Sabiq deputat Gülər Əhmədovanın bu gün keçirilən məhkəməsində şahid qismində çıxış edənlərdən biri də mərhum Sevinc Babayevanın Türkiyəyə getməsində əlaqələndirici qismində iştirak edən şəxslərdən biri olan Ülvi Mövlayev də ifadə verib.
Lent.az-ın məlumatına görə, Ü. Mövlayev ifadəsində deyib ki, onun bacısının həyat yoldaşı Mete Kaya Gülər Əhmədova ilə çoxdan tanışdır. O bildirib ki, ötən ilin sentyabrında Türkiyədən 4 nəfər şəxs Bakıya gəlib. Onlardan biri də onun kürəkəni Mete Kaya olub.
Şahidin sözlərinə görə, Türkiyədən Bakıya gələn qonaqlar arasında Sevinc Babayevanı Türkiyədə saxlayan Səlcuq Ağlayan da olub: “Onlar Bakıda bir neçə gün qaldılar. Bu müddət ərzində Gülər Əhmədovanın oğlu Toğrul və qardaşı İlqarla görüşdülər. Görüşdə əsas məqsəd Türkiyədə fəaliyyət göstərən kosmetika şirkətinin Bakıda nümayəndəliyini açmaq idi”.
Ü.Mövlayevin dediyinə görə, bundan bir müddət sonra G.Əhmədova Meteden xahiş edib ki, bir xəstə qadını Türkiyəyə göndərməkdə ona kömək etsin. Mete də bu işdə sabiq deputata kömək edib: “Biz Sevincin axtarışda olduğunu məlum videokadrlar yayıldıqdan sonra bilmişik. Səlcuq dəfələrlə mənə zəng edirdi ki, onu Toğrulla əlaqələndirim. Mən də Toğrula zəng edirdim, daha sonra isə Sevinclə Gülərin, həmçinin, Səlcuqun konfrans danışıqlarını təşkil edirdim”.
Şahid bildirib ki, bir neçə dəfə də G.Əhmədovanın oğlu T.Əhmədovdan pul alıb S.Ağlayana göndərib: “İlk olaraq, ötən ilin oktyabrında 2 min dollar göndərdim. Bundan bir müddət sonra Gülər mənə zəng elədi ki, imkanım yoxdur, sən özün 4 min göndər, mən sonra sənə verərəm, mən isə bunu edə bilmədim. Dekabrda yeni illə bağlı Türkiyəyə gedəndə Toğrula dedim ki, mən gedirəm, lazımdısa, pul aparım. Onda da 5 min avro verdilər. Türkiyəyə gedəndən sonra Səlcuqla görüşdüm və pulu ona verdim. Lakin elə həmin ərəfədə Sevincin öldüyünü eşitdim. O zaman Səlcuq 20 min dollar tələb edirdi ki, Sevincin meyitini sakitcə Bakıya göndərsin”.
Şahid bildirib ki, G. Əhmədovanın həyat yoldaşı Fikrət Əhmədov bir dəfə Türkiyədə olarkən, S. Babayevanı S. Ağlayanın yanından çıxarıb, otelə aparıb və həmin gün oteldə bir yerdə qalıblar.
G. Əhmədova isə şahidə deyib ki, onun bu ifadələri verməyə savadı çatmır və bu ifadələri vermək üçün sənədə qol çəkib.