AFFA-nın fəaliyyəti digər ölkələrə nümunə göstərilib
24 sentyabr 2010 09:16 (UTC +04:00)

AFFA-nın fəaliyyəti digər ölkələrə nümunə göstərilib

İlk dəfə idi ki, Unibank Premyer Liqasının son turunadək 4 komandanın çempionluq şansı vardı. Çempionatın qalibi axırıncı turda final fitinə 5 dəqiqə qalmışadək bilinmirdi”. Lent.az-ın məlumatına görə, bu fikirləri AFFA-nın prezidenti Rövnəq Abdullayev ötən mövsüm Unibank Premyer Liqası və I divizionun qaliblərinin mükafatlandırma mərasimindəki çıxışında deyib.

O bildirib ki, ötən müddət ərzində futbolun kütləviliyi istiqamətində ciddi addımlar atılıb. Abdullayevin sözlərinə görə, artıq futbolla məşğul olanların sayı 11 mini ötüb: “Artıq bu fakt federasiyamızın baş katibi Elxan Məmmədov UEFA-da olarkən, təqdir olunub və digər milli federasiyalara nümunə göstərilib”.

Federasiya rəhbəri əvəzedici heyətlər və I liqa komandaları, eləcə də ilk dəfə aşağı yaş qrupları üzrə komandalar arasında da birinciliyin təşkil olunduğunu diqqətə çatdırıb. Abdullayev şəffaf hakimliyin təmin oluması ilə bağlı işlərin görüldüyünü də qeyd edib. O, artıq təlim-məşq toplantılarına yüksək səviyyəli 16 gənc hakimin qatıldığını vurğulayıb. .

Bununla belə, AFFA-nın prezidenti ötən dövrdə məyusedici faktların da olduğunu söyləyib. O, Azərbaycan Kubokunun qalibi “Bakı”nın Avropa Liqasının II təsnifat mərhələsində Makedoniyanın “Buduçnost” komandası ilə görüşdə cəzalı futbolçu oynatdığı üçün texniki məğlubiyyət almasını xüsusi vurğulayıb. Abdullayevin fikrincə, gələcəkdə belə halların təkrarlanmaması üçün futbolçuların menecerləri üçün treninqlər keçirilməlidir.

AFFA prezidentinin çıxışından sonra mükafatlandırma mərasimi başlayıb. Ötən mövsümün 11 nominasiya üzrə qalibinə Peşəkar Futbol Liqasının qiymətli hədiyyələri təqdim olunub. Müxtəlif mətbu orqanlar arasında keçirilmiş sorğuya əsasən, Fərhad Vəliyev (“Qarabağ”) ən yaxşı qapıçı, Maksim Medvedev (“Qarabağ”) ən yaxşı müdafiəçi, Aleksandr Şoliç (“Bakı”) ən yaxşı yarımmüdafiəçi, Fərid Quliyev (“Standard” – “Neftçi”) ən yaxşı hücumçu, Ramiz Məmmədov (“Qəbələ”nin sabiq baş məşqçisi) ən yaxşı məşqçi, Rəşad Sadıqov (“Qarabağ” – “Eskişehirspor”, Türkiyə) ən yaxşı yerli oyunçu, Jaba (“Bakı”) ən yaxşı legioner, Araz Abdullayev (“Neftçi”) ən yaxşı gənc oyunçu, Georgi Adamiya (“Qarabağ”; “İnter”in qapısına vurduğu qol) ən yaxşı qolun müəllifi, Əfran İsmayılov (“Qarabağ”) ən yaxşı oyunçu, Unibank Kommersiya Bankı isə ilin tərəfdaşı nominasiyası üzrə mükafatlara layiq görülüblər.

Eyni zamanda, Elçin Məmmədov, Vüsal Əliyev, Elnur Muradov, Mübariz Haşımov, Azər Əsgərov, Roman Vasilyev, İlham Əliyev və Vaqif Musayev ilin ən yaxşı hakimləri kimi mükafatlandırılıblar.

I divizion komandaları “Bakılı”, MOİK və “Gəncə” də pul mükafatlarına layiq görüldükdən sonra Unibank Premyer Liqasında ilk 3 yeri tutmuş komandaların mükafatlandırma mərasimi başlayıb. Səhnəyə dəvət olunan Rövnəq Abdullayev, PFL-in prezidenti Ramin Musayev və AFFA-nın baş katibi Elxan Məmmədov “Qarabağ”a bürünc, “Bakı”ya gümüş, “İnter”ə isə qızıl medalları təqdim ediblər. Mükafatı “Bakı” komandasına gümüş medaldan əlavə, Azərbaycan Kubokunu qazandıran, hazırda isə Türkiyədə “Altay” klubunda məşqçi kimi çalışan Cüneyt Biçər də alıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 724

Oxşar yazılar