Hər dəniz mövsümü eyni zamanda çimərliklərdə batan şəxslərlə bağlı gündəm olur.
Lent.az-ın əldə etdiyi məlumata görə Lənkəranın Sütəmurdov kəndi ərazisində son 1 ayda 9 nəfər batıb.
Ötən gün isə, eyni ərazidə 5 nəfər boğulma təhlükəsi ilə üzləşib. Onlardan 2-si dünyasını dəyişib, 3-ü xilas olunub.
Hadisənin qeyri çimərlik ərazilərdə baş verdiyi qeyd olunur. Həmin ərazidə insanların daha çox batması isə diqqət çəkir.
FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi daxili xidmət polkovnik-leytenantı Aqşin Əlilinin Lent.az-a verdiyi məlumata görə, mövsüm başlayandan ümumi olaraq 125 nəfər suda boğulmadan xilas olunub, onlar hazırda sağlam həyatlarını davam etdirirlər: “Xidmətin nəzarət etdiyi çimərliklərdə ölümlə nəticələnən suda boğulma hadisəsi qeydə alınmayıb. Bu rəqəmlər də ona əsas verir ki, nəzarətsiz çimərliklərdən istifadə olunmamalıdır.
FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin məntəqəsi Lənkəranın Sütəmurdov kəndindən 3 km aralıdadır və nəzarətsiz çimərlik ərazisinə daxildir. Həmin ərazidən 7, 8 və 9 avqust olmaqla son 1 həftədə bizə 3 müraciət daxil olunub. Müraciət əsasında dalğıclarımız tərəfindən cəsədlər tapılaraq aidiyyatı üzrə təhvil verilib. Son 1 ayda sözü gedən ərazidə 9 nəfərin batması məsələsinə gəldik də isə, ərazi qeyri çimərlik ərazisi olduğu üçün mən yalnız bizə rəsmi olaraq edilən müraciətləri qeyd etdim. Ərazinin çimmək üçün əlverişsiz olduğunu nəzərə alsaq batanların sayı daha çox ola bilər.
Dünən baş verən hadisədən sonra isə, xidmətin dalğıcları əraziyə baxış keçirtdilər. Məlum oldu ki, ərazidə sualtı axınların sürətində artım və qəfləti dərinliklər var. Demək olar ki, qeyri çimərlik ərazilərinin hər birində eyni hallar müşahidə olunur. Dünən baş verən hadisəyə səbəb isə, qəfləti dərinlik olub. Qəfləti dərinliklərin və bataqlaşmanın olması, eyni zamanda su altı axınların sürətli olması belə hadisələrə yol açır. Əraziyə yenidən “Çimmək Qadağandır” və “Təhlükəli Ərazi” nişanları yerləşdirilib, həmin hissə xüsisi lentlə haşiyələnib”.
Əlili həmçinin vətəndaşlara müraciət edərək, təhlükəli ərazilərdə çimməməyi tövsiyə edib:
“Fövqəladə Hallar Nazirliyi əhalini qeyd olunan qaydalara riayət etməyə, çimərlik kimi nəzərdə tulmayan nəzarətsiz ərazilərdən istifadə etməməyə çağırır”.