Nazir sürüşmə ilə bağlı görülən işlərdən danışıb
Su anbarları üzərində avtomat monitorinq şəbəkəsinin qurulub
Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən Nazirlər Kabinetinin Abşeron yarımadasında subasma prosesləri və göllərin çirklənməsinə səbəb olan amillərinin müəyyən edilməsi və müvafiq müdafiə tədbirləri kompleksinin işlənilməsinə dair tapşırıqlarının icrası ilə əlaqədar göllərin ekoloji cəhətdən sağlamlaşdırılması, yerüstü və yeraltı suların idarə edilməsi və zərərli təsirlərin azaldılması qarşısının alınması məqsədi ilə kompleks tədqiqatlar aparılıb.
APA-nın məlumatına görə, bunu bu gün FHN-nin yaradılmasının 12-ci ildönümü münasibətilə dekabrın 14-də keçirilən genişləndirilmiş kollegiya iclasında fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.
K. Heydərov bildirib ki, aparılmış kompleks tədqiqatların nəticələri və hazırlanmış layihə təkliflərinə baxılıb və istifadə edilməsi üçün aidiyyəti üzrə nazirlik, icra hakimiyyəti, şirkət və səhmdar cəmiyyətlərinə göndərilib: “Eyni zamanda Suraxanı rayonunun Zığ qəsəbəsi ərazisində baş verən ekzogen-geoloji proseslərlə əlaqədar aparılmış tədqiqatlar nəticəsində hazırlanmış təkliflər Nazirlər Kabinetinə təqdim olunub. Nazirlər Kabinetinin müvafiq tapşırığı ilə həmin ərazidə yerləşən yaşayış binalarında və ətrafdakı istinad divarlarında bərpa-gücləndirmə işlərinin aparılması Fövqəladə Hallar Nazirliyinə tapşırılıb. Hazırda bu istiqamətdə işlər davam etdirilir”.
Fövqəladə hallar naziri qeyd edib ki, Abşeron yarımadasının Masazır qəsəbəsində Zəli gölünün cənub-qərb hissəsində baş vermiş sürüşmə, Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən Daşağlı gölündə suyun səviyyəsinin qalxması nəticəsində göl ətrafı ərazilərdə yerləşən evlərə yaranmış təhlükə, Xızı-Altıağac və Xızı-Qazma avtomobil yollarında baş vermiş təhlükə, Bayıl ərazisində sağ və sol yamaclarında baş vermiş sürüşmə, qırılma prosesləri ilə bağlı aparılmış araşdırmaların nəticələrinə əsasən tərtib edilmiş arayış və təkliflər aidiyyəti təşkilatlara müvafiq tədbirlərin görülməsi üçün göstəriş verilməsi ilə əlaqədar Nazirlər Kabinetinə təqdim edilib: “Bakı şəhəri Xətai rayonu Əhmədli massivində yamacın sürüşmə prosesinin stabilləşməsi və yamacın dayanıqlığının təmin edilməsi üçün kompleks tədbirlər həyata keçirilib. Yamacın dayanıqlığının artırılması məqsədi ilə drenaj quyularının istismara verilməsi nəticəsində sürüşmə sahəsində yeraltı suların səviyyəsi aşağı salınması və yamacda stabillik təmin olunub”.
K. Heydərov nəzərə çatdırıb ki, su anbarlarının texniki vəziyyətinə nəzarətin həyata keçirilməsi üçün avtomatik nəzarət sisteminin yaradılması işləri davam etdirilib: “Kür çayı üzərində olan Şəmkir, Yenikənd, Mingəçevir və Varvara su anbarlarına daxil olan və çıxan əsas su mənbələri üzərində avtomat monitorinq şəbəkəsinin qurulması başa çatdırılıb. Hazırda məlumatların avtomatik ötürülməsi və işlənməsi üzrə işlər davam etdirilir”.
188