Elxan Məmmədov: “Böyük hədəflərimizi 2012-ci ildə açıqlayacağıq” - MÜSAHİBƏ
04 dekabr 2010 14:30 (UTC +04:00)

Elxan Məmmədov: “Böyük hədəflərimizi 2012-ci ildə açıqlayacağıq” - MÜSAHİBƏ

- Sizinlə söhbət çoxdan planlaşdırılsa da, hər dəfə işlərinizin çoxluğu üzündən təxirə salınırdı. Doğrudanmı üzərinizə bu qədər çox iş düşür?

- Ümumiyyətlə, AFFA-nın fəaliyyətinin son illərdə xeyli aktivləşdiyi göz qabağındadır. Bu isə o deməkdir ki, Azərbaycan futbolu düzgün istiqamətdə irəli gedir. Son zamanlar Bakıda UEFA-nın dəstəyilə 3 böyük seminar keçirilib. Bu amil bizi çox sevindirir. Son zamanların məşğulluğu daha çox bununla bağlı idi. İlk seminar bir ay öncə kütləvi futbolla bağlı təşkil olunmuşdu. UEFA nümayəndələrindən əlavə, Avropanın 3 ölkəsi – Latviya, Macarıstan və Serbiyanın hərəyə 11 nümayəndəsi 3 günlük seminara dəvət edilmişdilər. Tədbir çox yüksək səviyyədə keçdi. AFFA əməkdaşları olaraq, son 3 ildə kütləvi futbolla bağlı gördüyümüz işi və bunu necə bacardığımızı təqdim etdik. Daha sonra media və marketinqlə bağlı seminarlar da təşkil olundu. Media ilə bağlı seminara qonşu ölkələrdən nümayəndələr, federasiyaların baş katibləri gəlmişdilər. Marketinq seminarına isə marketinq mütəxəssisləri, şöbə rəisləri, Qazaxıstan, Türkiyə, Tacikistan, Türkmənistan, Qırğızıstan, Özbəkistanın nümayəndələri qatılmışdılar.

- 2012-ci ildə Azərbaycanda keçiriləcək 17 yaşadək qızlar arasında dünya çempionatı üçün stadion tikintisinə başlamısınız. Amma bizdə olan məlumata görə, Bakının Mərdəkan və Bayıl qəsəbələrində inşa etdirdiyiniz stadionların ot örtüyü süni olacaq...

- Əvvəla, Mərdəkandakı “Dalğa” İstirahət Mərkəzinin ərazisində inşa olunan stadion tam dəniz kənarında yerləşir. Həmin meydançaya təbii ot döşəmək mümkün deyil. Çünki dənizlə stadion arasındakı məsafə cəmi 150 metrdir. Digər tərəfdən, FİFA və UEFA süni örtüklü meydançalarda oyunlar keçirməyə icazə verirsə, nəyə görə bundan istifadə etməyək? Süni örtüklər müxtəlif kateqoriyalıdırlar. Ən əsası, FİFA-nın iki ulduz keyfiyyət nişanını almaqdır. Bu halda belə örtüklü meydançada beynəlxalq oyun keçirmək mümkündür. “Dalğa”dakı meydançanın örtüyü heç süniyə oxşamır. Yəni, həddən artıq peşəkar səviyyədə istehsal olunub. Biz özümüz də məəttəl qaldıq ki, süni örtüklü meydança necə də təbii örtüklüyə bənzəyir... Biz orada 17 yaşlılardan ibarət yığmamızın iştirakı ilə yoldaşlıq oyunu keçirdik. Futbolçular və məşqçilər çox müsbət rəy verdilər. 2009-cu ildə Rusiya yığması ilə dünya çempionatının seçmə qrup oyunumuzu Moskvadakı süni örtüklü “Lujniki” stadionunda keçirmişdik. Həmin meydançanın durumu hamı tərəfindən normal qarşılanmışdı. 2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində Qazaxıstanla səfər matçımızı da Astanadakı süni örtüklü meydançada keçirəcəyik. “Dalğa”dakı meydançanın ot örtüyü məhz Astanadakına bənzəyəcək.

- Yığmamız Qazaxıstanla matça “Dalğa”da hazırlaşacaq?

