Bu məktəbdə futbolçunu “lipa”ya çevirənin başını üzürlər – REPORTAJ -
- Azərbaycanın himnini bilirsən?
- Bəli.
- Oxu görək...
- A-zər-baycan... “Uje” yadımdan çıxdı e...
- Sən gəl oxu...
- Azərbaycan! Azərbaycan! Ey qəhrəman övladın şanlı vətəni! (sonadək oxuyur – E.M.)
Himnin sözlərini bilənin də, bilməyənin də 10 yaşı var. Hər ikisi futbolla məşğul olur. Hər ikisi Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin futbol üzrə İxtisaslaşdırılmış Uşaq-Gənclər Olimpiya Ehtiyatları Məktəbi (İUGOEM) nəzdində uşaq komandalarından birində məşq edir. Himni bilən bilməyəndən zəif oynayır. Onlar Tofiq Bəhramov adına Respublika stadionunun süni örtüklü meydançasında hazırlıq keçirlər. Məşqçiləri Canbaxış Hüseynovdur. Hüseynov Rəcəb Fərəczadə, Elşən Məmmədov, Cəmşid Məhərrəmov kimi futbolçuları o yetişdirib. İndi isə onun rəhbərliyi altında 30-dək uşaq futbolun sirlərinə yiyələnir. Onların qayğıları da var, problemləri də... Bunu özləri ilə söhbət edərkən aydınlaşdırdıq.
Meydançada futbol oynayan uşaqların əynində müxtəlif klubların formaları vardı. Kimisi “Barselona”, kimisi “İnter”, kimisi “Milan”, kimisi də “Qalatasaray”ın formasında idi. Hava isti olsa da, uşaqlar həvəslə oynayırdılar. Məşqçi isə əks tərəfdə onlardan birinə nəyi isə izah edirdi. Ona yaxınlaşıb, uşaq futbolu ilə bağlı yazı hazırlamaq fikrimizi bildirdik. Məşqdən şəkillər çəkəcəyimizi də bildikdən sonra “Qoy, gedib əyinlərinə çiyinlik (rusca “nakidka” – E.M.) geysinlər ki, hamısı eyni formada görünsün. Bir qədər sonra uşaqlar meydançanın bizdən əks tərəfində bir cərgə düzüldülər. Məşqçi Canbaxış Hüseynov onlarla bir müddət söhbət etdi. Söhbətin mövzusunu eşidə bilmədik. Yəqin ki, uşaqlara jurnalistlə söhbət zamanı nələri danışıb-danışmamalı olduqlarını izah edirdi.
Bir qədər sonra uşaqlar məşqçi ilə birgə bizə yaxınlaşdılar...
Məktəb haradadır?
Biz onların məşqinə İUGOEM-in direktoru, veteran futbolçu Kazbek Tuayevlə söhbətdən sonra yollanmışdıq. Məktəb də, məşq meydançası da “Gənclik” metrosunun yaxınlığındadır. Tuayev İUGOEM-in fəaliyyətə başladığı 24 iyun 1984-cü ildən rəhbərlik edir. Məktəbdə Bakının hər yerində 7 yaşdan 15 yaşadək 1000-dək uşaq məşğul olur. Bütün rayonlarda məktəbin bölmələri var. Tuayev deyir ki, İUGOEM-in yetirmələri Azərbaycanın bütün peşəkar klublarında və ayrı-ayrı yaş qrupları üzrə milli komandalarımızda çıxış edirlər. Onlardan Zaur Tağızadə, Elçin Rəhmanov, Ruslan Musayev, Amid Quluzadə, Tərlan Quliyev, İlham Yadullayev, İsmayıl Məmmədov, Vitali Kovalyov, Cahangir Həsənzadə və digərlərini misal çəkmək olar. Direktorun sözlərinə görə, uşaq komandalarının hamısı formalarla təchiz olunub: “Bütün bunlara görə gənclər və idman naziri Azad Rəhimov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasova dərin minnətdaram. Onlar bizim məktəbə çox yaxşı baxırlar”.
