Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət alma ittihamı ilə həbs edilmiş jurnalist Əvəz Zeynallı və "Səda TV" yutub kanalının rəhbəri Elnur Şükürovun növbəti məhkəmə iclası keçirilib.
Lent.az xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə sabiq polis Salman Nəsrullayev bildirib ki, insult xəstəsi olduğu üçün ifadə verə bilmir.
Elə buna görə də o, ibtidai istintaqa verdiyi ifadəsini təsdiqləyib. Prokuror hakimdən ibtidai istintaqda verilən ifadənin elan olunmasını istəyib.
Hakim Salman Nəsrullayevin ibtidai istintaqda verdiyi ifadəni elan edib.
İfadədən qısa xatırlatma:
Salman Nəsrullayev "Yaşıl Mənzərə" MMC ilə bağlı ifadə verib. O, "Yaşıl Mənzərə" MMC-nin alqı-satqısı ilə bağlı Elnur Şükürovla danışıb. Amma Əvəz Zeynallını tanımır. Salman Nəsrullayevə "Yaşıl Mənzərə" MMC-nin sənədlərini hazırlamaq lazım olub. Elə bu səbəbdən Elnur Şükürovla danışıb. Elnur Şükürov 50 min manata sənədləşmə işini həll edəcəyini deyib. Salman Nəsrullayev onunla Xətai metrosunun yanında görüşüb, 50 min manat verib. Nəticədə sənədlər hazır olub.
İfadəsi elan olunduqdan sonra şahid məsələ ilə bağlı prokurorluğa müraciət etmədiyini bildirib:
"Mənim prokurorluğa heç bir şikayətim olmayıb. Telefonuma zəng vurub prokurorluğa çağırıblar. İnsultdan sonra səhhətimdə ciddi problemlər yarandı. Gözüm görmür deyə ifadəni özüm yazmadım. Müstəntiq hazırladı, mən də qol çəkdim”.
Elə bu anda Əvəz Zeynallı şahidin sözünü kəsir:
- “Yastı Salman” bir az bərk danış.
- Sən kəs səsini. Məni tanımırsan. Ona görə bilmirsən kiməm. Heç kim mənimlə belə danışa bilməz.
Hakim hər iki tərəfə xəbərdarlıq etdi. Daha sonra Salman Nəsrullayev davam edib:
“Mənim telefonum 5 ay istintaq orqanlarında qaldı. Sonra qaytardılar”.
Əvəz Zeynallı prokurorun sual-cavab etdiyi zaman prosesi pozub. O, prokurorun şahidə təzyiq etdiyini iddia edib. Hakim Əvəz Zeynallıya xəbərdarlıq yazıb.
Təqsirləndirilən şəxs Elnur Şükürov ifadə ilə bağlı bildirib ki, şahid təzyiqlə yalan danışıb:
"Mənə heç kim pul verməyib. Salman mənim dostumdur. Hami bilsin, Salman üçün arayışı pulsuz alıb vermişəm".
Məhkəmənin növbəti iclası oktyabrın 13-ə təyin edilib.
Qeyd edək ki, Əvəz Zeynalova Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1 və digər maddələri, Elnur Şükürova isə həmin Məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, ötən ilin avqustunda jurnalist Eynulla Fətullayev Əvəz Zeynallının səs yazısını yayaraq onun həbsdə olan iş adamı Rasim Məmmədovun ailəsindən rüşvət almaqda ittiham etmişdi. İddia olunmuşdu ki, Ə.Zeynallı R.Məmmədov barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək onun ailəsindən 20 min manat rüşvət alıb.