- Çox güman ki. Azərbaycandakı meydançalar arasında Astanadakına bənzəyən yeganə ot örtüyü məhz “Dalğa”dadır. Qazaxıstanla qarşılaşmaya belə meydançada hazırlaşmaq çox müsbət haldır.

- Bəs Bayıldakı meydança?

- Bayıldakı meydançanın da ot örtüyü süni olacaq.

- Bu arenalar yalnız dünya çempionatı üçün inşa olunublar?

- Xeyr. Azərbaycanda keçirilən oyunların sayı doğrudan da çoxdur. Hazırda U-13, U-14, U-15, U-17 liqaları fəaliyyət göstərir. Gələcəkdə U-19 liqası da təşkil ediləcək. Üstəlik, müxtəlif beynəlxalq turnirlər və digər yarışlar da keçiriləcək. Təbii ot bu qədər oyuna dözməz. Bəli, İngiltərə Premyer Liqasında, məsələn, “Arsenal” – “Tottenhem” matçını izləyirik. Görürük ki, meydançanın ot örtüyü əla vəziyyətdədir. Bu örtüyün təbii olduğuna adamın inanmağı gəlmir. Çox gözəldir, rəngi, keyfiyyəti yüksək səviyyədədir. Çünki həmin stadionda həftədə bir oyun və iki məşq keçirilir. Bu halda təbii ki, ot örtüyü əla vəziyyətdə qalacaq. Biz isə hələ buna hazır deyilik. Lakin 2 süni örtüklü meydançadan əlavə, 8-ci km qəsəbəsində 11 min nəfərlik tamaşaçı tutumuna malik təbii örtüklü stadion da inşa etdiririk. Ən böyük stadionumuz da məhz təbii örtüklüsü olacaq.

- Digər klublarımızdan da süni örtüklü meydançalara üstünlük verənlər var. AFFA nəyə görə bu məsələyə loyal yanaşır?

- Bilirsiniz, əsas məsələ balans tapmaqdır. Süni örtüklü meydançalar da ola bilər, təbii örtüklüləri də. Biz də hazırda 2 süni, 1 təbii örtüklü meydança inşa edirik. Klublar da bu işlə məşğuldurlar. “Bakı” klubunun bazasında həm süni, həm də təbii örtüklü meydança var. “Qəbələ”nin inşa etdirdiyi bazada süni və təbii örtüklü meydançalar olacaq. “Xəzər Lənkəran” stadionundakı hər iki meydança təbii örtüklüdür. Gələcəkdə təbii örtüklüsünü də inşa etmək istəyirlər. “İnter” klubunun balansındakı stadionlardan Zabrat qəsəbəsində olan süni, “Şəfa” stadionu isə süni örtüyə malikdir.

- Amma “Şəfa” stadionunda beynəlxalq görüşlərin təşkilinə icazə verilmir...

- “Şəfa”ya süni ot örtüyünü arenanı uzunmüddətli icarəyə götürən Bakının “İnter” klubu döşəyib. Bu meydançada beynəlxalq oyunların təşkilinə FİFA və UEFA-dan rəsmi icazəni, eləcə də 1 və ya 2 ulduzlu diplomu “İnter” almalıdır. Əlbəttə, istərdik ki, icazə və diplomu ən qısa müddətdə alsınlar. Eşitdiyimizə görə, bu yaxınlarda həmin süni örtüyü daha müasiri ilə dəyişdirməyi planlaşdırırlar.

- Bu halda “Şəfa” stadionunda beynəlxalq oyunların təşkilinə icazə almaq mümkün olacaq?

- Ümumiyyətlə, dünyada FİFA və UEFA-nın tövsiyə etdiyi 3-4 süni örtük istehsalçısı var. Onlar da müxtəlif kateqoriyalı – uşaq futbolu, həvəskar, qeyri-peşəkar, peşəkar səviyyəli və beynəlxalq dərəcəli oyunlar üçün süni örtük istehsal edirlər. Seçimi sifarişçi edir. Sifarişçi daha bahalı, daha keyfiyyətli örtük sifariş etsə, təbii ki, bu, FİFA və UEFA tərəfindən qəbul olunacaq. Əminik və ümidvarıq ki, gələcəkdə klublar tərəfindən alınacaqları halda, süni örtüklü meydançalar keyfiyyətli olacaq.

