Azərbaycanın siyasi və mədəni həyatında mühüm iz qoyan, zəngin tarixə malik Şabran qədim yaşayış məskənlərimizdən biridir. Tədqiqatlar yazılı tarixi mənbələrə və şəhərin müxtəlif hissələrində aparılan arxeoloji qazıntıların nəticələrinə əsaslanaraq, burda hələ eramızdan əvvəl yaşayış məskəni olduğunu müəyyənləşdirib. XVIII əsrdən etibarən isə Şabran tamamilə tənəzzülə uğrayıb və bu günümüzə qədim şəhərin xarabalıqları gəlib çıxıb. Şabran xarabalıqlarında arxeoloji kəşfiyyat işlərinə ilk dəfə 1935-ci ildə başlanılıb. Qısa fasilədən sonra 1939-cu ildə qazıntılar davam etdirilib. Arxeoloji tədqiqatların ilk dövrlərində şəhərin ərazisi təxminən 40 hektar hesab olunurdu. Son tədqiqatlar nəticəsində isə Şabran çayın hər iki sahilində binə-bölgə bağlamış bu qədim yurd yerinin 110 hektardan çox bir ərazini əhatə etdiyi müəyyənləşib.
Qoruğunun baş elmi işçisi Şirəli Şirəliyev bildirir ki, 17-ci əsrdə türk səyyahı Övliya Çələbi burada olub: O, yazır ki, Şabranda 70 məhəllə, hər məhəllənin öz məscidi olub. 1386-cı ildə döyüşdən qayıdan Əmir Teymura Şirvanşah birinci İbrahim məhz Şabranda qonaqlıq verib”.
2003-cü ildə Heydər Əliyevin sərəncamı ilə Şabran şəhəri tarixi mədəniyyət qoruğu elan edilib. Qoruqda müxtəlif dövrlərə aid 150-dən artıq tarixi və mədəniyyət abidəsi var. Bu il qoruğu 2046 turist ziyarət edib. Onlardan 250 nəfəri əcnəbidir. Qoruğunun direktoru Məmmədmusa Məmmədov bildirir ki, turistlərin sayı ildən-ilə çoxalır. Amma qoruğunun ərazisində restavrasiya işləri görülmədiyindən turistləri tarixi abidəyə daha çox cəlb etmək hələ ki, mümükünsüzdür. Buna görə də yaxın vaxtlarda qoruğun ərazisində təmir işlərinə başlanılacaq və inzibati bina tikiləcək.
Şabran tarix mədəniyyət qoruğunun direktoru Məmmədmusa Məmmədov bildirir ki, 2012-ci ildən başlayaraq hər avqustun 1-dən 31-dək burda qazıntılar aparılır. İntensiv qazıntılar nəticəsində aşkar olunmuş çörəkçilərin məhəlləsi, su xətti , onların yaşayış binaları aşkarlanıb.
2010-cu ildən Dəvəçi rayonunun adı dəyişdirilib və tarixi adı Şabran geri qaytarılıb.
Vəli Turan, APA TV