Ramil Usubov Əfqanıstanın daxili işlər nazirini qəbul edib
08 iyul 2013 18:19 (UTC +04:00)

Ramil Usubov Əfqanıstanın daxili işlər nazirini qəbul edib

Əfqanıstan İslam Respublikasının daxili işlər naziri, ordu generalı Qulam Muctaba Patang Azərbaycana rəsmi səfərə gəlib. Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər daxili işlər naziri, general-polkovnik Ramil Usubovun dəvəti ilə baş tutub.

 

Qulam Muctaba Patangın başçılıq etdiyi nümayəndə heyətini qəbul edən R. Usubov ortaq tarixi dəyərləri və ənənələri bölüşən xalqlarımız arasında münasibətlərin hazırda hər iki ölkə prezidentlərinin siyasi iradəsinə uyğun uğurla inkişaf etdiyini xatırladıb və bu səfərin birgə əməkdaşlığın daha da genişlənməsinə yeni təkan verəcəyini bildirib.

 

Əfqanıstanın beynəlxalq təşkilatlarda həm Dağlıq Qarabağ, həm də digər məsələlərdə Azərbaycanın haqlı mövqeyini həmişə müdafiə etdiyini yüksək qiymətləndirən R. Usubov Əfqanıstan Daxili İşlər Nazirliyinin narkotiklərin qanunsuz dövriyyəsinə və terrorçuluğa qarşı mübarizə sahəsində qazandığı təcrübənin ölkəmiz üçün faydalı ola biləcəyini, göstərilən istiqamətlərdə əməkdaşlığa hər zaman açıq olduğumuzu qonaqların nəzərinə çatdırıb.

 

Qulam Muctaba Patang isə öz növbəsində xüsusən terrorçuluqla mübarizədə 32 illik təcrübəyə malik Əfqanıstanın inkişaf tempinə görə bölgədə lider dövlətə çevrilən, sabitliyin dönməzliyini təmin edən, eyni zamanda, kadrların peşəkarlığının yüksəldilməsi sahəsində Azərbaycanın əldə etdiyi qabaqcıl təcrübənin öyrənilməsində maraqlı olduqlarını diqqətə çatdırıb və rəhbərlik etdiyi qurum əməkdaşlarının Azərbaycan DİN-in tədris müəssisələrində təhsil almalarını, onların professionallığının artırılması məqsədi ilə təlim proseslərinə, seminar-treninqlərə cəlb olunmalarına kömək göstərilməsini xahiş edib. Öz ölkəsində sülhün, sabitliyin bərqərar olunmasında Azərbaycanın sülhməramlı qüvvələrinin də iştirakına görə respublikamızın rəhbərliyinə minnətdarlığını bildirən əfqanıstanlı nazir qarşılıqlı səfər və görüşlərin oxşar mədəniyyətə və tarixi köklərə malik hər iki qardaş və dost ölkənin mənafelərinə uyğun gəldiyini və bütün sahələrdə əlaqələrin inkişafına təkan verəcəyini vurğulayıb.

 

Ramil Usubov həmkarının qaldırdığı məsələlərin müsbət həll olunacağına əminliyini bildirib, eyni zamanda, əfqan polisinin xüsusən terrorçuluq və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində əldə etdiyi zəngin təcrübənin öyrənilməsinin və məlumat mübadiləsinin zəruriliyini qeyd edib.

 

Görüşdə Azərbaycanın Pakistanda, eyni zamanda, Əfqanıstanda akkreditə olunmuş səfiri Daşqın Şikarov və Əfqanıstanın Azərbaycandakı səfiri Mohammad Şaker Kargar iştirak ediblər.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 602
avatar

Oxşar yazılar