- Bəs AZAL klubunun Şüvəlan qəsəbəsində tikdirdiyi bazadakı meydançanın süni örtüklü olmasını necə qəbul edirsiniz?

- Nəzərə almalıyıq ki, Şüvəlan qəsəbəsi də dənizə yaxın yerdədir. Ora da təbii örtük döşəmək risklidir. Mən onları anlayıram. Amma bildiyimə görə, həmin bazada çox keyfiyyətli meydança quraşdırılacaq.

- Süni örtüklü meydançaların futbolçular üçün təhlükəli olduğu bildirilir?

- FİFA icazə verəndən sonra heç bir problem yoxdur. Əsas məsələ müstəqil laboratoriyadan keçməkdir. Laboratoriyadan FİFA-ya müsbət rəy verəndən sonra təhlükə ola bilməz.

- Bakıda tikintisi gözlənilən 70 min nəfərlik tamaşaçı tutumuna malik stadionun təməlqoyma mərasimi niyə ləngiyir?

- AFFA prezidenti Rövnəq Abdullayev həmin arenanın təməlqoyma mərasiminin 2010-cu ilin sonu – 2011-ci ildə keçiriləcəyini söyləyib. Dekabr ayı ərzində çoxlu tədbir var. Ona görə də mərasim gələn il olacaq.

- “Xəzər Lənkəran” stadionunun direktoru Höccət Hacıyev bu yaxınlarda Lent.az-a Azərbaycan millisinin 2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində 1 və ya 2 ev oyununun bu arenada təşkilinin mümkünlüyünü bildirib. Hacıyevin sözlərinə görə, bunu Lənkəranda FİFA nümayəndələri ilə səfərdə olduğunuz vaxt ona Siz demisiniz...

- “Xəzər Lənkəran” stadionunda rəsmi oyunların təşkilinə dair FİFA və UEFA-dan icazəmiz var. Ona görə də orada oyun keçirəsi olsaq, seçmə mərhələdəki rəqib ölkələrin federasiyalarını əvvəlcədən bu haqda məlumatlandırmalıyıq. Federasiyamızın prezidenti Rövnəq Abdullayev ötən seçmə tsikl vaxtı da Lənkəranda oyun keçirmək istədiyimizi demişdi, icra etdik. Finlandiya ilə qarşılaşmanı Lənkəranda keçirdik. Hazırda “Xəzər Lənkəran” stadionu FİFA və UEFA tərəfindən razılıq verilən yeganə bölgə arenası olduğundan, ev oyunlarımızı Bakıdan əlavə Lənkəranda keçirə bilərik. Gələcəkdə Qəbələdəki stadion hazır olandan, FİFA və UEFA razılıq verəndən sonra orada da beynəlxalq oyunlar keçirəcəyik. 2011-ci ildə isə ən azı 1 rəsmi qarşılaşmanı Lənkəranda oynamaq niyyətindəyik.

- Azərbaycan millisi sentyabrın 2-də Belçikanı, bundan 4 gün sonra isə Qazaxıstanı qəbul etməlidir. Yəqin ki, bu oyunları nəzərdə tutursunuz...

- Hazırda hansı rəqibi Lənkəranda qəbul edəcəyimizə dair qərar verməmişik. Qazaxıstanla da ola bilər, Belçika ilə də.

- Hər ikisi ola bilməz?

- Açığı, Bakıdakı azarkeşləri də futbolsuz qoymaq olmaz. Bu amili də nəzərə alırıq. Əsas məsələ beynəlxalq səviyyəli oyun keçirdiyimiz məkanda yerli sakinlər üçün əsl futbol ab-havası yaşatmaqdır. 2009-cu ilin sentyabrında Azərbaycan yığmasının Finlandiya ilə görüşü ərəfəsində Lənkəranda nəinki futbol bayramı, hətta əsl bayram idi. İnsanlar milli komandamızı qarşılayır, dəstəkləyir, rəqib olmasına baxmayaraq, Finlandiya yığmasını da küçələrdə alqışlayırdılar. Yəni, həm şəhərdə, həm də stadionda çox müsbət ab-hava var idi. Tribunalar tam dolmuşdu, azarkeşlər isə 90 dəqiqə boyunca komandamıza dəstək vermişdilər. Yəni, belə oyunları müxtəlif regionlarda keçirmək çox müsbət haldır. Əsas məsələ yerli insanlar üçün bu bayramı yaşatmaqdır. Yalnız bir regionda oynamaq və oradan tərpənməmək də düzgün deyil. Çünki paytaxt sakinləri “Bizi futbolsuz qoydunuz” deyə bilərlər. Bakıda da Türkiyə ilə oktyabrın 11-də keçirdiyimiz oyun öncəsi, görüş vaxtı və sonra bayram idi. İnsanlara belə ab-havanı yaşatmaq lazımdır.

