Zal Yusifovun oğlunun işində zərərçəkən DANIŞDI: "Obyektimi 850 minə satdı"
06 fevral 2026 16:30 (UTC +04:00)

Zal Yusifovun oğlunun işində zərərçəkən DANIŞDI: "Obyektimi 850 minə satdı"

0

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Yusifov İslam Zal oğlu və tanışı İlham Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən məhkəmə zərərçəkənlərin ifadəsi ilə davam edib.

Zərərçəkən Rəfael Həsənovun anket məlumatları dəqiqləşdiriləndə onun əvvəllər Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə məhkum olduğunu və 2 il cəza çəkdiyini aydın olub. R. Həsənov ifadəsində məbləğin İlham Abbasova verildiyini, İslam Yusifovu tanımadığını bildirib:

"Pulu verəndə Yusifov orada olub, onu belə tanıdım. İlham deyirdi ki, onun dövlət qurumunda tanışları var, oğlum Həsəni ora işə düzəldəcək. Oğlum Moskvada hüquqşünaslıq üzrə təhsil alıb. İlhama etibar etməyimin səbəbi onunla əvvəl iş görməyim və onun bir neçə il qabaq bizə Gənclik ətrafında ev satması olub. Kimin vasitəsilə işə düzəldəcək, heç vaxt ad çəkməmişdi.

Mən Rusiyada olanda oğlum Həsəndən eşitdim ki, İslam adlı oğlan var, bizə köməklik edəcək. İlham dedi ki, pulu düzəldin. Məndən 360 min manat pul istədi. 85000 - 90000 manatım çatmırdı. Dedi ki, 350 000 kömək edən vəzifəli şəxsə çatacaq, 10000 də mənə qalacaq. Obyektin satılmasımı İlhama etibar etdim. Obyekti İlham 850 000-ə satıb. Obyektin satışından banka ödəyəndən sonra özümə 90 000 qaldı. Şikayətçiyəm, pulumu istəyirəm".

Təqsirləndirilən İlham Abbasov isə zərərçəkənə etiraz edib:

 "Birinci obyektlə bağlı müraciət edib. Satmaq üçün saytlara qoyduq, obyekti İslamla 850 000-ə satmışıq. Obyektin banka 690 000 manat borcu vardı. İslamın xahişinə əsasən mən bu işə qoşulmuşam".

Növbəti məhkəmə 6 marta təyin olunub.

Xatırladaq ki, ittihama görə İ.Yusifov tanışı İ. Abbasovla birlikdə 6 nəfərin yarım milyon manatdan çox pulunu ələ keçirib. Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.2, 178.4 maddələri ilə ittiham irəli sürülüb.

Polisin apardığı istintaq zamanı İslam Yusifovla əlbir olan İham Abbasov da cinayət məsuliyyətinə cəlb olunub, lakin həbs edilməyib.  Zərərçəkənlərə dəymiş ziyan ödənilməsə, onlara 14 ilədək həbs cəzası verilə bilər. 

Xatırladaq ki, 2010-cu ildə "Texnikabank" ASC-nin Bakı filialının sabiq müdiri Zal Yusifov 81 nəfərin banka qoyduğu təxminən 38 milyon manatın mənimsənilməsində təqsirli bilinmişdi. Oğlu İslam da həmin iş üzrə dələduzluqda iştirakçı hesab olunmuş və Zal Yusifov 15 il, İslam Yusifov isə 8 il həbs cəzası almışdı. Milyonlarla manatlıq əmlakları müsadirə edilən ata və oğul illər sonra azadlığa buraxılmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 376

Oxşar yazılar