Dekabrın 12-i Azərbaycan Milli Hökumətinin yaranmasının 69-cu ildönümüdür. Lent.az-ın məlumatına görə, həmin hökumətini qurulmasında əvəzsiz pol oynamış Azərbaycan Demokratik Firqəsinin sədri Əmrəli Lahrudi Əhmədoğlu dekabrın 5-də vəfat edib.
Əmrəli Lahrudi 1924-cü ildə Meşkin mahalının Lari kəndində anadan olub. 1943-cü ildə İran Xalq Partiyasının ( Tudənin) üzvü olub. O, 1945-ci oktyabrın 1-də Azərbaycan Demokrat Firqəsinə üzv qəbul olunub. Həmin bilet ömrünün sonunadək saxlayıb. 1945-ci ildə Azərbaycan Demokrat Firqəsinin üzvü və Meşkin Mahal Komitəsinin sədri seçilib.
Ə.Ləhrudi Azərbaycan Milli Hökuməti dövründə Azərbaycan Demokrat Firqəsinin yerli təşkilatlarında məsul vəzifədə çalışıb. 23 yaşı olanda Firqənin Meşkinşəhr təşkilatında sədr müavini olub. Azərbaycan Milli Hökuməti qan içində boğulduqdan sonra Bakıda iki illik partiya məktəbi, Moskvada 3 illik partiya məktəbində oxuyub. Tudə Partiyasının Almaniyadakı mərkəzində 8 il Azərbaycan Demokrat Firqəsinin təmsilçisi olub.
Azərbaycanın ən şərəfli, həm qarışıq salınan dövrlərindən birinin, 1945-46-cı illərin canlı, qərəzsiz, tərəfsiz şahididir Əmirəli Lahrudi.
1979-cu ildən Azərbaycan Demokrat Firqəsinin sədri vəzifəsində çalışırdı.
4 il öncə 86 illiyi ilə bağlı Lent.az-da onunla etdiyimiz söhbətdən bir hissənin diqqətinizə çatdırırq.
“Siz Meşkində anadan olmusunuz. O yerləri necə xatırlayırsınız, yadınıza düşürmü?
- Mən Meşkinin Lari kəndində anadan olmuşam. İrandan bura 23 yaşımda gəlmişəm. Gələndən sonra oralar tez-tez yuxuma girərdi. Qorxulu yuxular görərdim, Görürdüm ki, məni yanar təndirə atırlar. Düşünürdüm ki, orada qalsa idik, bizi də məhv edərdilər. Çünki o zaman 30 min insanı öldürdülər. Mən o ümidlə yaşayıram. Kəndimiz, Savalan, onun ətəyindəki sular yadımdan çıxmır. O torpağın bir qarşını qızıla da dəyişmərəm.
Bir neçə il bundan qabaq xəstələndim. Məndə belə bir təsəvvür yarandı ki, o yerləri görmək mənə qismət olmayacaq. Fikirləşdim ki, bəlkə İranın o vaxtkı prezidenti Məhəmməd Xatəmiyə bir məktub yazım. Sonra bir az vəziyyətim yaxşılaşdı. Bu fikrimdən daşındım. Düşündüm ki, hər halda Xatəmi Azərbaycan Milli Hökumətinin sevənlərdən deyil. Mənim ora belə getməyim də siyasi cəhətdən əks təsir göstərə bilər.
Burada İranın səfiri var idi Qəzai. O da adamları vasitəsi ilə İrana getməyimi təklif edirdi. Bir dəfə yığıncaqlardan birində açıq şəkildə bildirdim ki, mən İrana gedəsi deyiləm, bu söz-söhbəti yığışdırın. Çünki İrana getsəm deyəcəklər ki, «satıldı». Hələ onu demirəm ki, onlar məni döyə-döyə televiziyaya da çıxara bilərlər.
Sovet dövründə bizə çox hörmət edirdilər. Onda mənə də 3 otaqlı mənzil verdilər. Mən sədr olanda 500 adamın mənzilinin genişləndirilməsinə köməklik etdim. O dövrdə Heydər Əliyev birinci katib idi. 62 ildir buradayam. Bura da bizim üçün vətəndir. Ancaq məndə inam var ki, gedib oraları görəcəyəm. Görə bilməsəm belə gəzdiyim küçələr bu gün də gözümün önündədir.
Meşkin iki yerə bölünmüşdü. Mən Tudə Partiyasının Şərqi Meşkin şöbəsinin sədri işləmişəm. Firqə yarandıqdan sonra onun Meşkin şəhərdəki şöbəsində çalışmağa başlamışam. Sədr isə o zamanın tanınmış ziyalılarından biri, yazıçı, varlı bir şəxs Zəbiulla Mirzə İsmayıl idi. Mən onun ictimai əlaqələr üzrə müavini olmuşam. Sonra onu Zəncana köçürdülər. Zəncanı qoşun tutanda qaça bilmişdi. Təbrizdə mən 6 aylıq hüquq kursu keçirdim. Gəlib mənə dedi ki gedim oradan. Cavab verdim ki, bəs, burada Milli Hökumət var, heç kim bura girə bilməz. Sonra Meşikinə getdi. Kəndimizdə Şeyx Poladi var idi. Şeyxin saqqalının yolub, Meşkinin meydanında dara çəkib, tikə-tikə etmişdilər. Mirzə İsmayılın isə qollarını kəsib, öldürmüşdülər...