Aftandil Hacıyev, “Səbail” klubunun baş məşqçisi anası ilə
29 mart 2021 20:15 (UTC +04:00)

Aftandil Hacıyev, “Səbail” klubunun baş məşqçisi anası ilə

8 yaşında atasız qaldı, 36 yaşlı qardaşını itirdi: “Anam zəng vurdu ki, özünü çatdır...” – TAYM-AUT

Lent.az-ın “Taym-aut” rubrikasının budəfəki qonağı Azərbaycan yığmasının, eləcə də “Neftçi”, “Qarabağ” və “Turan” klublarının sabiq futbolçusu Aftandil Hacıyevdir. Hazırda “Səbail” klubunun baş məşqçisi olan Hacıyevin keşməkeşli həyat hekayəsi var...

“Atam hərbi zavodun “naçalnik”i olub”

“Ailədə 3 uşaq olmuşuq: 2 qardaş, 1 bacı. Ortancıl övladıydım, qardaşım məndən böyük idi. Əslimiz İsmayıllı rayonundan olsa da, uşaqlıq illərim Buzovna qəsəbəsində keçib, sadə bir ailədən çıxmışam. Valideynlərimin hər ikisi iqtisadçı olub. Kənddən gələrək Bakıda universitet bitiriblər. Atam Buzovnadakı hərbi zavodun “naçalnik”i olub. Anam isə 30 ildən çox baş mühasib işləyib.

Uşaq vaxtlarından idmana həvəsliydim. Maraqlıdır ki, nəslimizdə məndən başqa peşəkar idmançı çıxmayıb. Buzovnada evimiz stadiona yaxın idi. Ayxan Abbasov, Rail Məlikov, Rəşad Sadiqov, rəhmətlik Səbuhi Sadiqovla uşaq yaşlarından tanışıq, hamımız Buzovnada qalırdıq, stadionda bir yerdə məşq edirdik. Buzovnanı futbol qəsəbəsi adlandırmaq olar. Çünki ordan bizdən öncə də tanınmış oyunçular çıxıb: Vadim Vasilyev, Azər İsayev, İmamxan Sultani, İlham Qurbanov, Vladislav Qədirov. Kiçik qəsəbə olsa da, Azərbaycan futboluna yaxşı oyunçular bəxş edə bilib”.

“Məni hərbçi görmək istəyirdi”

“Atam məni hərbçi görmək istəyirdi, çünki hərbçi formasını çox bəyənirdi. Amma futbola da meylli olub. O vaxt zavod işçiləri hər həftəsonu Gənclik stadionunda futbol oynayır, həvəskarlar liqasında çıxış edirlərmiş - atam da onların sırasında. Arzularını dilindən eşitmək mənə nəsib olmayıb, çünki 8 yaşımda atamı itirmişəm. 3-cü sinfədək ata üzü görmüşəm. Ağır xəstəlik üzündən həyatla tez vidalaşıb. Onun istəklərini anamdan eşitmişəm”.

“O qədər yıxılırdım ki, ya qolum qırılırdı...”

“Atamla bağlı bir o yadımdadır ki, çox tələbkar idi, dərslərimizə xüsusi fikir verirdi, qiymətlərimizi yoxlayırdı. Dərslərimizi yaxşı oxumayanda danlayırdı. Bir də yayda kəndə getməyimiz yadımda qalıb. Yay girən kimi saçımızı keçəl etdirib gedirdik kəndə, 3 ay orda qalırdıq. Orda olanda futbol üçün çox darıxırdım. Kənddə asfalt yox idi, daşlıq olduğundan, futbol oynamaq bizə çətin gəlirdi. Buna baxmayaraq, orda da futbolsuz qalmırdım. Daşlıqda o qədər yıxılırdım ki, ya qolum qırılırdı, ya da başqa xəsarət alırdım”.

“Fizika və kimya dərslərini bəyənmirdim”

“3-cü sinfədək, yəni atam dünyasını dəyişənə qədər yaxşı oxumuşam. Ondan sonra 8-ci sinfədək qiymətlərim orta səviyyədə olub. 8-ci sinifdən sonra isə artıq bütün fikrimi futbola yönəltmişdim. Aşağı yaş qrupları üzrə millilərə cəlb olunmağa başlamışdım. 8-ci sinifdən sonra futbol ilə əlaqədar səfərlərə getməli olurdum, buna görə də dərsləri buraxmaq məcburiyyətində qalırdım. Müəllimlərim sağ olsunlar, məni başa düşür, kömək edirdilər.

