GÜNÜN ŞƏRHİ
“Kimin nefti daha ucuzdur” oyunu OPEK-ə daxil olmayan ölkələr neft hasilatını aşağı salana kimi davam edəcək. Səudiyyə Ərəbistanının Asiyaya ucuz, Avropa və Amerikaya bahalı neft satmaq siyasəti buna hesablanıb. Bu siyasətin hədəfi neft bazarında OPEK-in payını, paralel olaraq təsir imkanlarını artırmaqdır. Bir müddət əvvəl “Neftin qiyməti 200 dollara qalxa bilər, əgər...” deyərək ard-arda şərtləri açıqlayan Səudiyyə Ərəbistanı yürütdüyü siyasətin nəticə verəcəyinə əmin kimi görünür. Qiymətləri daha da ucuzlaşdırmaq ABŞ, Norveç və Rusiya kimi hasilatı artırmış ölkələr geri çəkilənə kimi davam edəcək. Bu səbəbdən hazırda “neftin qiyməti 20 dollara düşsə də bizə sərf edir” bəyanatı, “qiymət 200 dollara qalxa bilər, əgər...” bəyanatından daha real görünür... Amma... Burada bir əmma var... OPEK-in digər üzvləri Səudiyyə Ərəbistanının qiymətləri bilərəkdən endirmək siyasətini sonadək dəstəkləyəcəkmi? Qiymətlərin ucuzlaşması gəlirlərin azalması deməkdir və “indiki itkiləri bazarda payımızı artırdıqdan sonra kompensasiya edəcəyik” vədi OPEK-in digər üzvlərinə inandırıcı görünməyə bilər. Çünki qiymətləri ucuzlaşdıran Səudiyyə Ərəbistanı həm də OPEK-dəki müttəfiqlərini Çin bazarından sıxışdırmağa başlayıb. Həm külli miqdarda neft gəlirlərindən, həm də Çin kimi böyük alıcıdan məhrum olmaq Körfəz ölkələrinin maraqlarını ciddi şəkildə zərbə altına qoyur. Onların öz haqlarını tələb etmək üçün OPEK-in iyun toplantısını gözləyəcəyi isə inandırıcı görünmür.
Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 6 Fevral
103