“Azərbaycan yığması yenə Lənkəranda oynayacaq”
24 sentyabr 2010 11:09 (UTC +04:00)

“Azərbaycan yığması yenə Lənkəranda oynayacaq”

AFFA-nın prezidenti Rövnəq Abdullayev 2009-2010-cu il mövsümünün qaliblərinin mükafatlandırılması mərasimindən sonra jurnalistlərin suallarını cavablandırıb. Lent.az həmin müsahibəni təqdim edir:

- Əvvəlcə bu günkü tədbir haqda fikirlərinizi bilmək istərdik...

- Ötən mövsüm çox gərgin keçdi. Bunu bütün ictimaiyyət, futbolsevərlər gördülər. Fikrimcə, qaliblər öz zəhmətləri, öz əziyyətlərinin bəhrəsini gördülər. Artıq yeni mövsüm başlayıb. Hazırkı çempionatda cəmi 6 tur arxada qalsa da, gərginlik ötən mövsümdəkindən də yüksək səviyyədədir. İnanıram ki, bu da futbolumuzun inkişafına böyük təkan verəcək. Ən əsas məsələ bizi sevindirən gənc futbolçuların ərsəyə gəlməsidir. Həm millidə, həm də klublarda olan gənc futbolçularımız artıq parlamağa başlayıblar ki, bu da bizi sevindirir. Azərbaycanda böyük miqdarda yeni nəsil futbolçular yetişir. Bunun nəticəsində Azərbaycan millisinə seçim artacaq və yığmamız bir müddət sonra öz sözünü deyəcək. İki il öncə səsləndirdiyim futbolun kütləviləşdirilməsi proqramına artıq nail olmağa başlayırıq. Futbolun kütləviləşməsi, futbolsevərlərin stadionlara axınını klublarımızın Avropa kuboklarındakı qarşılaşmalarında tribunaların dolmasında gördük. İnsanların futbola sevgisinin artması məhz klublarımızın gözəl çıxışları ilə əlaqədar idi. İnanıram ki, ölkə çempionatındakı gərginlik də futbolsevərləri stadionlara gətirəcək və futbolumuzun inkişafına böyük təkan verəcək.

- Sentyabrın 25-də Unibank Premyer Liqasında son illərin ən prinsipial rəqibləri “Xəzər Lənkəran”la “Neftçi” üz-üzə gələcək. Bu oyuna proqnozunuz nədir?

- Mən deyərdim ki, ən əsası, şəffaf, gözəl, “fair-play” qaydalarını gözləməklə oyun olacaq. Bildiyiniz kimi, “Xəzər Lənkəran” azarkeşləri çox yüksək səviyyəli tərəfdarlardır. Biz 2010-cu il dünya çempionatının seçmə qrup mərhələsində yığmamızın ev oyunlarından birini Lənkəran şəhər mərkəzi stadionuna salmışdıq. Bu ənənə davam edəcək. Gələn il də biz millimizin 2012-ci il Avropa çempionatının seçmə qrup oyunlarından ən azı birini Lənkəranda keçirəcəyik ki, yerli azarkeşlər yaxşı futbol görsünlər. İnanıram ki, sentyabrın 25-də keçiriləcək “Xəzər Lənkəran” – “Neftçi” matçı da yüksək səviyyədə təşkil olunacaq.

- Oyunu izləməyə gedəcəksiniz?

- Xeyr. Özüm oyunu izləməyə getməyəcəyəm. Amma matça televiziya vasitəsilə baxacağam.

- Matçda təhlükəsizlik tədbirlərinin lazımi səviyyədə olması üçün hansı işlər görüləcək?

- Azərbaycanda təhlükəsizliyi yüksək səviyyədə qorumaq imkanları mövcuddur. Bizim polis var, daxili qoşunlar var. Bizim bu qurumlarla çox yaxşı iş birliyimiz mövcuddur. Heç bir problem ola bilməz. Mən hər hansı problemin yaranacağına inanmıram.

- Milli komandamız oktyabrın 8-də Avstriya, bundan 4 gün sonra isə Türkiyə ilə qarşılaşacaq. Bu oyunlardan nə gözləyirsiniz?

- Mənim gözləməyimlə deyil ki... Mən Avstriya və Türkiyə ilə oyunlardan qələbə gözləyirəm. Amma deməklə olmur. Biz çalışırıq, komanda çalışır. Millimiz Almaniyaya məğlubiyyətdən dərs götürüb. İndi hazırlaşırlar. Komanda da, onun baş məşqçisi də çalışır ki, nə isə edək.

Elşən Məmmədov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 766

Oxşar yazılar