ABŞ-ın “SpaceX” şirkəti Türkmənistanın ilk “TurkmenAlem” kosmik rabitə peykini orbitə martın 30-da Kanavarel kosmodromundan buraxacaq. Rabitə və Yüksək Texnolgiylar Nazirliyindən Lent.az-a verilən məlumata görə, bu barədə ABŞ-ın Türkmənistandakı səfiri Allan Mastard bildirib.
2009-cu ildə ölkə Prezidenti Qurbanqulu Berdiməhəmmədov internet və televiziyanın inkişafına impuls vermək məqsədilə milli kosmik rabitə peyki yaratmaq barədə qərarın qəbul edilməsini bəyan edib. 2011-ci ildə Fransanın “Thales Alenia Space” şirkəti “Spacebus 4000” platforması əsasında aparatı layihələndirməyə başlayıb.
“Thales” və “SpaceX” şirkətləri ilə imzalanan sazişə əsasən, “TurkmenAlem” "Falcon 9” ikipilləli raketdaşıyıcısı vasitəsilə daimi geostasionar orbitə çıxarılacaq. İstismar müddəti 15 il təşkil edən peykin göyərtə aparaturası yerüstü radiostansiyaların siqnallarını qəbul edə, onları gücləndirə və yenidən digər yerüstü radiostansiyalara yayımlaya biləcək. Peyk Türkmənistan, Orta Asiya ölkələrini, İran, Türkiyə, Şimali Afrika və Avropanın böyük hissəsini yayımla təmin edəcək, - “TASS” yazır.