“Xəzər Lənkəran”la “Neftçi” 15 min manat cərimə ilə qurtuldular
29 sentyabr 2010 14:29 (UTC +04:00)

“Xəzər Lənkəran”la “Neftçi” 15 min manat cərimə ilə qurtuldular

Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, sentyabrın 25-də Lənkəran şəhər stadionunda keçirilmiş qarşılaşmada bir neçə insident baş verib.

Matçın 1-ci dəqiqəsində “Neftçi”nin, 89-cu dəqiqədə isə “Xəzər Lənkəran”ın azarkeşləri fişəng yandırıb. Bununla əlaqədar hər iki kluba 3 min manat cərimə kəsilib. 80-ci dəqiqədə “Xəzər Lənkəran” azarkeşləri meydançaya kənar əşyalar atıblar. Bu isə Lənkəran klubuna daha 2 min manat cərimə bahasına başa gəlib. 89-cu dəqiqədə meydançaya azarkeş daxil olduğu və tribunalarda hər iki klubun azarkeşləri arasında münaqişə baş verdiyi üçün “Xəzər Lənkəran”a daha 5 min manat cərimə kəsilib. Bu hadisə ilə əlaqədar “Neftçi” klubu meydan sahiblərinin təqdim edəcəyi hesaba əsasən, dəymiş zərəri ödəyəcək.

İntizam Komitəsi bütün bunları nəzərə alaraq hər iki kluba ciddi xəbərdarlıq edib. Analoji hadisənin təkrar olunacağı təqdirdə, həm “Xəzər Lənkəran”, həm də “Neftçi” barəsində ciddi ölçü götürüləcək və klubların azarkeşləri oyunlara buraxılmayacaqlar.

Salyanda keçirilmiş “Muğan” – “Simurq” matçının 38-ci dəqiqəsində qonaq komandanın futbolçusu Rasim Ramaldanov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Ramaldanova 1 oyunluq cəza, klubuna isə 200 manat cərimə kəsilib.

Qeyd edək ki, “Xəzər Lənkəran” və “Neftçi”nin əvəzedici heyətləri arasında sentyabrın 24-də keçirilmiş görüşdə də münaqişə yaşanıb. Qarşılaşmanın fasiləsində “Xəzər Lənkəran”ın futbolçusu Mirqədim Cabbarlı ilə “Neftçi”nin oyunçusu Orxan Həsənov bir-birlərini təhqir ediblər. Hakim onları birbaşa qırmızı vərəqə ilə meydançadan qovub. İntizam Komitəsi hər iki futbolçunu 3 oyunluq cəzalandırıb, klubların hərəsinə isə min manat cərimə kəsib. Bu isə o deməkdir ki, “Xəzər Lənkəran” və “Neftçi”nin əsas və əvəzedici komandaları arasındakı oyunlar AFFA-ya 15 min manat qazandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 842

Oxşar yazılar