“Milli Şuranın bu gün prezidentliyə vahid namizəd kimi Rüstəm İbrahimbəyovu müəyyənləşdirməsinin bizim üçün heç bir əhəmiyyəti yoxdur. Çünki Azərbaycanda azad, ədalətli seçki mühiti var, istənilən Azərbaycan vətəndaşı qanunla müəyyən olunan şərtlərə cavab verən, yəni yaşı 35-dən yuxarı olan, 10 il Azərbaycanda yaşayan, ali təhsilli istənilən Azərbaycan vətəndaşı, istənilən partiya sədri öz namizədliyini verə bilər”.
Bu açıqlamanı APA-ya hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov verib.
O qeyd edib ki, bu gün namizədini elan edən Milli Şuranın heç bir əhəmiyyəti olmadığı kimi, perspektivi də yoxdur: “Bizim üçün onsuz da onlardan kimin namizəd olmasının heç bir əhəmiyyəti yox idi. Çünki biz YAP olaraq onların heç birini özümüzə alternativ namizəd görmürük. Milli Şura bizim hansısa rayon təşkilatına da alternativ ola bilməz. Çünki onlar ən azı intellektual cəhətdən heç YAP-ın hansısa rayon təşkilatına da çata bilmirlər”.
S. Novruzov kinorejissor R. İbrahimbəyovun namizədlik məsələsinə də toxunub: “O ölkədə olmaya-olmaya namizədliyinin verilməsi qiyabi namizədlikdir. Necə ki, universitetlərdə qiyabi oxuyanlar, axşam şöbəsində oxuyanlar olur, o da elə formada, qiyabi şəkildə namizədliyini verdi. Əyani deyil”.
YAP rəsmisi bu məsələyə görə hətta seçki kampaniyasının 3 əsas şərti olduğunu açıqlayıb: “Bu şərtlərdən biri zamandır. Bu yeganə resursdur ki, itsə, bərpa olunmur. İkincisi sosial baza - elektoratdır, üçüncüsü də seçki kampaniyasında təbliğat-təşviqatı həyata keçirmək üçün lazım olan maliyyə dəstəyidir. Bunları da əsas şərtləndirən amil namizədin özüdür. Bunlar şərtlərdən biri olan zamanı isə artıq itiriblər. Çünki seçkiyə bir il qabaq hazırlaşırlar. Amma bunlar qiyabi, şifahi bir namizəd formalaşdırıblar, onu da hələ tam başa çatdırmayıblar. Bundan başqa onların ətrafında sosial baza, elektorat yoxdur. Digər şərt olaraq da bunlar hələ gözləyirlər ki, kimsə maliyyə dəstəyi göstərəcək. Elə bunun hesabına ora yığışıblar. Amma bu maliyyə dəstəyi də hələlik ortada yoxdur. Namizədləri olsa-olsa ancaq bir rejissordur. O, nə ictimai-siyasi xadim, nə də dövlət adamıdır. Ancaq kinorejissor kimi tanınır və Azərbaycan xalqının da ancaq bir faiz səsini qazana bilər. Bütün bunlar da onu göstərir ki, bunlar əsl seçkiyə hazırlaşmırlar, ümumiyyətlə seçki işi ilə məşğul olmurlar”.
S. Novruzov cəmiyyətdə mövcud olan “Rüstəm İbrahimbəyov siyasi kino çəkir” fikirlərə də münasibət bildirib: “O, heç adi kinonu yaxşı çəkə bilmir, o ki qaldı siyasi kino çəksin. Onun işi baş aldatmadır. O, ətrafına yığışan siyasi partiyaları da pis vəziyyətə qoyacaq. Necə ki, vaxtı ilə bir yerdə işlədiyi adamları pis vəziyyətə qoyub”.