Noyabrın 20-də saat 12:05-də Xəzər dənizinin cənub istiqamətində dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd gözətçi gəmisi tərəfindən ərazinin müşahidəsi zamanı su səthində 1 ədəd şübhəli bağlama aşkarlanıb.
Dövltə Sərhəd Xidmətinin mətbuat mərkəzindən Lent.az-a verilən məlumata görə, bağlamaya baxış zamanı ümumi çəkisi 4 kiloqram 365 qram narkotik vasitəyə bənzər maddə aşkar olunaraq götürülüb, faktla bağlı əməliyyat-istintaq tədbirlərinə başlanılıb.
Noyabrın 21-də axşam saatlarında Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Mərkəzi Regional şöbəsinin Sahil nəzarət bölməsinə balıqçı qayığının mühərriyində yaranmış nasazlıq səbəbindən 2 nəfərin dənizdə köməksiz qalmaları barədə məlumat daxil olub.
Təxirəsalınmaz tədbirlər nəticəsində qayığın koordinatları müəyyənləşdirilərək, əraziyə göndərilən sərhəd gözətçi gəmisi tərəfindən Sumqayıt reydində sahildən təqribən 4 mil aralı dənizdə qalmış balıqçı qayığının heyəti-Sumqayıt şəhər H.Z.Tağıyev qəsəbəsinin sakinləri Hüseynov Fuad Əmircan oğlu və Hüseynov Ramil Əmircan oğlu xilas edilərək üzmə vasitəsi ilə birlikdə sahilə çıxarılmaları təmin olunub.