Məşqlər Tofiq Bəhramov adına Respublika stadionunda, Bayılda, bütün mikrorayonlarda, Xırdalanda, 8-ci kilometr və Biləcəri qəsəbələrində və digər yerlərdə keçirilir. Əvvəllər uşaqlar asfalt meydançalar üzərində məşq edirdilərsə, indi süni və təbii örtüklü meydançalarda hazırlıq keçirlər: “AFFA nəhayət, düzgün iş sistemi ortaya qoyub. Yəni, işə uşaq futbolundan başlamaq lazımdır. Əvvəllər uşaq futboluna çox pis münasibət göstərirdilər. İndi isə uşaq futbolu üçün 400-dək böyük və kiçik meydança salınıb. Futbol akademiyası açılıb. Ölkə çempionatında bütün yaş qruplarından olan komandalar mübarizə aparırlar. Bunlar olmadan klublarımıza Unibank Premyer Liqasında çıxış etməyə icazə vermirlər. Bu, ən düzgün qərardır”.
Tuayev hazırda futbolumuzun o qədər də yaxşı vəziyyətdə olmadığını etiraf edir. Amma o, əmindir ki, gələcəkdə futbolumuz yüksək səviyyəyə çatacaq: “Mən bunu uşaq futbolunun indiki durumuna və inkişaf tempinə əsasən deyirəm. Uğurlar tədricən qazanılacaq. Tam zəmanət verə bilərəm ki, 3-4 ildən sonra bizim uşaqlar həm Avropa, həm də dünya birinciliklərində çox uğurlu çıxış edəcəklər. Oradan da ən yaxşı futbolçular milli komandamıza cəlb olunacaqlar”.
Dərsə gedən bir uşaq...
Tuayevin sözlərinə görə, Bakı şəhər birinciliyində İUGOEM-in çoxlu komandası çıxış edir. Məktəbin uşaq komandaları ölkə daxilində və xaricdə keçirilən yarışlara qatılırlar. İndiyədək uşaqlar Rusiya, Türkiyə, İran, Bolqarıstan, Gürcüstanda təşkil olunan turnirlərdə qüvvələrini sınayıblar: “Uşaqlarımız daim yüksək nəticələr göstəriblər. Bu yaxınlarda komandamız İranın Təbriz şəhərində keçirilən turnirdə çıxış edib və ikinci yeri tutub. Buna görə də BŞGİBİ-nin rəisi Raqif Abbasov uşaqların hamısını mükafatlandırıb. Amma uzaq olduğu üçün Qərbi Avropada keçirilən turnirlərə qatıla bilmirik. Amma “Neftçi”, “İnter” kimi klublarımızın lazımi miqdarda maliyyə vəsaiti olduğu üçün gedib, tez-tez iştirak edirlər. Bizim isə bu qədər pulumuz yoxdur”.
Tuayev İUGOEM-in iş sistemi haqda da danışır. Deyir ki, məktəbə gələn hər bir uşaqla müqavilə bağlayırlar. Futbolçunun hazırlığı müqabilində AFFA məktəbin hesabına 1000 manat ödəyir. Müqavilə bağlayan kimi uşaq futbolçuların adları federasiyanın kompüter sistemində qeydiyyata düşür. Məktəbi qurtardıqdan sonra hansısa klub onlarla müqavilə bağlasa, müəyyən məbləğdə vəsaiti məktəbə ödəməlidir. Vəsaitin məbləği futbolçunun əsas və ya əvəzedici komandaya götürülməsindən asılı olaraq, dəyişir.
Məktəbin məktəbi yoxdur
Amma məktəbin problemləri də var. Bunlardan ən başlıcası İUGOEM-in yarandığı gündən indiyədək şəxsi futbol məktəbinin olmamasıdır: “Məşq etdiyimiz hər bir meydançanı icarəyə götürürük. Amma bizim öz stadionumuz olsaydı, daha çox irəliləyiş əldə edə bilərdik. Ona görə də Gənclər və İdman Nazirliyindən xahiş edirik ki, bu məsələni yoluna qoysunlar. Nazirlikdən vəd veriblər ki, problemimizi həll edəcəklər. Gözləyirik”.
Digər tərəfdən, uşaqların məşq etməsi üçün təbii ot örtüklü meydançalar yox dərəcəsindədir. Onlar bir qayda olaraq, məşqlərini süni örtüklü meydançalarda keçirlər. Tuayev bu problemi təbii sayır: “Yaşıl meydançalara malik olmaq üçün İngiltərədə yaşamaq lazımdır. Orada yaşıl meydanlara çox yaxşı qulluq edirlər. Təbii örtüklü meydançalara ot yetişdirmək üçün 100-dək institutları var. Bizdə isə çox istidir, belə şəraitdə süni örtüklü meydançalarda məşq etmək daha münasibdir. Meydançalar düzdür, dərslər qaydasında aparılır. Əvvəlcə cəldlik, güc, texnika, taktika öyrədilir. Sonra isə bu biliklər yüksək səviyyəli taktiki hazırlıq formasında təkmilləşdirilir. Belə biliklərə süni örtüklü meydançalarda məşqlə yiyələnmək əlverişlidir”.
