Bu gün AFFA İntizam Komitəsinin (İK) növbəti iclası baş tutub.
Apasport.az saytının məlumatına görə, komitə aşağı yaş qrupu üzrə liqalarda qeydə alınmış neqativ hallara hüquqi qiymət verib.
Hər tur olduğu kimi, bu dəfə də təhqirlərə yol verən məşqçi və futbolçular sərt şəkildə cəzalandırılıb.
U-14 Liqasında “Sumqayıt” – “Keşlə” oyununda “Keşlə”nin baş məşqçisi Vəli Hüseynov, U-13 Liqasında “Neftçi İK İB” (Siyəzən) – “Şirvanovka” (Qusar) görüşündə "Şirvanovka"nın çalışdırıcısı Kamran Nurəhmədov, U-12 Liqasında isə UGİM (Siyəzən) – UGİM (Xaçmaz) matçında birincilərin baş məşqçisi Emin Nəzərov hakimləri söyüblər. Nəzərov bunu aqressiv formada meydana daxil olaraq edib. İntizam Komitəsi hər 3 mütəxəssisi 5 oyunluq diskvalifikasiyaya məruz qoyub. Futzal üzrə I Liqanın U-19 – “Rayyan” oyununda isə yığmanın baş məşqçisi Ağatahir Əzimov öz oyunçularını təhqir etdiyi üçün eyni cəza ilə üzləşib.
Oyunçular bu baxımdan məşqçilərdən geri qalmayıblar. U-16 Liqasında “Qəbələ” ilə qarşılaşmada referini söyən “Səbail”in futbolçusu İlham Əliyev qarşıdakı 4 turu buraxmalı olacaq. Həmin liqanın “Neftçi İK İB” – “Xilə” oyununda “Xilə”nin üzvü Kərim Məmmədov komanda yoldaşını söyüşə "qonaq" etdiyi üçün 3 oyunluq cəzalandırılıb.
Futzal üzrə Yüksək Liqada isə “Baku Fire” ilə görüşdə rəqibi təhqir edən “Neftçi”nin üzvü Emil Həsənzadə isə 3 oyunluq cəzaya məruz qalıb.