Səbail rayon hüquq mühafizə orqanlarının həyata keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud şəkildə pozmaqla piyadanın ölümünə səbəb olan və hadisə yerindən qaçan sürücünün müəyyən edilərək məsuliyyətə cəlb olunması təmin olunub. Bakı şəhər Prokurorluğundan Lent.az-a verilən məlumata görə, yanvarın 28-də saat 05 radələrində Səbail rayonunun 20-ci sahə ərazisində naməlum avtomobilin sürücüsü yol hərəkəti qaydalarını pozaraq yolu keçən piyada Əsgərova Fəridə Ağababa qızını vurub hadisə yerindən qaçıb və sonuncu aldığı xəsarətlərdən vəfat edib. Həmin faktla bağlı rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.
Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin «VAZ 21061» markalı «44-BB-282» dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Süleymanov Ramil Bağır oğlu tərəfindən törədilməsinə kifayət qədər şübhələr yarandığından o, tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə istintaq davam etdirilir.