“Lipa”ya görə 3 məşqçi qovulub
Uşaq futbolunda ən böyük problem isə yaşı süni şəkildə azaldılan futbolçularla bağlıdır. “Lipa”laşdırılma prosesinə məhz uşaq yaşlarından başlayırlar. Amma Tuayev deyir ki, rəhbərlik etdiyi məktəbdə indi belə halın olması qeyri-mümkündür: “1984-cü ildə bu məktəb yaranandan 3 məşqçini qovmuşam. Məhz “lipa” söhbətinə görə. Onlardan biri “Neftçi”də 8 ilədək futbolçu kimi çıxış etmiş Ravil Cəlilovdur. Qalanlarının adlarını xatırlamıram. Bu hadisə 1985-1986-cı illərdə olub. Sərt ölçü götürən kimi hər şey qaydasına düşdü. Artıq biz yeganə məktəbik ki, bir dənə də “lipa”mız yoxdur. Çünki məktəbimizdə “lipa” olsa, o da, məşqçisi də dərhal qovulacaq. Bu barədə müqavilədə də göstərilib. Mən futbolçulardan kimin “lipa” olduğunu bilirəm. Amma bunun mənə aidiyyatı yoxdur. Mənim üçün ən əsası öz məktəbimdir. Mənim məktəbimdə kimsə bu işlə məşğul olsa, onun başını üzərəm. Ona görə də həmişə öz məşqçilərimizə deyirəm: “Mənə “Filan komandada “lipa” oynayır” söyləmə. Mənə nəticə lazımdır. Nəticəni isə “təmiz uşaqlar”la verməlisən. “Lipa”ların mənə dəxli yoxdur”.
Uşaq futbolçular icarə haqqı üçün 10 manatdan yığırlar
Bunların hamısı Kazbek Tuayevin dedikləri idi. Məhz real vəziyyəti görmək üçün Tofiq Bəhramov adına Respublika stadionundakı süni ot örtüklü meydançada idik. Məşqçi Canbaxış Hüseynov uşaq futbolçularla birgə bizə yaxınlaşdıqdan sonra söhbətə başladıq. Hüseynov dedi ki, məşqləri cürbəcür yerlərdə keçirlər. Bunun üçün 15-dən çox yerdə meydançalar icarəyə götürülüb. Əvvəllər Təhsil Nazirliyinin tabeçiliyində olan məktəb bir müddət öncə Gənclər və İdman Nazirliyinin sərəncamına verilib. Meydançaların icarə haqqı uşaq futbolçuların özləri tərəfindən hər ayın əvvəlində 10 manatdan yığılaraq, verilir. Uşaqlar ailələrində bu qədər vəsaiti ödəməyə imkanın olduğunu bildirir. Futbolçulara yalnız futbolka və şortik verilir. Ayaqqabı, corab və digər geyimləri isə uşaqların özləri alırlar. Bir ara çempionatda çıxış edən futbolçulara belə geyimlər də verilib.
Robinyoya oxşayır, Eto O olmaq istəyir
Məşqçi bir futbolçunu göstərir və deyir: “Bu uşaq 2000-ci ildən olsa da, 1997-ci il təvəllüdlülərdən ibarət komandada çıxış edir. Perspektivli futbolçudur. Ötən həftə onu 1996-cı il təvəllüdlülərə qarşı oynatmışıq. Mərkəz dairəsi yaxınlığından qol vurub. Bir sözlə, perspektivli futbolçularımız var. Futbolçulara deyirəm ki, yetirməm Rəcəb Fərəczadə çəlimsiz olsa da, müəyyən səviyyəyə çatıb. Cəmşid Məhərrəmov vaxt olub ki, futboldan getmək istəyib, amma onu ruhlandırıb saxlamağa müvəffəq olmuşuq. Eləcə də Elşən Məmmədov mənim yetirməmdir. Bu misalları futbolçulara çəkirəm”.
