Cəbhədə vəziyyət gərgin olaraq qalır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yanvarın 24-də saat 06.00 radələrində erməni kəşfiyyat-diversiya qrupu cəbhənin Tərtər rayonu istiqamətində, Qapanlı və Seysulan yaşayış məntəqələri arasında, qoşunların təmas xəttini keçməyə cəhd göstərib.
Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı nəticəsində düşmənin səngərlərimizə yaxınlaşmaq cəhdi qabaqcadan aşkar edilərək qarşısı alınıb. Qısamüddətli şiddətli atışmadan sonra erməni bölmələri geri çəkilməyə məcbur edilib.
Ön xəttə yerləşən bölmələrimiz tərəfindən aparılan müşahidələrdə düşmənin geri çəkilməsi zamanı verilən əmr və komandaların yalnız erməni dilində deyil, qeyri-erməni dilində də səsləndirilməsi qeydə alınıb.
Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində ümumilikdə 93 dəfə atəşkəs rejimi pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber, Vazaşen, Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Ağstafa rayonunun Köhnəqışlaq kəndlərində, Berd rayonunun Mosesqex, Ayqepar, Ayqedzor, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Ağbulaq, Koxanəbi, Əlibəyli kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.
Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı Əbdürrəhmanlı, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Şuraabad, Şıxlar, Cəvahirli, Tərtər rayonunun Çiləbürt, Qızıl Oba, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.