Rinat Dasayev “Neftçi”nin yeni jurnalında - FOTO
17 sentyabr 2010 15:56 (UTC +04:00)

Rinat Dasayev “Neftçi”nin yeni jurnalında - FOTO

Lent.az-ın məlumatına görə, jurnalın ideya rəhbəri klubun prezidenti Sadıq Sadıqov, baş redaktor Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Elnur Əşrəfoğludur.

Yeni jurnalın əvvəlində mərhum prezident Heydər Əliyevin “Neftçi”yə göstərdiyi diqqət və qayğıdan bəhs edən “Heydər Əliyev və “Neftçi” məqaləsi yer alıb. Dövlət başçısı İlham Əliyevin 2006-cı ildə “Birlik kuboku”nu qazanan flaqman üzvləri ilə görüşü, onlara verdiyi məsləhət və tövsiyələri “Flaqmanın qızıl tarixi” yazısında əksini tapıb. “Futbolumuzun yeni erası” məqaləsində isə Rövnəq Abdullayevin AFFA prezidenti seçilməsindən sonra Azərbaycan futbolundakı inkişaf və yeniliklərdən söz açılır.

Jurnalda klub prezidenti Sadıq Sadıqov, futbolçular Paulius Qribauskas və Rəşad Abdullayevin müsahibələri ilə yanaşı, “ağ-qaralar”ın yeni mövsümə hazırlığı, Unibank Premyer Liqasının ilk turlarındakı çıxışı, eləcə də uşaq futbolu haqqında məqalələri oxumaq olar. “Neftçi”nin tarixini unutmayan redaksiya heyəti “Rəngarəng tarixin bürünc səhifələri” və Anatoli Banişevskiyə həsr olunmuş “Əfsanəvi "9 nömrə” adlı yazılar da hazırlayıb.

“Neftçi”nin yeni jurnalında SSRİ yığmasının korifey qapıçısı Rinat Dasayevlə eksklüziv müsahibə də yer alıb. Jurnalda “ağ-qaralar”ın yeni üzvlərinin təqdimatı və çempionat oyunlarından maraqlı foto-kadrlar verilib. “Neftçi”nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentində yığılıb, çapa hazırlanan jurnala poster və DVD-disk də əlavə olunub. DVD-diskdə flaqmanın çempionatın ilk 5 turunda keçirdiyi oyunlardan ən maraqlı fraqmentlərə, həmçinin Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində “Beşiktaş”la yoldaşlıq görüşünə baxmaq mümkündür.

Jurnal sentyabrın 18-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək MOİK - "Neftçi" qarşılaşmasında futbol ictimaiyyətinin üzvlərinə, KİV nümayəndələrinə, azarkeşlərə təqdim olunacaq. Yeni dizayna malik “Neftçi” jurnalı ayda bir dəfə çap olunacaq.
# 821

Oxşar yazılar