Bərdə rayonunda 66 yaşlı kişini güllələmiş şəxs tutulub. Lent.az-ın məlumatına görə, həmyerlisini qisas zəminində güllələyən 1982-ci il təvəllüdlü Muradzadə Xosrov Xosrov oğlunun yeri müəyyən edilib və o tutularaq istintaqa təhvil verilib.
Məlumata görə, X.Muradzadənin güllələdiyi Vaqif Əvəzov 1986-cı ildə onun atasını qətlə yetirib. Həmin hadisənin üstündən 28 il ötməsinə baxmayaraq Xosrov Muradzadə illər sonra atasını öldürmüş şəxsdən qisas almağa qərar verib.
Faktla bağlı cinayət işi açılıb. Ağır yaralanmış Vaqif Əvəzovun müalicəsi davam etdirilir.
******
01.02.2014 / 19:39
Bərdədə naməlum şəxs tapança ilə 66 yaşlı kişini yaralayıb - VİDEO
Bərdə rayonunda güllələnmə hadisəsi baş verib.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, insident Bərdənin rayon mərkəzində yerləşən avtomobil yuma məntəqələrinin birində baş verib.
Belə ki, avtoyuma məntəqəsinə gələn naməlum şəxs «Makarov» markalı tapançadan burada beş dəfə atəş açıb. Xoşbəxtlikdən 5 güllədən yalnız biri Bərdə rayon sakini Vaqif Əvəzova dəyib. Boyun nahiyəsindən güllə yarası alan 66 yaşlı kişi xəstəxanaya yerləşdirilib.
Bərdə rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, yaralının vəziyyəti ağırdır.
İlkin ehtimala görə, hadisə qan davası ilə bağlı törədilib. Atəş açan şəxsin kimliyi məlum olmadığından, polis bu istiqamətdə axtarış tədbirləri həyata keçirir. Faktla bağlı Bərdə rayon Prokurorluğunda araşdırma aparılır.