Avropa Olimpiya Komitəsindən Azərbaycanın dəstəyi ilə yeni layihə - FOTO
21 sentyabr 2010 18:34 (UTC +04:00)

Avropa Olimpiya Komitəsindən Azərbaycanın dəstəyi ilə yeni layihə - FOTO

Bakıda səfərdə olan Avropa Olimpiya Komitəsinin (EOC) prezidenti Patrik Hikki sentyabrın 21-də Milli Olimpiya Komitəsinin (MOK) akt zalında mətbuat konfransı keçirib. Lent.az-ın məlumatına görə, tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə də iştirak edib.

Hikki sentyabrın 23-də Bakıda keçiriləcək Avropa ölkələrinin idman sahəsində çalışan nazirlərinin XVIII konfransında iştirak etmək üçün Azərbaycan paytaxtına gəldiyini bildirib. Ölkəmizdə artıq 3-cü dəfə olduğunu bildirən EOC prezidenti hər dəfə ölkəmizin bütün sahələrində, o cümlədən, idmanında xeyli dəyişikliyin şahidlik etdiyini vurğulayıb: “3 il öncə Bakıda olarkən, Masallı Olimpiya Kompleksinin açılışına qatılmışdım. Eyni zamanda, Çingiz Hüseynzadə mənə Dənizkənarı park layihəsindən danışmışdı. Dünən isə özüm bulvarda oldum və yarım saat ərzində belə gözəl mənzərəyə şahidlik etməkdən böyük məmnunluq hissi keçirdim. İdman sahəsində isə yeniyetmələrin Sinqapurda keçirilmiş I Yay Olimpiya Oyunlarında Azərbaycanın uğurlu çıxışını qeyd edərdim. Həmin olimpiadada 12 idmançı ilə təmsil olunan ölkənizin 8 medal qazanması böyük nailiyyətdir”.

EOC rəhbəri bildirib ki, ölkəmiz hazırkı inkişaf tempi və dövlətin dəstəyi ilə yaxın gələcəkdə olimpiada təşkil edə bilər. Amma bunun üçün əvvəlcə Avropa Yeniyetmələrinin Olimpiya Festivalı kimi nisbətən kiçik tədbirlərdən başlamaq, sonra isə tədricən Yay Olimpiya Oyunlarının təşkilinə nail olmaq mümkündür: “Bu, mənim şəxsi fikrimdir. Məndən olsaydı, Bakının olimpiada təşkil etməsini çox istərdim. Amma belə məsələlər yalnız məndən asılı deyil”.

Bununla yanaşı, Hikki Hüseynzadənin də dəstəyilə yeni layihə həyata keçirməyə çalışdıqlarını diqqətə çatdırıb. Onun sözlərinə görə, EOC ilk dəfə Avropa Oyunları da təşkil etmək üzərində işləyir: “Avropa Gənclərinin Olimpiya Festivalı cəmi 12 idman növ üzrə keçirilir. Bu isə çox azdır. Amma digər qitələrdə daha böyük tədbirlər olur, məsələn, Asiya Oyunları, Afrika Oyunları, Panamerika Oyunları təşkil edilir. Yəni, yeganə qitəyik ki, bizdə böyüklər arasında Avropa Oyunları keçirilmir. Baxmayaraq ki, EOC-a üzv 49 ölkə var. Beynəlxalq Olimpiya Komitəsinin hazırkı prezidenti Jak Roqqe 17 il öncə belə bir təşəbbüslə çıxış etmişdi. Lakin həmin vaxtdan indiyədək təqvimin sıxlığı ilə əlaqədar Avropa Oyunlarını keçirmək mümkün olmayıb. İndi isə biz bu prosesi yenidən canlandırmaq fikrindəyik. Bunun üçün sponsorlara ehtiyacımız var. Bu prosesdə Avropadakı idman federasiyalarının rəhbərləri ilə fikir mübadilələri aparılır. Avropa ölkələrinin olimpiya komitələrinin noyabrda Serbiyada keçiriləcək Baş Assambleyasında onlara bu haqda müraciət edəcəyəm. Çalışacağam ki, məsələ müsbət həll olunsun”.

Hikkinin fikrincə, Avropa Oyunları ideyası həyata keçsə, “köhnə qitə” ölkələrinin hamısının nüfuzlu yarışa namizədliyini irəli sürmək və onu təşkil etmək imkanı olacaq. Eyni zamanda, uğurlu təşkilatçılıq sayəsində gələcəkdə Yay Olimpiya Oyunlarına iddia etmək mümkündür.

Sonda Patrik Hikki Çingiz Hüseynzadəyə ölkəmizdə qadın boksunu da inkişaf etdirməyi tövsiyə edib.

Elşən Məmmədov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 894

Oxşar yazılar