Onun dediyi 10 yaşlı futbolçu ilə tanış oluruq. Adı Kamran, soyadı isə Məmmədovdur. Bakı şəhərindəki 64 saylı orta məktəbdə oxuyur. Deyir ki, təhsil aldığı məktəbdə onun futbolla məşğul olmasından xəbərdardırlar və dərslərdə buna maneə törətmirlər. “İdmana getmək yaxşıdır. Get” söyləyirlər. O, dərsdən saat 13:00-da çıxır. 14:30-da isə məşqi başlayır.
Futbolçulardan digəri uzun saç düzümü ilə seçilir. Deyir ki, özünü “Real”ın braziliyalı yarımmüdafiəçisi Kakaya bənzətmək istəyir. Digəri isə zahiri görkəmindən Robinyoya oxşasa da, kumirinin “İnter”in kamerunlu hücumçusu Samuel Eto O olduğunu söyləyir.
Uşaqlar millimizin geyimlərini tapmırlar
Futbolçuların hamısı Bakıdandır. Yalnız biri Gürcüstanda doğulub. Yay tətilində qohumlarının yanına gəlib. Məşqlərini davam etdirmək üçün onu bu məktəbə qoyublar. Uşaqlar məktəbə özləri gəlirlər. Hətta biri deyir ki, 5 yaşından marşrut avtobusları ilə sərbəst şəkildə məşqlərə gedir. Onların hamısının məqsədi gələcəkdə peşəkar futbolçu olmaqdır. Heç biri digər peşə seçmək fikrində deyil. Məşqçi isə deyir ki, uşaqlar isti yay günlərində çəkdikləri əziyyətlə futbolu sevdiklərini nümayiş etdiriblər. Onlar cəmi bir həftə istirahət edə biliblər. Qalan vaxtlarda gündə ən azı bir dəfə məşq keçiblər. Məşqlər bir saat – saatyarım olur: “Bu qədər əziyyət çəkirlərsə, demək qarşılarına hansısa məqsədi qoyublar”.
Məşqçi uşaq futbolçuların əyinlərində xarici klubların formalarının olmasına da aydınlıq gətirir. Deyir ki, bu formalar məşq üçün nəzərdə tutulub. Amma onların oyun formaları məktəbin özü tərəfindən verilib. “Futbolçularımızdan kimi tanıyırsınız?” sualına kimisi Vaqif Cavadov, kimisi Rəşad Sadıqov, kimisi Kamran Ağayev, kimisi də Əfran İsmayılovun adını çəkir. Hətta onlardan bəzilərinə bənzəmək istədiklərini də deyirlər. Həmin futbolçuların formalarını yox, əcnəbi komandaların geyimində çıxış etmələrinə isə uşaqlar belə aydınlıq gətirirlər: “Bizim futbolçuların formaları satışda yoxdur. Olsa da, böyüklər üçündür. Azyaşlılar üçün yoxdur”. Əcnəbi klubların formalarını 10-15 manata aldıqlarını deyən uşaqlar eyni məbləğə azərbaycanlı futbolçunun geyimi olarsa, ona üstünlük verəcəklərini bildirirlər. Məşqçi də təlimlərdə milli-mənəvi dəyərlərin uşaqlara aşılanmasına da yer ayırdığını bildirir.
“Vaqif Cavadov heç kimə ötürmə vermir”
Uşaqlar millimizin oyunundan da narazıdırlar. Deyirlər ki, futbolçular yalnız özləri üçün oynayırlar. Heç kimə ötürmə vermirlər. Yalnız özlərini fikirləşirlər. Ən çox özünü düşünən futbolçu isə Vaqif Cavadovdur. Amma Türkiyə yığması ötürmələrlə oynayır. Yığmamız ağıllı, düşünülmüş ötürmələrlə çıxış etsə, nə vaxtsa Braziliya millisinin səviyyəsinə çata bilər. Amma həmin vaxt biz futbolçu karyeramızı başa vuracağıq.
Məşqçi isə klublarımızda əcnəbi futbolçuların daha çox oynamasından narazılığını bildirir. Onun sözlərinə görə, bu amil yeni futbolçu nəslinin yetişməsinə təsirsiz ötüşmür: “Klublar yerli futbolçulara daha çox üstünlük versələr, müəyyən yaş dövrünə çatan uşaqları itirmərik”.
“Uşaqlar özlərini hansı futbolçumuza bənzətsinlər?”
Burada uşaqlarla söhbəti yekunlaşdırıb, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Mirkamil Rəhimovla söhbətə yollanırıq. Rəhimov həm də Uşaq-Gənclər Futbolu Federasiyasının prezidentidir. Deməli, qaldırılan problemlərin həlli ondan da asılıdır.
