İmişli rayonunun Göbəktala kəndində yaşayan müharibə və əmək veteranı İbrahim İsmayılov vəfat edib. Lent.az-ın modern.az saytına istinadən məlumatına görə, mərhum “Axırıncı aşırım” filmindən tanınan Qəmlonun (əsil adı Qəmbəralı olub) oğlu olub.
Qeyd edək ki, İbrahim İsmayılov 1926-cı ildə ovaxtkı Ermənistan SSR-in Qarabağlar rayonunun Məngük kəndində doğulub.
“Azadlıq” radiosuna verdiyi müsahibədə o bildirmişdi ki, instituta daxil olmaq istəyərkən Qəmlonun oğlu olduğuna görə sənədləri qəbul edilməyib. Atası ömrünün sonunadək Şura hökumətinə boyun əyməsə də, onu 1944-cü ildə həqiqi hərbi xidmətə çağırıblar. Berlinədək döyüş yolu keçən İbrahim İkinci Dünya müharibəsi qurtarandan sonra daha 2 il dağılmış şəhərlərin bərpasında iştirak edib.
1949-cu ildə Ermənistanda yaşayan minlərlə azərbaycanlı kimi, İbrahimin ailəsi də Azərbaycana deportasiya olunub. O, 30 il yanğından mühafizə idarəsində işləyib. 8 övladı olub, onlardan biri vəfat edib.
İbrahim İsmayılov İmişli rayonunun Göbəktala kəndindəki el qəbiristanlığında dəfn edilib. Qəmlonun həyat yoldaşı Teyfə, qızı Mafərə də burada uyuyur.