Bakının Nəsimi rayonunda ağır yol qəzası qeydə alınıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Azadlıq prospekti ilə Salatın Əsgərova küçələrinin kəsişməsində qeydə alınıb.
Belə ki, Tovuz rayon sakini Abdullayev Racu Malik oğlu idarə etdiyi “KIA” markalı avtomobillə kəsişmədə olarkən “Ford” markalı yük avtomobili ilə toqquşub.
Zərbənin gücündən yük avtomobili Azadlıq prospektindəki işıqfora və binaya çırpılıb.
Avtomobilin yük yeri yol kənarında dayanan “Land Rover” markalı maşına dəyib.
Qəza nəticəsində “KIA” markalı avtomobilin sürücüsü R.Abdullayev qol və ayaq nahiyyəsinin sınığı diaqnozu ilə xəstəxanaya aparılıb.
“Ford” markalı yük avtomobilinin sürücüsü isə açıq kəllə-beyin travması ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Qəzaya uğramış avtomobillər deformasiyaya uğrayıb.
Hadisə nəticəsində əraziyə mühərrik yağı, dizel dağılıb və işıqfor işləməyib.
Buna görə də yol patrul xidmətinin əməkdaşları nəqliyyatın hərəkətini tənzimləyiblər.
Yük avtomobilinin çırpıldığı binanın rabitə xətləri qırılıb.
Əraziyə Nəsimi Rayon Polis İdarəsinin təhqiqatçıları cəlb olunub, avtotexniki ekspertiza təyin edilib.