- Millimizin yer aldığı qrupda Almaniya və Türkiyə kimi yüksək reytinqli yığmalar var. Bu cür komandalarla 2011-ci ildə bir oyun qalır. Həmin görüşlər öncəsi onlar səviyyəsində rəqiblərlə yoldaşlıq görüşündə üz-üzə gəlməyi düşünmürsünüz?

- Yadımdadır, təqribən 2,5 il öncə jurnalistlər yığmamızın ən böyük probleminin rəqib tapmaqla bağlı olduğunu bildirirdilər. İlk mətbuat konfransımızda da bizə bu haqda sual ünvanlamışdılar. O zamanlar söz vermişdik ki, artıq bu məsələnin həlli problem olmayacaq. Bu yaxınlarda “apasport.az” saytında yığmamızın ötən dövrdə hansı ölkələrlə yoldaşlıq görüşü keçirdiyinə dair statistik yazı dərc olunmuşdu. Noyabrın 17-də millimizin üz-üzə gəldiyi Çernoqoriya da belə rəqiblərdən idi. Bu cür rəqiblərlə görüşlərdə futbolçularımız təcrübə toplayırlar. Rəqibləri arasında İngiltərənin də yer almasına baxmayaraq, Çernoqoriya yığması hazırda 2012-ci il Avropa çempionatının seçmə mərhələsində G qrupunun lideridir. Asiya ölkələri arasında da reytinqliləri ilə yoldaşlıq görüşü keçirmişik. Ümumiyyətlə, son zamanlar daha çox reytinqcə yüksək ölkələrlə qarşılaşmışıq. Makedoniya bizdən reytinqlidir, Honduras 2010-cu il dünya çempionatının iştirakçısıdır, İspaniyanın əlavə təqdimata ehtiyacı yoxdur. Avropa və dünya çempionları ilə 2009-cu il iyunun 9-da keçirdiyimiz oyun azarkeşlərimizin yaddaşında ömür boyu qalacaq. Türkiyə, Bosniya və Herseqovina, İslandiya, İran kimi güclü ölkələrlə qarşılaşmışıq. Son 2,5 ilə nəzər yetirdikdə, belə güclü yığmalarla yoldaşlıq görüşü keçirdiyimizə özümüz də inanmırıq. Amma biz bunu bacarmışıq. 2011-ci ildə də güclü komandalarla oynamağa çalışacağıq. Çünki məhz belə rəqiblərlə matçlarda Azərbaycan yığması inkişaf edir. Futbolçuların özləri də oyunlardan sonra dəfələrlə deyiblər: “Nə yaxşı ki, biz güclü ölkələrlə oynayırıq”. Çünki onlar da məsuliyyət daşıyırlar və başa düşürlər ki, güclülərlə oynamaq təcrübələrini artırır. Əgər əvvəllər güclü yığmalarla qarşılaşmışıqsa, növbəti illərdə də nəyə görə bunu bacarmayaq? Hələ mən aşağı yaşlılardan ibarət yığmalarımızı demirəm. Ötən il 17 yaşlılardan ibarət millimiz Almaniyadan olan həmyaşıdları ilə, 16 yaşlılarımız isə iki dəfə Rusiya ilə üz-üzə gəlib. Bunlar zarafat deyil, ciddi məsələlərdir.

- Ümumiyyətlə, millimizin 2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsindəki çıxışı haqda hansı fikirdəsiniz?

- Nə deyə bilərəm? 3 oyun keçirmişik, 3 xal da yığmışıq. Rəqiblərimiz isə 4 oyuna çıxıb.

- Yəni, yığmamız çox oyun keçirsəydi, çox da xal qazana bilərdi?