Rəhimov əvvəlcə uşaqların milli komandamızın yox, əcnəbi klubların formalarını geyinməsinə münasibət bildirir: “Digər idman növlərində olduğu kimi, futbolda da Anatoli Banişevski, İsgəndər Cavadov, Maşallah Əhmədov, Kazbek Tuayev kimi liderlər olmadır. Uşaqlar da baxıb, özlərini onlara bənzətməlidirlər. Amma indiki dövrdə belə liderlər yetişməyib. Kimə oxşatsınlar özlərini? Futbolçularımız klublarda və yığmada uğurlar qazanmalıdırlar ki, özünü onlara bənzədəsən. Amma hələ o səviyyəli futbolçular yetişməyiblər. Yetişsələr, onların adları formalara da yazılacaq. Uşaqlar da Hakan Şükür, Ronaldinyo, Ronaldonun yox, öz futbolçularımızın adlarını kürəklərinə yazacaq və öz futbolçularımıza oxşamaq istəyəcəklər. Məhz hələ xidmətləri və tələbat olmadığı üçün adları yazılmış formalar satışa çıxarılmır. Gərək futbolçunu tanısınlar, oyunu ilə seçilsin, təbliğatı getsin ki, uşaqlar özlərini ona oxşatsınlar”.
“Dövlət proqramına uyğun işləyirik”
Sonra Rəhimov uşaq futbolunda görülən işlər haqda məlumat verir. Deyir ki, 5 il öncə ikinci liqa oyunları, uşaqlar üçün ayrıca yarışlar, seçim yarışları, seleksiya işləri aparılmırdı. Bu gün isə seleksiya üzrə məşqçilər müəyyənləşib, yaş hədlərinə uyğun bölünüblər. Artıq Gənclər və idman Nazirliyi AFFA ilə birgə 13 yaşlılar arasında respublika birinciliyi keçirilir. Birincilik təqribən 70 rayonu əhatə edib: “Elə bir kütləvilik yaranıb ki, bu, futbolçuların inkişafına imkan verir. Amma əvvəllər belə şey yox idi. Eyni zamanda, hər bir yaş qrupu üzrə məşqçilər müəyyənləşib. 11-12, 13-14, 15-16, 17-19 yaşlılardan ibarət komandalarımız var. Bu sistem artıq qurulub. Lakin böyük futbolda o səviyyəyə çatmaq üçün vaxt lazımdır. Onlar yetişməlidirlər ki, dünya səviyyəli futbolçular sırasına çıxa bilsinlər. Oyunçularımızdan Mahir Şükürov və Rəşad Sadıqov xarici çempionatlarda çıxış edirlər. Amma hələ o səviyyəyə çatdığımızı demək olmaz”.
Uşaq-Gənclər Futbol Federasiyası kimi çox iş gördüklərini iddia edən Rəhimov bunların “2005 – 2015-ci illərdə Azərbaycan Respublikasında Futbolun İnkişafına dair Dövlət Proqramı” çərçivəsində olduğunu bildirir. Onun sözlərinə görə, Gənclər və İdman Nazirliyi, AFFA ilə birgə tədbirlər müəyyənləşib: “Artıq “Dəri top”, “Ümid” kuboku kimi yarışlar təşkil edirik. 2010-cu ildən biz idman məktəblərini də bu işə cəlb etmişik. İdman məktəbləri daxilində futbol qrupları var. O qruplar arasında da ayrıca yarışlar keçiririk. Gələn ildən seçim aparmaq və o uşaqları təlim-məşq toplantılarına cəlb etmək fikrimiz var. Bizə AFFA-nın nəzdində fəaliyyət göstərən seleksiyaçı-məşqçilər çox kömək edirlər. Həm seçim aparırlar, həm də üzə çıxarılan futbolçular ayrı-ayrı komandalara təklif olunur”.
