Tağı Əhmədovun qardaşı oğlu ifadə verdi - Akif Çovdarovun məhkəməsində - YENİLƏNİB
26 dekabr 2016 18:23 (UTC +04:00)

Tağı Əhmədovun qardaşı oğlu ifadə verdi - Akif Çovdarovun məhkəməsində - YENİLƏNİB

Bu gün Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov, 1-ci idarəsinin sabiq rəisi Səlim Məmmədov, 2-ci idarənin sabiq rəisi Akif Əliyev və 3-cü idarənin 1-ci şöbəsinin sabiq rəis müavini Orxan Osmanovun cinayət işi üzrə məhkəmənin baxış iclası davam edib.

 

Lent.az-ın məlumatına görə, prosesdə Tağı Əhmədovun qardaşı oğlu Şövqi Əhmədov və qohumu Elşən Tağıyev ifadə verib. Hər iki şəxs ifadələrində bildiriblər ki, onları MTN-ə aparıb və döyüblər. Yalnız onu da bildiriblər ki, onları MTN-də kimlərin döydüklərini bilmirlər və təqsirləndirilən şəxsləri tanımırlar. Onlar eyni zamanda deyiblər ki, MTN-də Tağı Əhmədovun əleyhinə ifadə almağa cəhdlər olub və bu səbəbdən də döyülüblər.

 

Prosesdə məlum olub ki, Tağı Əhmədovun qardaşı oğlu Şövqi Əhmədov MTN-də əmisinin əleyhinə ifadə verib. Lakin Elşən Tağıyev ifadəsində gələn gəlirlərin dövlət büdcəsinə verildiyini deyib. Dindirilənlərin sərbəst ifadələri ilə istintaqa verilən ifadələri arasında ziddiyyət olub. Buna görə, məhkəmədə onların istintaqa verdikləri ifadələri elan olunub. Onlarım hər ikisi istintaqa verdikləri ifadələri təsdiqləyiblər. Tağı Əhmədovun özü isə gələn prosesdə gələrək ifadə verməsi gözlənilir.

 

Proses dekabrın 28-də davam edəcək.

13:15

 

Bu gün Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov, 1-ci idarəsinin sabiq rəisi Səlim Məmmədov, 2-ci idarənin sabiq rəisi Akif Əliyev və 3-cü idarənin 1-ci şöbəsinin sabiq rəis müavini Orxan Osmanovun cinayət işi üzrə məhkəmənin baxış iclası davam edib.

 

Lent.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi keçirilən iclas Sabunçu rayon Məhkəməsinin binasında baş tutub.

 

Proses təyin olunan vaxtdan 1 saata yaxın gec başlayıb. Bugünkü prosesə Çovdarovun vəkillərindən ikisi iştirak edib.

 

Proses haqqında jurnalistlərə onun vəkili Sadiq Rəsulov ümumi məlumat verib.

 

O qeyd edib ki, bugünkü prosesdə hakimlər heyəti "Bakı Metropliten"in sabiq rəisi Tağı Əhmədovun zərərçəkən kimi tanındığı epizodla bağlı dindirmələrə başlamaq istəyib: "Biz buna kəskin etiraz etdik. Çünki biz əvvəlcədən məhkəmə zəng edib, bu gün hansı epizod üzrə dinlənmələrin olacağını soruşuruq. Həmin cildlər üzrə suallar hazırlayırıq. Bütün cildləri üstümüzdə gəzdirə bilmərik. Ona görə prosesin təxirə salınmasını istədik. Yalnız hakim bunu təmin etmədi, saat 2-yə qədər prosesi təxirə saldı".

 

Vəkilin sözlərinə görə, günün ikinci yarısında Tağı Əhmədovun məhkəmədə zərərçəkən şəxs qismində dindirməsi gözlənir.

 

Qeyd edək ki, təqsirləndirilənk şəxslər - Akif Çovdarova Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri, Səlim Məmmədova həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri, Akif Əliyevə həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri və Orxan Osmanova isə həmin Məcəllənin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə yekun ittihamlar irəli sürülüb.

 

Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədrov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.

 

# 233
avatar

Səlcuq Elçin

Oxşar yazılar