Məktəbdə rus bölməsini bitirmişəm. Riyaziyyat fənni həmişə xoşuma gəlib. Hesab-kitab işlərini bəyənirdim. Riyaziyyata olan sevgim bu gün futbolda mənə kömək olur. Çünki futbolda da hesablamaq lazım gəlir. Sözsüz ki, məktəb vaxtı idman dərslərini daha həvəslə gözləyirdim. Bir də mənə həmişə coğrafiya maraqlı gəlib. Dünya ölkələrini gəzmək, onların tarixini bilmək... Futbolun hesabına buna müəssər olmuşam. İngilis dili dərsinə də marağım böyük idi. Fizika və kimya fənlərini isə çətin olduğu üçün bəyənmirdim. Bu dərslərdə oturmaq istəmirdim”.

“Çox vaxt sinfin badına gedirdim”

“Məktəbdə başıma çox hadisələr gəlib. Direktorumuz Tofiq müəllim olduqca tələbkar insan idi. Çox olub ki, sinfimizin oğlanlarını otağına yığıb və başlayıb bizi “çırpmağa” (gülür). Çünki şuluqluq edirdik, əsasən də tənəffüs vaxtı. Əslində dəcəl uşaq deyildim. Çox vaxt sinfin badına gedirdim”.

“Səhər qardaşım geyinib dərsə gedirdi, günorta mən”

“Atam dünyasını dəyişəndən sonra çox çətin dönəmlər keçirdik. Qardaşımla eyni ayaqqabını geyindiyimiz vaxtlar olub. Səhər o geyinib dərsə gedirdi, günorta mən. Bacım ata nəvazişini bizdən də az görüb. Çünki atam həyatla vidalaşanda onun iki yaşı olub. İki qardaş çalışırdıq ki, bacımızı ətrafdakı pisliklərdən qoruyaq. Anamın şansı onda gətirib ki, iş yeri evimizə yaxın olub. Məktəb isə binamızın düz arxasında yerləşirdi, çox vaxt özümüz gedirdik. Üstəlik, xalamgil bizə yaxın yerdə qalırdı. Beləcə köməkləşərək həmin çətin dönəmi adlamağı bacarmışıq. Bununla belə, bir qadın üçün həm işləyib uşaq saxlamaq, həm də onların tərbiyəsi ilə tək məşğul olmaq olduqca çətindir. Allaha min şükürlər olsun ki, anam sağdır. Həyatımızı onsuz təsəvvür edə bilmirik”.

“Butsimizin cırıq olduğunu görüb, pul verdi”

“İlk qazancım Buzovnanın “Xəzri” komandasında olub. O vaxt yüksək dəstədə oynayan hər komandanın əvəzedici heyəti olmalıydı. Çünki “dubl”ların xalı əsas komandaların xalına əlavə edilirdi və çempion ümumi xala əsasən müəyyənləşirdi. Həmin vaxt mən də əvəzedici komandada oynayırdım. “Xəzri”nin sponsoru var idi - Malik müəllim. Butsimizin cırıq olduğunu gördü. Hərəmizə 100 dollar verdi ki, gedin, özünüzə butsi alın. O vaxt butsi 50 dollara idi və “Gənclik”də satılırdı. Bizə verilən məbləğin yarısına butsi aldıq, qalan 50 dolları isə evə verdik. Özümüzlə fəxr duyurduq, o sevinci yaşamaq başqa hiss idi. Futbolda böyük məbləğdə qazancı isə “Turan”da çıxış edəndən sonra əldə etmişəm”.

“İki oğlum “Qarabağ”da oynayır, biri isə...”

“Turan”a keçəndən 1 il sonra ailə həyatı qurdum. 3 oğlum var. Üçü də uşaq vaxtından futbola getməyə başladı. Böyük oğlum Səid hazırda “Qarabağ”ın U-16 komandasında oynayır, kiçik oğlum Bilal isə U-10 komandasında. Səid müdafiəçi, Bilal isə qapıçıdır. Bilal Buffonu çox bəyəndiyi üçün qapıda durmağı seçib. Ortancıl oğlum Sabir də futbola gedirdi, amma 12 yaşında dayandırdı. Ona atamın adını qoymuşam. Həvəsi daha çox təhsilə, kompüter sahəsinədir. Heç bir oğlumu futbolu seçməyə məcbur etməmişəm. Sadəcə, dəstək oluram, öz tövsiyələrimi verirəm.

Balaca oğlum hiperaktivdir - daha hərəkətli, çoxdanışandır. Qapıçı xasiyyəti onda hiss olunur (gülür). Xasiyyət baxımından mənə daha çox böyük oğlum bənzəyir. Amma hər birinin mənə nədəsə oxşarlığı var”.