Klublar və səviyyəli məşqçilər uşaq futboluna ciddi maraq göstərmirlər
Klublarımızın bir çoxu əsas komandalarda baş məşqçi postunu əcnəbi mütəxəssislərə həvalə edib. Amma uşaq komandalarımızla işləyən xarici məşqçilər çox azdır. Hətta tanınmış yerli mütəxəssislər də uşaq komandaları ilə işləməyi özlərinə sığışdırmırlar. Rəhimov uşaq və böyüklərdən ibarət komandalarla işləyən məşqçilərin ayrı-ayrı kateqoriyalara bölündüklərini xatırladıb. Amma bəzi yüksək səviyyəli məşqçilərimizin işsiz olduğunu deyən federasiya prezidenti onların uşaqlarla işləmək istəmədikləri ilə razılaşıb: “Bu gün uşaq məşqçilərinə tələbat çoxdur. Amma xaricdən gələn uşaq məşqçiləri bütün respublikanı əhatə edə bilməzlər. Birincisi, onlar ölkəmizə çox baha qiymətə gəlirlər. Onlar bizim xüsusiyyətləri, uşaqlarımızın dilini, xasiyyətini və mühiti bilmədikləri üçün burada kütləvi şəkildə futbolçu hazırlaya bilməzlər. Tək-tək hallarda əcnəbi mütəxəssisləri aşağı yaş qrupları üzrə yığma komandalarımıza dəvət edə bilərik ki, müəyyən istiqamətlər göstərsin, taktiki-texniki məsələlərin həllində bizə köməklik göstərsinlər”.
Bəzi klublar uşaq futboluna daha çox diqqət yetirməkdənsə, mövsümi uğurlara üstünlük verirlər. Bu da özünü komandaların başdan-başa əcnəbiləşdirilməsində özünü təzahür etdirir. Rəhimov da bu fikirlə razıdır: “Klublar arasında çox ciddi rəqabət gedir. Ona görə də klub rəhbərləri hər bir vasitə ilə yüksək nəticə almaq üçün ilk növbədə, xarici futbolçuların gətirilməsinə üstünlük verirlər. Lakin bununla yanaşı, onların hər birinə tapşırıq verilib ki, uşaq futbolunun inkişafı ilə bağlı müəyyən işlər görsünlər. Hər bir klubun nəzdində 12 yaşından etibarən bütün yaş qrupları üzrə komandalar var. Orada da məşqçilər çalışır və əsas komanda üçün ehtiyat qüvvə hazırlayırlar”.
Təbii yox, süni örtüklü meydançalar artırılacaq
Hazırda ölkəmizdə təbii ot örtüklü meydançaların sayı azalmaqdadır. Əvəzində süni örtüklü meydançaların sayı durmadan artır. Bu isə futbolçuların yetişməsinə mənfi təsirini göstərməyə bilməz. Rəhimov isə bildirir ki, meydançaların salınması ilə müvafiq icra hakimiyyəti orqanları məşğul olur. Onların da vəzifəsi futbolun inkişafına dair dövlət proqramına uyğun olaraq, bu işi həyata keçirməkdən ibarətdir. Təbii ot örtüklü meydançanın salınması və saxlanmasının baha başa gəldiyini deyən nazirlik rəsmisi bu səbəbdən, süni örtüklü meydançaların daha çox istifadəyə verildiyini söyləyib: “Bir çox ölkədə də tədricən süni örtüklü meydançalara keçid prosesi baş verir. Çünki süni örtüklü meydançanın saxlanması daha ucuz başa gəlir. Son zamanlar tikilən Olimpiya Komplekslərinin çoxunda da süni örtüklü meydançalardır. Onlar bir növ tələbatı ödəsə də, son nəticədə keyfiyyət və oyun baxımından uşaq futboluna bir qədər zərər verir. Amma ilkin variantda uşaqlarla işləmək üçün o meydançalar yararlıdır. Gələcəkdə süni örtüklü meydançaların salınmasına daha çox çalışacağıq. Çünki bu, daha çox meydança, daha çox məşğuliyyət deməkdir. Belə meydançalar daha çox əyləncə vasitəsinə çevrilə bilər. Həm də ucuz başa gələn, vəsait və qulluq tələb etməyən formadır”.
Kazbek Tuayevə müjdə
Söhbətin sonunda Mirkamil Rəhimovdan Kazbek Tuayevin qaldırdığı məsələnin həllinin nə dərəcədə mümkünlüyünü də soruşuruq. O isə “mümkündür” deyir: “Kazbek Tuayevin qaldırdığı məsələdən xəbərdaram. Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov da bu barədə bizə müraciət edib. Hazırda bunun üzərində iş aparırıq. Bayıl qəsəbəsində baxımsız stadion var. Onu məktəblə müqavilə əsasında yerləşdirmək və gələcək fəaliyyətinə təsir göstərmək üçün şərait yaratmağı düşünürük”.
Elşən Məmmədov

1819