İspaniya “Barselona”sının futbolçusu Lionel Messi klubun bombardirlər siyahısında Sezar Rodrigeslə bərabərləşib. Lent.az-ın məlumatına görə, argentinalı hücumçu “Almeriya” ilə La Liqa matçında hesabı açaraq, Kataloniya komandasının heyətindəki qolların sayını 223-ə çatdırıb.
Hazırda həm Messi, həm də Rodriges “Barsa”nın rekordçuları sayılır. Digər tərəfdən, dünyanın ən yaxşı futbolçusu İspaniya çempionatları tarixində ən yaxşı bombardirlər “5-liy”inə düşüb. O, siyahıya başçılıq edən Telmo Sardan (“Atletiko”) 28 qol geridədir. Uqo Sançes (234) 2-ci, Raul Qonsales (228) 3-cü, Alfredo Di Stefano (227) isə 4-cü pillədədir.
Qeyd edək ki, “Barselona”nın 2:0 hesablı qələbəsi ilə yekunlaşan görüşdə Lionel Messi zədələnib və 3 həftəyədək sıradan çıxıb.