- Hər şey ola bilərdi. Bu ili Türkiyə üzərində qələbə ilə başa vurduq. 2011-ci ildən isə yalnız müsbət nəticələr gözləyirik. Çünki komandamızda bu potensial var. Amma real danışmaq lazımdır. Çox çətin qrupa düşmüşük. Almaniya yığması ilə baş-başa gəlmək mümkün deyil. Elə qalib gəldiyimiz Türkiyə də bizim üçün çox güclü rəqibdir. Belçika millisinin oyununa baxıram, çox güclü komandadır. Biz indi “Hədəfimiz 2012-ci il Avropa çempionatının final mərhələsidir” desək, gülməli olar.

- Hansısa dünya və ya Avropa çempionatının final mərhələsində iştirak etməyi qarşınıza qoymusunuz?

- Bununla bağlı strategiyamızı 2012-ci ildə açıqlayacağıq. Hazırda isə 3 əsas hədəfimiz var: təhsil, infrastruktur, kütləvilik. Bunlar olmasa, mümkün deyil. Biz 20 il itirmişik. 20 il ərzində bu istiqamətdə düzgün iş olsaydı, təməl də qurulardı. Hazırda məşqçi hazırlığı, infrastruktur və futbolun kütləviliyi istiqamətində çalışırıq. Məqsədimiz, hədəfimiz, prioritetlərimiz bu üç istiqamətdə müsbət nəticələr qazanmaqdan ibarətdir. Hazırda 250 məşqçimiz var, istəyirik ki, 400 nəfər olsun. Stadionlar inşa olunsun, kütləvilik yaransın. Hazırkı hədəflərimizi 2012-ci ildə yekunlaşdıracağıq. Bundan sonra isə növbəti strategiyamızı açıqlayacağıq. İki ildən sonra 17 yaşadək qızlar arasında dünya çempionatı keçirəcəyik. Bundan sonra daha böyük yarışlara iddia edəcəyik. Amma indidən nə deyək? AFFA-nın belə nüfuzlu turnirləri təşkil etmək bacarığına malik olduğunu FİFA və UEFA-ya sübut edək, sonra yeni hədəflərimizi həmin qurumlar qarşısında qoyacağıq. Azərbaycanda daha böyük tədbirlər keçirməyi planlaşdırırıq. Zarafat deyil, son 3 ayda UEFA-nın dəstəyi ilə Azərbaycanda 3 seminar keçirilib. İndiyədək belə hal olmayıb. Hər 3 tədbirin təşkilatçılıq səviyyəsindən çox razı qaldılar. Həm də birindən razı qaldıqları üçün digərini də bura saldılar. Digər ölkələrin federasiyaları da irəliləyişləri görür.

- Bu yaxınlarda 17 və 19 yaşlılardan ibarət milli komandalarımıza yeni baş məşqçilər təyin edilib. Berti Foqtsun köməkçisi Vəli Qasımov 19 yaşlılarımızla, 16 yaşlılarda ibarət millimizin baş məşqçisi Təbriz Həsənov isə 17 yaşlılarımızla işləməyə başlayıb. Ümumiyyətlə, yığmalarımıza baş məşqçi təyinatları hansı meyarlarla aparılır?

- Biz 2,5 il öncə yığma komandalarımıza əcnəbi mütəxəssislər dəvət etmişik. AFFA rəhbərliyi onların işinin nəticəsindən razıdır. Məhz buna görə də həmin mütəxəssislərlə müqavilə uzadılıb. Onların yanında çalışan mütəxəssislərdən biri Vəli Qasımov idi. O, 3 aya yaxın idi ki, Foqtsa kömək edirdi. Biz hesab etdik ki, Qasımov artıq baş məşqçi kimi işləyə biləcək gücə malikdir. Yerli mütəxəssisdir, tanınmış futbolçu olub və fikrimizcə, gələcəkdə yaxşı baş məşqçi ola bilər. Təbriz Həsənov isə AFFA-da bir ildən çoxdur ki, çalışır. O, işə seleksiyaçı kimi başladı və çox müsbət nəticələr göstərdi. Məhz bu səbəbdən, 16 yaşlılardan ibarət yığmamıza baş məşqçi təyin olundu. Biz onları Türkiyənin “Fənərbağça” klubunun bazasına göndərdik, orada hazırlıq prosesi keçdilər, təcrübə topladılar. Sonra Almaniyanın Vedau futbol məktəbində ezamiyyətdə oldular və zəngin təcrübə əldə etdilər. Nəhayət, yığmamız ildə bir dəfə keçirilən seleksiya xarakterli turnirə qatıldı. Foqts Almaniyada olarkən, Həsənovun işini izləyirdi, onun köməkçisi Olaf Yansen komanda ilə birgə qalırdı. Hesab edirik ki, Təbriz Həsənovun işi düzgün istiqamətə yönəlmişdi. Məhz bu səbəbdən, Həsənovu 17 yaşlılardan ibarət yığmamıza baş məşqçi təyin etdik.

