“Xəzər Lənkəran” Kamran Ağayevlə bağlı qərardan şikayət edəcək
05 oktyabr 2010 18:24 (UTC +04:00)

“Xəzər Lənkəran” Kamran Ağayevlə bağlı qərardan şikayət edəcək

Onun sözlərinə görə, “Bakı” ilə oyunda etdiyi hərəkətin qarşılığında Ağayevə verilən 4 oyunluq cəza çoxdur: “Bu, həm maddi cəhətdən, həm də kapitanımızın ilk dövrənin sonunadək oynaya bilməyəcəyi anlamında ağır qərardır. Hər halda, Kamran birbaşa qırmızı vərəqə alsaydı, bu qədər cəzanı haradasa, düzgün saymaq olardı. Amma hakimin gözündən yayınan bu hərəkəti hakim-inspektor matçın protokolunda qeyd etdiyi üçün oyunçumuzu cəzalandırıblar. Elə isə bizim də penaltimizi qaytarıb versinlər. O da hakimin gözündən yayınıb. Hakim oyunu düzgün idarə etmədikdən sonra İntizam Komitəsi onun buraxdığı səhvlərini bərpa etməyə çalışır. Hakimin işinə də baxılmalıdır. Çünki Fariz Yusifov oyunu biabırçı idarə edib”.

Klub rəsmisinin fikrincə, oyunda heç bir vərəqə almayan futbolçunun və etdiyi hərəkətin qarşılığında birbaşa qırmızı vərəqə ilə meydançadan qovulan “Bakı”nın hücumçusu Jabanın eyni cəzaya – 4 oyunluq diskvalifikasiyaya məruz qalması düzgün deyil. Vitse-prezidentin sözlərinə görə, Ağayev futbolçuya yaraşmayan hərəkət edibsə, maksimum 2 oyunluq cəzalandırılmalıdır.

Nadirov bildirib ki, “Xəzər Lənkəran” rəhbərliyi komandadakı bütün oyunçuların nizam-intizama maksimum əməl etmələri üçün bir sıra tədbirlər planı müəyyənləşdirib. Sarı və ya qırmızı vərəqə almasından asılı olmayaraq, intizamı pozan futbolçular müvafiq cədvələ uyğun cərimələnirlər. Amma həmin epizodda Ağayev futbolçuya yaraşmayan hərəkət etməyib: “Düzdür, Kamran Ağayev emosiyalara qapılır. Amma kadrlardan da görünür ki, sonradan rəqib futbolçu Vyaçeslav Sofroni ilə mehribancasına qucaqlaşır. Bu, oyun prosesində olan bir şeydir. Onu başa düşürük. Oyunçumuz həmin epizodda dəhşətli bir şey etməyib. Baxmayaraq ki, bu hərəkəti böyük olaya çevirmək istəyənlər var. Amma o hərəkətdən sonra Ağayev Sofronini qucaqlamasaydı, bunu futbolçuya yaraşmayan hərəkət saya bilərdik”.

Qeyd edək ki, Unibank Premyer Liqasının VIII turunda 1:1 hesabı ilə nəticələnən “Xəzər Lənkəran” – “Bakı” matçının 85-ci dəqiqəsində Kamran Ağayev “Bakı”nın futbolçusu Vaqif Cavadovun bərabərlik qolundan sonra topu tordan özü çıxarıb. Bu zaman ona yaxınlaşan “Bakı”nın futbolçusu Vyaçeslav Sofroni topu almaq istəyib. Lakin Ağayev Sofroninin sifətinə əllə zərbə endirib. Baş hakim Fariz Yusifov həmin vaxt bu epizodu görməyib. Lakin oyunun videoyazısına baxan və Hakim-İnspektor Füzuli Nəcəfovun raportuna əsaslanan İntizam Komitəsi “Xəzər Lənkəran”ın kapitanını 4 oyunluq, yəni ilk dövrənin sonunadək cəzalandırıb. Kluba isə 4 min manat cərimə kəsilib.

Eyni cərimə və cəza “Bakı” və onun braziliyalı hücumçusu Jabaya tətbiq olunub. “Sambaçı” 74-cü dəqiqədə rəqib oyunçu Konstantin Arbonasa əli ilə zərbə endirdiyi üçün birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb.

Elşən Məmmədov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 983

Oxşar yazılar