Elman Rüstəmov: “Vüqar Həşimov “ulduz xəstəliyi”nə tutulub”
14 sentyabr 2010 18:21 (UTC +04:00)

Elman Rüstəmov: “Vüqar Həşimov “ulduz xəstəliyi”nə tutulub”

O, özü-özünü yığmadan uzaqlaşdırıb”. Lent.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov Rusiyanın Xantı-Mansiysk şəhərində keçiriləcək Şahmat olimpiadasına yollanan kişi və qadınlardan ibarət milli komandamızla görüşündə deyib.

O bildirib ki, olimpiada üçün göndərilən ilkin sifariş ərizəsində Vüqar Həşimovun da adı olub. Lakin Həşimovla əlaqə yaratmaq, fikrini öyrənmək müvəffəqiyyətsizliklə nəticələnib: “Yanvarda Türkiyənin Bursa şəhərində keçirilmiş dünya çempionatında baş verənləri araşdırdıq. Şəxsən özüm onu çox axtardım, ailəsinə xəbər göndərdim, federasiyaya dəvət edərək, söhbət etmək istədim. Daha sonra Həşimovun özü ilə telefonla 5-6 saatadək danışdım. Dedim ki, sən Azərbaycan üçün oynayırsan. Amma müsbət reaksiya vermədi”.

AŞF prezidenti belə addımları qətiyyətlə pislədiklərini və məsələnin nə vaxtsa ciddi araşdırılacağını vurğulayıb. Onun sözlərinə görə, Həşimov ötən ilki Avropa çempionatında yığmamızın heyətində qızıl medal qazanmasından sonra “ulduz xəstəliyi”nə tutulub və ciddi səhvlərə yol verib: “Kimsə özünü yığmadan kənarda qoyursa, öz işidir. Biz buna çox təəssüf edirik. Müəyyən incikliklər ola bilər. Amma ümummilli, vətənpərvər yanaşmada nəinki inciklik, tam mehribançılıq hökm sürməlidir. Belə məsələlərdə hər bir vətəndaş ciddi vətənpərvərlik mövqeyində dayanmalı, həssaslıq nümayiş etdirməlidir. Həşimovu dəvət edirik ki, gəlib ilk növbədə, komanda yoldaşları qarşısında səhvlərini etiraf etsin, onlarla barışsın, sonra özünü qəbul edərik. Başqalarını günahlandırmaqdansa, özü səhvlərini etiraf etsin”.

Bununla belə, Rüstəmovun fikrincə, yığmamızın olimpiadada layiqincə çıxış etmək üçün potensialı var və Vüqar Həşimov itkisini doldurmaq mümkündür: “Buradakı yerlərdən birində Vüqar Həşimov oturmalı idi. Çünki onların hər biri Azərbaycan şahmat ailəsinin üzvləridir. Ailədə baş verənlərə ailə üzvləri, o cümlədən, Həşimov məsuliyyət daşıyır. Avropa çempionatında məhz bu amil sayəsində qələbə qazandıq. Kiminsə özünü kənarda qoyması nə federasiyanın, nə komandanın, nə də kapitanın marağındadır. Məsələnin məğzi ondadır ki, gərgin məqamda kimsə döyüşməkdən imtina etdi”.

Kişilərdən ibarət yığmamızın kapitanı, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) vitse-prezidenti Zurab Azmayparaşvili də Vüqar Həşimovla bağlı məsələyə münasibət bildirib. Onun sözlərinə görə, Həşimov dəfələrlə kapitanın qərarına tabe olmayıb. Bu isə nizam-intizamın pozulması deməkdir: “Komanda üzvləri kapitanın qərarına tabe olmalıdır. Mən hesab edirəm ki, düzgün qərar qəbul etmişəm. AŞF-nin başqa mövqeyi varsa, deyə bilər. Qoy nəticəni federasiya çıxarsın”.

Öz növbəsində, AŞF prezidenti Azmayparaşvilinin qərarının düzgün olduğunu söyləyib. Millimizin baş məşqçisi Fikrət Sideifzadə isə Vüqar Həşimovun yoxluğunun komandamızın olimpiadadakı nəticəsinə, istər-istəməz, təsir göstərəcəyini bildirib. Sideifzadə yanvardan etibarən Həşimova ailəsi vasitəsilə 3 dəfə müraciət olunduğunu açıqlayıb: “Sonuncu dəfə ötən ay Bakıda keçirilmiş açıq turnirdə Vüqarın atası ilə görüşdüm. O, mənim yox, yalnız federasiya rəhbərliyinin müraciətinə cavab verəcəklərini söylədi. Bununla da aydın oldu ki, Həşimovun yığmada çıxış etmək fikri yoxdur”.

Elşən Məmmədov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1391

Oxşar yazılar