2022-ci il dünya çempionatında mübarizə aparacaq Seneqalın dünyaca məşhur ulduzu Sadio Mane üçün doğulduğu kəndin camaatı səfərbər olub.
Futbolsevərlərin böyük həyəcan və maraqla gözlədiyi dünya çempionatının başlamasına 4 gün qalıb. Nəhəng turnirin açılış oyununda bazar günü saat 20.00-da ev sahibi Qətər Ekvadoru qəbul edəcək.
Sadio Mane “Bavariya”nın heyətində “Verder Bremen”lə mübarizənin 70-ci dəqiqəsində baldırından zədə alıb. Ulduz futbolçunun zədələnməsinə baxmayaraq, Seneqal millisinin namizəd heyətinə çağırışı müzakirələrə səbəb olub. Mövsümün əvvəlində "Liverpul"dan Almaniya klubuna keçən ulduz hücumçunun millinin düşərgəsinə dəvət edilməsinə "Bavariya"nın rəhbərliyi sərt reaksiya verib.
FİFA-nın seneqallı baş katibi Fatma Samoura maraqlı açıqlama verərək, "Sehrbazları işə salacağıq. Bilmirəm, işləyəcək, amma yenə də istifadə edəcəyik. Möcüzələrə ehtiyacımız var. Sadio Mane orada olmalıdır", - deyib.
Seneqal Manenin Qətərdə özünü görünməsi üçün az qala səfərbər olub. Seneqal mətbuatında yer alan xəbərə görə; doğma kəndi Bambalidə 30 yaşlı futbolçu üçün dua edilib. Ulduz futbolçunun inşa etdirdiyi məsciddə toplanan 35 imam dualar oxuyublar.