- “Qarabağ”ın iki futbolçusu - Samir Abasov və Maksim Medvedev yığmamızın təlim-məşq toplantısı müddətində zədələniblər. Bu cür hallarda onların müalicəsi ilə kim məşğul olur: AFFA, yoxsa klublar?

- Azərbaycan millisində zədə alan futbolçunu müalicə olunması üçün klubuna göndərmirik. İlk növbədə, yığmanın həkimi və ya inzibatçısı həmin klubla əlaqə saxlayır. “Biz özümüz futbolçunu müalicə edərik” deyir. Klubdan “Futbolçunu geri göndərin, biz müalicə edəcəyik” söyləsələr, başqa məsələ. Əks halda, biz yığmada zədələnən futbolçunun müalicəsini öz üzərimizə götürürük. Hətta klubunun heyətində zədələnən futbolçuya da tibbi kömək göstəririk, lazım gəlsə, müalicəsini öz boynumuza götürürük. Bəzi klublar var ki, bizimlə bu sahədə çox sıx əməkdaşlıq edir. Zəng vururlar, məsləhətləşirlər, futbolçularını xaricə tibbi müayinəyə göndəririk, müalicə də edirik. Bu, normal haldır. Əsas odur ki, nümunə götürək, amma mənfidən yox, müsbət təcrübədən. Bu gün AFFA-nın klublarla çox gözəl, əsl futbol ailəsi səviyyəsində münasibətləri var. Biz bir-birimizə normal qaydada müraciət də edə bilərik, məsələyə müsbət baxıla da bilər, hərdənbir mənfi də ola bilər, amma müzakirə aparılmaqla. Bir-birimizlə münasibətimiz var. Bu, çox vacib amildir. Ona görə də zədə amili ilə bağlı problemimiz yoxdur. Hansı futbolçu zədələnsə, hər zaman onun müalicəsini etməyə hazırıq. Söhbət təkcə peşəkar futbolçulardan deyil, gənclərdən də gedir. Millinin üzvü klubun oyununda zədə alıbsa, biz onun da müalicəsini eləməyə razıyıq, hazırıq.

- İndiyədək belə bir hal olub?

- Bəli. Vaqif Cavadov Hollandiyanın “Tvente” klubunun heyətində məşq vaxtı zədələnmişdi. Həmin ərəfədə yığmamız Avstriyada təlim-məşq toplantısında idi. Zədəli olmasına baxmayaraq, Cavadov da həmin toplanışa qatılmışdı. Biz Avstriyada onun bərpası ilə məşğul olduq. Azərbaycana qayıtdıqdan sonra da bizim fizioterapevt onunla gündəlik bərpa prosesi keçirdi. Bu faktı indiyədək ictimaiyyət bilmirdi. İndi açıqlayıram. Əslində Cavadov “Tvente”nin heyətində zədə alıb, bunun bizə aidiyyatı yox idi. Buna baxmayaraq, millinin futbolçusu olduğu üçün onun müalicəsi ilə məşğul olduq. Yalnız bundan sonra Vaqif Cavadov “Tvente”yə qayıtdı. Hollandiya klubu isə buna görə bizdən razılıq etdi. Yəni, AFFA rəhbərliyi millinin hər hansı futbolçusu zədələnəcəyi halda bərpa etməyə hazırdır. Bu günədək heç kimə “yox” deməmişik. Futbolçunun klubda, yoxsa yığmada zədələndiyi bizi maraqlandırmır. Əsas odur ki, millinin futbolçusudur, ona görə də zədəsini bərpa etməyə hazırıq.