“Uşaq zəhm hiss etməlidir”

“Uşağın tərbiyəsində daha çox ana rol oynayır. Atanın isə bir başqa rolu var. Təbii ki, atasız uşaq dayaqsız sütuna bənzəyir. Amma uşaqla daha çox ünsiyyətdə olmaq ananın üzərinə düşür, bu, hər bir ailədə belədir. Ata mühüm qərarlar anında məsuliyyəti üzərinə götürməlidir. Çalışırıq ki, uşaqları başa düşək, onlara lazım olan şeyləri izah edək, düz istiqamət verək. Məncə, uşaq zəhm də hiss etməlidir. Təkcə sevgi və ya zəhm ilə tərbiyə etmək düzgün deyil, hər ikisindən olmalıdır. Əsas odur ki, uşaq məsuliyyət dərk etsin”.

“2012-ci il, yanvarın 31-də çox ağır zərbə aldım: qardaşım 36 yaşında dünyasını dəyişdi. Evli idi, bir qızı var. Ailəsi hazırda Norveçdə - yoldaşının qohumlarının yanında yaşayır, aradabir Bakıya gəlirlər. Ağanın ölümü mənim üçün sarsıdıcı oldu. Futbolçu karyeramı tez bitirməyimin səbəbi məhz bu idi. Həmin mövsümü başa vurduqdan sonra futbolla vidalaşdım.

Qardaşım qəflətən ürəktutmasından getdi. Həmin gün Bakıda yasda idim. Anamdan zəng gəldi ki, özünü çatdır, qardaşının halı xoşuma gəlmir. Sən demə, artıq keçinibmiş. O anları yada salmaq mənim üçün çox çətindir. Ömrü qısa olsa da, yaşadığı vaxt özündən söz etdirməyi bacarmışdı. İstedadlı zərgər idi. O sahədə hamı qardaşımı tanıyırdı. Azərbaycanda qiymətli daşları ən yaxşı tanıyan 3 adam var idisə, biri Ağa idi. Taleyi belə gətirdi... Futbolda hər zaman dəstəyini hiss etmişəm. Məndən 4 yaş böyük idi. 16 yaşından pul qazanmağa başlamışdı. Maddi vəziyyətimizin düzəlməsi daha çox onunla bağlı idi”.

“Problemlərimi daha çox anam və bacımla bölüşürəm”

“İndi dost tapmaq çox çətindir. Uzun müddət sənin yanında qala bilən şəxsi dost adlandırmaq olar. Düzdür, illərlə yanında olub, sonra dəyişənlər də var. İnsan hər zaman dəyişir. Şükürlər olsun ki, dost baxımından peşmanlığım yoxdur. Ətrafımdakı insanlardan razıyam. Futboldan Ayxan Abbasov, Zaur Həşimovu qeyd edə bilərəm, uşaqlıqdan indiyədək bir yerdəyik. Futboldankənar dostlarım da var. Amma insana ən yaxın dost ailəsidir. Problemlərimi, sirlərimi daha çox anamla, bacımla bölüşürəm. Ailə qurmamışdan əvvəl də dərdimi hər zaman onlara danışmışam. Evlənəndən sonra, əlbəttə ki, ailəyə aid olan məsələləri həyat yoldaşımla da bölüşmüşəm”.

“Səmimiyyət yoxdursa, nədənsə danışmağa dəyməz”

“İnsana qiymət vermək üçün onunla ünsiyyət qurmalı, tanımalısan. Mənim üçün səmimiyyət çox önəmlidir. Səmimiyyət yoxdursa, digər keyfiyyətlərdən danışmağa dəyməz. Sonra intellekt mənə hər zaman maraqlı gəlib. İntellektli adamlarla danışmağı, fikir bölüşməyi xoşlayıram. Bir də xüsusi bacarığı olan insanlar maraqlıdır”.

“Allah bağışlayandırsa, biz də bağışlamağı bacarmalıyıq”

“Nəyi bağışlamaram? Çətin mövzudur. Çünki Allah özü bağışlayandır. O cür varlıq bağışlayandırsa, biz də bağışlamağı bacarmalıyıq, çünki bizi yaradan odur. Bəzən deyirlər ki, xəyanəti və ya yalanı bağışlamaram, hətta o halda belə bağışlamağı bacarmaq lazımdır. Düzdür, mənim üçün də bəzi şeyləri bağışlamaq ağır gələ bilər. Amma bəndəni bağışlamaq Allahın səni bağışlamağına gətirib çıxarır. Tutaq ki, bir dostun sənə xəyanət edibsə, onu belə bağışlayıb, sonra əlaqəni kəsə bilərsən. Çalışıram ki, bağışlamağı bacarım”.

“Ən çox qorxduğum Allahın qəzəbidir”

“Həmişə Allahın qəzəbinə gəlməkdən qorxmuşam. Biz bilirik ki, Allahın adları və sifətləri var. Allahın mərhəmət sifəti olduğu kimi, qəzəb sifəti də var. Bir insana qəzəblənsə, onun halı necə olar, onu bir Allah bilir. Buna görə də ən çox qorxduğum Allahın qəzəbidir. Bir də mənə güvənən insanların inamını, etibarını itirməkdən ehtiyat etmişəm”.

“Rəhmətliyin oğlu, quzunun pulunu şokolada vermisən ki...”

“Pulu həmişə xeyrimə xərcləyən olmuşam. Yadıma gəlir, aşağı yaş qrupu üzrə milli ilə hansısa səfərə getmişdik. Bizə 20 dollar “sutoçnu” vermişdilər. Uşaqlıqdan şokolad həvəskarıyam. Həmin məbləğə evə şokolad alıb gətirmişdim (gülür). Qardaşım bizə nə qədər ezamiyyət pulu verdiklərini və şokoladı neçəyə aldığımı soruşdu. Hər iki suala “20 dollar” deyərək cavab verdim. Qayıtdı ki, rəhmətliyin oğlu, bir quzunun pulunu şokolada vermisən ki... Aldığım keyfiyyətli İsveçrə şokoladı idi. Həmin gecə ailəliklə şokoladı yedik. Dedim əsas bunun dadını bilməkdir, quzunun dadını onsuz da bilirik (gülür)”.

“Qatar tərpənənə yaxın ayaqqabılarımı qaytardı”

“Futbolda başıma çox maraqlı hadisələr gəlib ki... FŞM-də oynayanda Ayxan Abbasovla birlikdə “elektriçka” ilə Buzovnadan şəhərə məşqə gəlirdik. FŞM o vaxt Bakı birinciliyində çıxış edən ən yaxşı komandalardan biri idi. Yol pulu baxımından çətinliyimiz var idi. “Elektriçka” ilə gedib-gəlirdik ki, havayı başa gəlsin. Əslində, “elektriçka” da havayı deyildi. Hərəkət cədvəlini əzbər bilirdik. Ara-sıra konduktor biletləri yoxlayırdı. Həmişə axırıncı vaqona minirdik ki, konduktorun yoxlaya-yoxlaya gəldiyini görsək, düşək, o biri vaqona keçək (gülür). Sonuncu vaqonun şüşələri çox vaxt sınıq olurdu...

Bir dəfə yağışlı gün idi, məşqə gedirdik. Vaqonun içi, demək olar ki, su ilə dolu idi. Ayxan həmişə zarafat etməyi, məzələnməyi xoşlayırdı. Həmin hadisədən öncə mən onunla zarafatlaşmışdım, yadında qalmışdı. Demişdi ki, baxarsan, mən də səninlə məzələnəcəm. Deməli, qatar gedir, soyuqdur, ayaqlarımız donur. Skamyanın söykənəcəyində oturduq, ayağımızı oturacağa qoyduq. Ayaqqabılarımızı çıxartdıq, ayaqlarımızı saldıq çantamıza, ağzını bağladıq (gülür). Vaqonda ikimizdən başqa heç kim yox idi. Normal adam o havada o vaqona minməzdi. Gəlib şəhərə çatdıq. Ayxan məndən qabaq tərpənib ayaqqabılarımı götürdü və vaqondan düşdü. Bayırdan mənə acıq verməyə, gülməyə başladı. Sonra qatar tərpənənə yaxın ayaqqabılarımı verdi (gülür)”.

“Dedi ki, belə zədə alan görməmişdim”

“Şəfa”da oynayırdım, baş məşqçimiz Əsgər Abdullayev idi. Bir gün Səbuhi Sadiqovla məşqə gedəndə ağır qəzaya düşdük. Amma elə oldu ki, zədəli halda belə, məşqə gəlib çıxa bildik. Üstündən bir müddət keçəndən sonra avtobusdan düşəndə belim dartıldı. Əsgər müəllim soruşdu ki, bu dəfə harda zədələnmisən? Dedim avtobusdan düşəndə. Qayıtdı ki, belə zədə alan görməmişdim (gülür)”.

# 7704
avatar

Rizvan Babayev

Oxşar yazılar