfə çempion olmuşam, Azərbaycan futbol tarixinin 3 bombardirindən biriyəm. Amma işim yoxdur. Gəncədə tanış ustalar var. İş düşəndə yanlarında fəhlə kimi çağırırlar. Gedirəm 4-5 gün işləyirəm, evimə çörəkpulu gətirirəm.

 

Bir qədər əvvəl sən demə ona zəng ediblər. Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev iş təşkil edib. Aylıq maaşı 120 manata olan bir iş. Gəncədəki idman məktəbinin birində. Sevinib ki, uşaqları çalışdıracaq. Sevdiyi və yeganə bacardığı futbolun sirlərini öyrədəcək balacalara. Amma…

 

 

- Orda məlum oldu ki, məktəbdə də fəhlə ştatına götürüblər. Mənim də razılaşmaqdan başqa əlacım qalmadı. Düzdür, 120 manata dolanmaq, ailə saxlamaq ağlasığmazdı. Amma buna da şükür.



Rövşən millinin oyunçusu olub. Bu səbəbdən ona məşqçi kimi C kateqoriyası düşür. Amma bunu da verməyiblər ona.

 

- Azərbaycan çempionu olmuşam, üç dəfə kubok qazanmışam, İki dəfə bombardir olmuşam, millidə oynamışam. Yenə nə təqaüd verir AFFA, nə də bir iş.

 

Bunu da yana-yana deyir, Rövşən.

 

İş isə yoxdur. Hə, bir az ümidlidir. Bir qədər əvvəl “Kəpəz” klubunun Müşahidə Şurasının üzvü, millət vəkili Müşfiq Cəfərov söz verib ki, iki günə ona iş tapacaq. Amma hələ ki ortada real heç nə yoxdur.



Futbol statistikləri gözəl bilir, 1995/96 mövsümündə "Kəpəz"in iki futbolçusu - Rövşən Əhmədov və Fazil Pərvərov hərəyə 23 qol vuraraq mövsümün şərikli bombardiri olmuşdular. Reqlamentə görə, daha az oyun keçirmiş Fazil Pərvərov bu adda birinciliyi əldə etmişdi.

 

Pərvərovu isə nahaq xatırlamadıq. Rövşən kimi 3 dəfə Azərbaycan çempionu olub, “Kəpəz”in tarixində ən çox qol vuran futbolçudu. Bir vaxtlar milli komandaya belə çağırılan Fazil Pərvərov…Gəncədə yarmarkada pal-paltar satır. Bir qədər əvvəl isə rəsmən bəyan etmişdi: “İşsiz olduğum üçün, iş tapa bilmədiyim üçün AFFA-nın mənə verdiyi medalları satıram”.

 

Görəsən satdımı?

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 22896
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar