PSJ-nin hücumçusu Neymar Çempionlar Liqasının final matçını buraxa bilər.
Apasport.az saytının məlumatına görə, buna səbəb braziliyalı forvardın koronavirus pandemiyası ilə bağlı UEFA-nın tələbini pozmasıdır.
Ulduz futbolçu yarımfinal mərhələsində “Leypsiq”lə qarşılaşmadan sonra rəqibin müdafiəçisi Marsel Halstenberqin forma dəyişmək istəyini qəbul edib. Halbuki qitə futbol qurumu oyunçuların sağlamlığı üçün qarşılaşmalardan sonra forma dəyişikliyini qadağan edib.
Neymarın bu hərəkəti isə onun 1 oyunluq diskvalifikasiyasına yol aça bilər. Həmçinin Fransa klubunun liderinin 12 günlük karatinə alınması gündəmdədir. UEFA Neymara cəza kəssə, futbolçu final görüşündə iştirak edə bilməyəcək.
Qeyd edək ki, PSJ “Leypsiq” üzərində 3:0 hesablı qələbə qazanıb. Paris klubunun finaldakı rəqibi bu gün baş tutacaq “Lion” – “Bavariya” matçının qalibi olacaq.