Xəzər dənizində balıq tutanda batan şəxslərdən digərinin də meyiti tapılıb.
Lent.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Xəbərə görə, 28 iyul 2022-ci il tarixində axşam saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində dəniz sahilində balıq tutarkən ehtiyatsızlıqdan suya düşərək batdığı bildirilən ikinci şəxsin – Bakı şəhəri, Qaradağ rayonu, Lökbətən qəsəbə sakini 1971-ci il təvəllüdlü Zöhrabov Sübhan Yədulla oğlunun meyiti batdığı yerdən təqribən 20 km aralıda aşkar edilib və FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən dənizdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Digər şəxsin - 1992-ci il təvəllüdlü Allahverdiyev Nicat Hüseyn oğlunun cəsədi isə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən bu gün səhər saatlarında tapılaraq dənizdən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Qeyd olunub ki, balıq tutarkən ehtiyatsızlıqdan suya düşərək batdığı bildirilən hər iki şəxsin axtarışında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin 13 nəfər şəxsi heyəti və 3 ədəd texnikası iştirak edib.
***
09.44
İyulun 28-də axşam saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində dəniz sahilində 2 nəfərin balıq tutarkən ehtiyatsızlıqdan suya düşərək batdığı bildirilən şəxslərdən biri Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin sakini 1992-ci il təvəllüdlü Allahverdiyev Nicat Hüseyn oğlunun cəsədi bu gün səhər saatlarında batdığı yerdən təxminən 200 metr aralıda FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı” dalğıc-axtarış qrupunun dalğıcları tərəfindən tapılaraq dənizdən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Bu barədə Lent.az-a FHN-dən məlumat verilib.
Batdığı ehtimal olunan digər şəxsin axtarışları davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
29 iyul, 11:10
Xəzər dənizində batan balıqçıların kimliyi məlum olub.
Lent.az "Bizim.media"ya istinadən xəbər verir ki, onlar Nicat Allahverdiyev və Sübhan Zöhrabovdur.
Nicat Allahverdiyevin atası Hüseyn Allahverdiyev Birinci Qarabağ müharibəsində, 1993-cü ildə Ağdam uğrunda gedən döyüşlərdə şəhid olub. Sübhan Zöhrabov isə Vətən müharibəsi qazisidir.
Hazırda FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı” Dalğıc-axtarış qrupu tərəfindən hər iki şəxsin axtarışları davam etdirilir.

***
saat 10:30
Dünən axşam saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin ərazisində dəniz sahilində 2 nəfərin balıq tutarkən ehtiyatsızlıqdan suya düşərək batmaları barədə məlumat daxil olub.
FHN-dən Lent.az-a verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı” Dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Havanın qaralması səbəbindən axtarışlar axşam saatlarında müvəqqəti dayandırılıb.
Küləkli hava şəraiti və dənizin dalğalı olması axtarış işlərini çətinləşdirsə də FHN-in dalğıc-axtarış qrupu bu gün səhər saatlarından etibarən yenidən axtarışlara başlayıb. Eyni zamanda, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin hadisə baş vermiş ərazinin yaxınlığındakı sahil məntəqələrində xidmət aparan şəxsi heyəti də axtarışlar aparır.
Əlavə məlumat veriləcək.