“Yeni ayın təzələnməsi və yeni ayın başlanması astronomik təqvimlə hesablanır. Bu il iyulun 8-də gündüz saat 12:16-da yeni ay təzələnəcək. Astronomik təqvimlə iyulun 9-dan Ramazan ayının birinci günü başlayır”. Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov deyib.
O bildirib ki, iyulun 10-da bulud imkan versə, hər bir insan yeni ayı görə biləcək: “Ay Günəşlə bir düz xətt üzrə olanda deyirlər ki, ay təzələnib. Ancaq onun görünməsi üçün gərək konfiqurasiyadan çıxa ki, biz onun işıqlı hissəsinin müəyyən hissəsini görə bilək. Biz Ramazan ayının başlanmasını demirik. Sadəcə, yeni ayın təzələnməsini deyirik və bildiririk ki, sabahı gündən yeni ay başlayır. Kim astronomik təqvimlə getmək istəyirsə, buna uyğun olaraq hərəkət edə bilər. Biz hansı əsrdə yaşayırıq? İndi dəqiq astronomik cihazlar var və ona əsasən yeni ayın başlanması deyilir”.
X.Mikayılov əlavə edib ki, Türkiyədə də Ramazan ayı iyulun 9-da başlayır. Azərbaycanda isə Ramazan ayının başlanması ilə əlaqədar fətvanın verilməsi Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) hüququdur. Onların fətvasına əsasən isə Ramazan ayı iyulun 10-dan başlayır.
Qeyd edək ki, ötən gün QMİ 2013-cü il üçün Ramazan (orucluq) ayının təqvimini açıqlayıb. Buna əsasən, hicri təqvimi ilə 1434-cü il Ramazan ayının ilk günü miladi tarixlə iyulun 10-a təsadüf edir. Azərbaycan Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycanda Ramazan bayramı avqustun 8-9-da qeyd olunacaq.
QMİ-nin Fətva şöbəsinin müdiri Hacı Mirəziz Seyidzadə APA-ya açıqlamasında isə rəsədxananın açıqlaması ilə razılaşmayıb. O bildirib ki, bu məsələnin Şamaxı Astrofizika Rəsədxanasına aidiyyəti yoxdur: “Onların Ayla nə işi var? Onlar heç bilmirlər oruc nə deməkdir”.
QMİ-nin təqvim hazırlayarkən hansı mənbəyə, araşdırmaya əsaslanması ilə bağlı suala M.Seyidzadə belə cavab verib: “Dünyanın yarısı ayın 9-u deyir, yarısı da 10-u. 10-u deyən biz, İran və bizimlə bərabər təxminən 100-ə yaxın ölkədir. Hansı ki burada üfüq bərabərliyi söhbəti var. Bizim öz hesablamalarımız, qanunlarımız var. O qanunlarla tərtib etmişik. Səudiyyə Ərəbistanı, Türkiyə ilə bizdə fərq var. Onlar ayın 9-dan, biz isə 10-dan götürürük”.
Şamaxı Astrofizika Rəsədxanasının QMİ ilə eyni ölkədə fərqli təqvim açıqlamasına isə İdarə rəsmisinin reaksiyası belə olub: “Şamaxı Rəsədxanası nə vaxtdan dini işlərlə məşğul olur? Gedib öz işləri ilə məşğul olsunlar. Onların hesablaması ilə bizimki düz gəlmir. Bizim mənbələrimiz dini mənbələrdir, daha bunu bu qədər çək-çevirə salmaq olmaz. Fətva verilib ki, 10-dan başlayırıq, vəssalam, qurtardı getdi! Biz şəriətlə gedən adamlarıq, təqvim, hesablamalar isə tamam başqa şeylərdir!”
QMİ rəsmisi deyib ki, Rəsədxananın və digər elmi mərkəzlərin hesablamaları da yanlışdır: “Onların hesablamalarına görə, heç Avropa ölkələrində ay vaxtında görünməyəcək. Şamaxı Rəsədxanası nə ilə hesablayır bu ayı? Oturub öz münəccimliklərini eləsinlər, mənimlə nə işləri var? Bizim şəriətimiz də buyurur ki, ayın başlanması münəccimlərin deməyi ilə sübut olunmaz! Qoy onlar öz mexanizmi ilə oruc tutsunlar, biz də öz mexanizmimiz ilə oruc tutaq”.
M.Seyidzadə bildirib ki, Azərbaycanda Ramazan ayı İranla eyni vaxtda başlayır: “Biz ancaq İranla eyni üfüqdəyik və ancaq ora ilə eyni vaxtda başlaya bilərik. İranla bizim üfüqlərimiz bərabərdir və onlara əsasən də təqvimi hazırlayıb vermişik”.
Qeyd edək ki, eyni fərqlilik ötən il də qeydə alınıb. Nəticədə isə QMİ tərəfindən qəza namazı qılınıb. Lakin QMİ rəsmisi M.Seyidzadə bunu təkzib edib.