Azərbaycanın daha 4 idmançısı dopinqdən istifadə etdiyi üçün cəzalandırılıb.
Apasport.az saytının Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) rəsmi saytına istinadən məlumatına görə, güləşçilər Əli Əminzadə, Azərşakib Məhəmməd, ağırlıqqaldıran Vasif Səfərov və güllə atıcısı Jalə Bayramova diskvalifikasiyaya məruz qalıb.
Ə. Əminzadədən alınmış nümunədə qadağan edilmiş maddə və ya onun metabolit, yaxud markerlərinin mövcudluğu aşkarlanıb. İdmançının orqanizmində ekzogen, dehidroxlorometil-testosteron metaboliti tapılıb. O, bu səbəbdən 48 ay cəzalandırılıb. Güləşçinin diskvalifikasiya müddəti 2018-ci il martın 28-dən hesablanmağa başlanılıb.
A. Məhəmməd də eyni cəzaya məruz qalıb. 4 illik diskvalifikasiya edilən idmançıda metenolon metaboliti aşkarlanıb. O, xalçaya 2023-cü il iyulun 1-dən sonra qayıda biləcək.
Ağırlıqqaldıran V. Səfərov ekzogen əsilli “5aAdiol” və “5bAdiol” endogen AAS (IRMS) və klenbuteroldan istifadədə günahlandırılaraq, 48 aylıq diskvalifikasiya olunub. İdmançının cəza müddəti 2023-cü il aprelin 9-da yekunlaşacaq.
Güllə atıcısı J. Bayramova isə 2021-ci ilin avqustun 1-dən sonra karyerasını bərpa edə bilər. 24 aylıq cəzalanan idmançı atimulyantlar/ amfetamindən istifadədə günahlandırılır.
Qeyd edək ki, AMADA daha öncə 49 idmançımıza cəza tətbiq edib.