Əsgər Abdullayev: “Azərbaycan yığması Türkiyəni antifutbol adlandırılan oyunla yendi”
19 oktyabr 2010 18:39 (UTC +04:00)

Əsgər Abdullayev: “Azərbaycan yığması Türkiyəni antifutbol adlandırılan oyunla yendi”

Demək olar ki, rəqib komanda oynamadı. Futbolçularımız türkiyəli həmkarlarını bütün komponentlərdə üstələdilər”. Bu fikirləri Lent.az-a açıqlamasında futbol üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Əsgər Abdullayev deyib.

49 yaşlı mütəxəssisin sözlərinə görə, oktyabrın 12-də keçirilmiş 2012-ci il Avropa çempionatının seçmə qrup matçında Türkiyə millisi Azərbaycan yığmasına qarşı saymazyana münasibətinin nəticəsində cəzalandırılıb. O bildirib ki, “ay-ulduzlular” hətta yoldaşlıq görüşündə daha istəkli görünüblər.

Əvvəllər Bakının “Olimpik” klubunun (indiki AZAL) baş məşqçisi postunda da çalışmış Abdullayev antifutbol oynadığı üçün xeyli tənqidlərə məruz qalıb. Təcrübəli mütəxəssisin fikrincə, Azərbaycan millisi məhz belə oyunla Türkiyəni yenib, “İnter” isə ötən mövsüm İtaliya çempionu olub: “Əvvəla, əgər biz antifutbol oynaya-oynaya Azərbaycan çempionatında demək olar ki, bütün rəqiblərimizi yenirdiksə, 2007-2008-ci il mövsümünü gümüş medalla başa vurmuşduqsa, rəqiblərimizin oynadığı futbola nə ad vermək olardı. Digər tərəfdən, mən əlimdə olan futbolçulara uyğun taktika qururdum. Bu da sürətli hücumlar və standart vəziyyətlərdən maksimum yararlanmağa hesablanmış taktika idi. Hansı ki, məhz belə oyunla Azərbaycan yığması Türkiyəni 1:0 hesabı ilə yendi. Standart vəziyyətdən qol vurdu. Ötən mövsüm isə “İnter” İtaliya çempionu oldu”.

Qeyd edək ki, Əsgər Abdullayev 2002-ci ilin oktyabrından 2003-cü ilin sonlarınadək Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsində çalışıb. Sonradan “Bakı” və “Olimpik” komandalarına da rəhbərlik etmiş Abdullayev 2009-cu il noyabrın 23-dən işsizdir.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 847

Oxşar yazılar