- Beynəlxalq praktikaya əsasən, yığmada zədələnən futbolçulara görə milli federasiya klublara kompensasiya ödəməlidir. Belə halın Azərbaycanda da tətbiqi gözlənilirmi?

- Hələlik klublarla belə bir söhbətimiz olmayıb. Onlar millidə zədələnən futbolçularına görə kompensasiya tələb etməyiblər.

- 2002-ci il dünya çempionatında bürünc medal qazanan Türkiyə yığmasının futbolçuları belə bir açıqlama vermişdilər: “Millimizin bu uğuru qazanmasında Almaniyada doğulan və sonralar “ay-ulduzlular”ın heyətinə cəlb olunan türklərin də rolu var”. Necə hesab edirsiniz, Almaniyada əslən azərbaycanlı futbolçular da üzə çıxarmaq mümkündür?

- AFFA-nın Texniki Departamenti bu istiqamətdə işini peşəkarcasına qurub. Federasiyamızın saytında isə müxtəlif yaş qruplarından ibarət Azərbaycan millisində oynamaq istəyənlər üçün anket qoyulub. Xaricdə çıxış edən əslən azərbaycanlı futbolçular həmin anketi doldura bilərlər. Artıq çoxlu sayda anket doldurulub. Müxtəlif klublar və həmin oyunçuların valideynləri ilə danışıqlar aparırıq. 17 yaşlılardan ibarət yığmamızın heyətinə nəzər yetirsəniz, görərsiniz ki, 25 nəfərdən 8-i müxtəlif ölkələrin klublarında oynayan futbolçulardır. Bu, onu göstərir ki, etnik azərbaycanlı futbolçuları da millimizə cəlb edirik. Onların çoxu Azərbaycanda olub, sonradan xaricə köçüblər. 40-50-dən çoxu baxışdan keçiblər. Aralarında Almaniyadan olanlar da var, onlarla da əlaqə saxlamışıq. Elələri var ki, Almaniya çempionatının 9-10-cu liqalarında çıxış edirlər. Buna görə də yığmamıza uyğun deyillər. 12-13 yaşlı uşaqlar da var, onların valideynləri ilə əlaqə saxlayırıq. Bu yaxınlarda İsveçdən bir uşaq cəlb etmişdik. Qızlardan ibarət yığmamızda da belə futbolçu var. Yəni, bu istiqamətdə işimizi düzgün qurmuşuq. Hazırda xaricdə nə qədər fəal azərbaycanlı futbolçumuzun olduğu barədə statistikamız var. İki il öncə mətbuata belə bir siyahı çıxarmışdıq. Orada olanların 30 faizini sınaqdan çıxarmışıq, onların məşqçilərinə, Almaniya Futbol İttifaqına zəng vurmuşuq, məlumat almışıq.

- Almaniyanın paytaxtı Berlində də futbol məktəbi açmışdınız. Məktəbdə yetişən perspektivli futbolçular var?

- Var. Bəzi futbolçular üzə çıxarılıb. Onlarla bağlı bu yaxınlarda geniş məlumat verəcəyik.

- AFFA rəhbərliyi olaraq, futbolumuzun hazırkı inkişaf səviyyəsindən razısınız?

- Biz ümumi inkişafdan razıyıq. Amma bunu da deyirik ki, 17 yaşlılardan ibarət yığmamızın Avropa çempionatının seçmə mərhələsində son nəticələri qənaətbəxş deyil. Yalandan “əla idi, amma 0:6 hesabı ilə uduzdu” desək, düzgün olmaz. Eləcə də qadınlardan ibarət yığmamız. Həmin komandanı niyə ləğv etdik? Çünki orada “lipalaşdırma” prosesi gedirdi, heyətdəkilər azərbaycanlılar deyildi. Amma hazırda fəaliyyət göstərən 15 yaşlılardan ibarət yığmamızın üzvlərinin hamısı azərbaycanlılardır. Sıfırdan başlayıblar. Biz göstərmək istəyirik ki, sıfırdan da başlamaq olar. Təki təməli qoyaq. Çünki hər şey təməldən asılıdır.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1149

Oxşar yazılar