Bakı-Qazax magistral yolunun Şəmkir rayonundan keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsinin tədqiqatçısı Azər Hüseynovun APA-nın qərb bürosuna verdiyi məlumata görə, hadisə bu gün saat 15 radələrində qeydə alınıb.
Magistral yolla Gəncə istiqamətində hərəkətdə olan, Şəmkir rayonunun Kür qəsəbə sakini, 1988-ci il təvəllüdlü Elşən Əliyevin idarə etdiyi “VAZ 2107” markalı avtomobil öndə gedən, Gəncə şəhər sakini, 1985-ci il təvəllüdlü Səbuhi Məmmədovun idarə etdiyi “VAZ 2106” markalı avtomobillə toqquşub. Qəza zamanı “VAZ 2107” yolun kənarına aşıb və onun sürücüsü E. Əliyev hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan sərnişin, qəsəbə sakini Gündüz Hüseynov isə bədən xəsarətləri ilə Şəmkir Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisəyə səbəb kimi sürət həddinin yüksək olması göstərilir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.